- “Bir neçə günə hər şey qaydasına düşəcək”
Son iki gündür ki, bəzi marketlərdə təzə toyuq əti qıtlığı yaşanır. Xüsusilə Yasamal rayon sakinləri satışda yalnız dondurulmuş toyuqların olmasından şikayətlənirlər. Dondurulmuş toyuqlar şok dondurma üsulu ilə 6 aydan 1 ilə qədər saxlanıla bildiyindən, təqvim etibarilə təzə kəsilmiş məhsuldan daha köhnə sayılır.
Məhz bu səbəbdən alıcılar keyfiyyət və dad baxımından saxlanma müddəti cəmi 5-7 gün olan təzə toyuqlara üstünlük verirlər. Satıcıların bir qismi mağazalardakı qıtlığın səbəbini “Siyəzən Broyler” quşçuluk fabrikininin istehsalı dayandırmasında görür. Yəni daxili istehsala söykənən müəssisələrin sayı bu qədər azdır ki, bircə fabrikin fəaliyyətini dayandırması qıtlığa gətirib çıxarır?
Quşçular Cəmiyyətinin sədri Mürvət Həsənov məsələyə aydınlıq gətirmək üçün Sherg.az-la fikirlərini bölüşüb:
"Ölkədə kifayət qədər toyuq əti istehsal olunur. Hazırda quşçuluq fabriklərinin anbarlarında ümumilikdə 18 min tona yaxın ət var. Ölkənin aylıq tələbatı isə təxminən 14-15 min tondur. Bu da bir aydan çox olan tələbatı qarşılayacaq ehtiyat deməkdir. “Siyəzən Broyler”, “Səba”, “Mərcan” və digər fabriklərdə hər hansı problem yoxdur. Bazara iki növ toyuq buraxılır: dondurulmuş və soyudulmuş. İstehsalçılar üçün dondurulmuş toyuğun satışı daha rahatdır. Soyudulmuş toyuğun yay aylarında saxlanması çətin olduğundan müəyyən ləngimələr yaranır. Lakin bu müvəqqəti haldır”.
M.Həsənovun sözlərinə görə, bir neçə günə hər şey qaydasına düşəcək:
“Ötən dövrlə müqayisədə bu il istehlak artdığı üçün belə müvəqqəti azalmalar müşahidə oluna bilər. Ölkədə illik toyuq əti istehlakı təxminən 10 min ton artır. Bir neçə marketlər şəbəkəsinə bununla bağlı müraciət etdim. "Araz”, “Bazarstore” və “Bravo” marketlər şəbəkələrindən toyuq əti ilə bağlı hər hansı qıtlıqla qarşılaşmadıqlarını bildirdilər. İstehsalçılar havanın istiliyi ilə əlaqədar hazırda daha çox dondurulmuş toyuqlara üstünlük verirlər".