Pensiya sistemində YENİ QAYDA TƏKLİFİ: “Vətəndaşın yığdığı pul ailəsinə qalmalıdır!”

  • Natiq Cəfərli 30 faizlik həddi “az” saydı, bu pulla kredit, təhsil və müalicə xərcləri ödənilməlidir

Hazırda cəmiyyətdə ən çox müzakirə edilən və narazılıq doğuran məsələlərdən biri pensiya kapitalı ilə bağlıdır. Qanunvericiliyə əsasən, vəfat etmiş şəxsin pensiya kapitalına yığılan vəsaitdən istifadə hüququ vərəsələrinə keçmir. Lakin Türkiyə, Yeni Zelandiya və İran daxil olmaqla, 15-dən çox ölkədə toplanmış pensiya kapitalı hesabına mənzil almaq, evi təmir etmək və ya həmin vəsaiti nağdlaşdırmaq mümkündür.

Deputat Vüqar Bayramov pensiya kapitalından vaxtından əvvəl istifadə və onun varislərə ötürülməsi ilə bağlı yeni mexanizm təklif edib. Parlamentari bildirib ki, vətəndaş vəfat etdikdə, toplanan pensiya kapitalının minimum 30 faizi onun varislərinə ötürülə bilər. Bundan başqa, qanunvericiliyə "orta pensiya kapitalı" anlayışının gətirilməsi təklif olunur. Bu yanaşma, vətəndaşa tələb olunan pensiya kapitalını təmin etdikdən sonra artıq toplanmış vəsaitdən pensiya yaşına çatmadan istifadə etmək hüququ verəcək.

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a bildirib ki, xalqın rifahı prioritet məqsəd olmalıdır:

“İllər boyu Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyimiz vəsaitlər məhz bizə məxsusdur. Nəinki vəfat etdikdən sonra, elə sağlığında belə vətəndaşa bu vəsaitlərdən istifadə etmək imkanı yaradılmalıdır. Əgər vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, fondda yığılan vəsait qanuni varislərinə çatmalıdır. Təklif olunan 30 faizlik hədd olduqca azdır. Vətəndaşın sosial maraqlarını tam təmin etmir. Nağd şəkildə olmasa da, həmin vəsaitdən kreditlərin, övladların və ya nəvələrin təhsil haqlarının, səhiyyə və müalicə xərclərinin ödənilməsi üçün istifadəyə mütləq imkan yaradılmalıdır. Belə bir mexanizmin formalaşdırılmasına çox ciddi ehtiyac var. Şəxsən özüm hələ 10 il bundan əvvəl oxşar təkliflə çıxış etmişdim”.