8 aya hazırladığı miniatür avtobus böyük marağa səbəb oldu

Türkiyənin Bursa şəhərində yaşayan 59 yaşlı poliurea örtük ustası Hikmət Sunqur gənclik illərinin arzusunu gerçəkləşdirərək 10 nəfərlik komandası ilə birlikdə hazırladığı miniatür avtobusla diqqət çəkib.

Sherg.az xəbər verir ki, Sunqur vaxtilə idarə etdiyi avtobusun kiçildilmiş modelini hazırlamaq qərarına gəlib. O və komandası 44 nəfərlik orijinal avtobusun bütün detallarını dəqiqliklə hazırlamaq üçün 8 ay fasiləsiz çalışıblar.

Şassidən pəncərələrə, salonundan xarici görünüşünə qədər bütün hissələr əl əməyi ilə hazırlanıb. Nəticədə 3 nəfərlik miniatür avtobus istifadəyə hazır vəziyyətə gətirilərək sınaq yürüşündən də uğurla keçib.

Miniatür avtobusuna böyük qayğı ilə yanaşan Hikmət Sunqur hər gün onun təmizliyini və texniki qulluğunu edir, həftənin müəyyən günlərində isə onunla şəhər gəzintisinə çıxır.

Sunqur bildirib ki, layihəni əvvəlcə yalnız öz peşə qrupunu tanıtmaq məqsədilə hazırlayıb:

"Bu avtobusun bu qədər maraq görəcəyini heç düşünmürdüm. Sosial şəbəkələrdə çoxlu rəylər aldım, hər kəs layihəni bəyəndi. Bu, məni çox sevindirdi."

Onun sözlərinə görə, layihənin hazırlanması xüsusilə son üç ayda çox vaxt apardığından ailəsinə kifayət qədər vaxt ayıra bilməyib. Buna baxmayaraq, gələcəkdə həyata keçirmək istədiyi başqa layihələrinin də olduğunu qeyd edib.:::