Amerikalı fizik xiyar vasitəsilə işıq əldə etməyin mexanizmini araşdırıb - FOTO

ABŞ-nin Portlend Universitetində çalışan mühəndis-fizik Coşua Mendez Harper xiyarla turşusu ilə qeyri-adi təcrübə aparıb. O, tərəvəzin elektrik təsiri altında niyə işıq saçdığını araşdırıb və nəticələrini Amerika Elektrostatika Cəmiyyətinin sessiyasında təqdim edib.

Təcrübə necə aparılıb?

Sherg.az xəbər verir ki, təcrübə zamanı xiyarın müxtəlif tərəflərinə elektrik şəbəkəsinə qoşulmuş iki elektrod yerləşdirilir. Nəticədə xiyar tüstüləməyə və fışıltı çıxarmağa başlayır. Təxminən bir dəqiqə sonra onun uclarından biri parlaq sarı işıq saçır. Bu proses təxminən iki dəqiqə davam edir. Elektrik təsiri dayandırılmadıqda isə xiyarın daxili hissəsi həddindən artıq qızır və nəticədə yanaraq kömürləşə bilər.

Xiyar niyə işıq saçır?

Mütəxəssislərin fikrincə, turşu xiyarın elektrik keçiriciliyi onun tərkibindəki duz məhlulu ilə bağlıdır. Duz suda natrium və xlor ionlarına ayrılır, bu ionların hərəkəti isə elektrik cərəyanının yaranmasına imkan verir.

İşığın sarı rəngi duzun tərkibindəki natriumla əlaqələndirilir. İşığın yalnız bir ucdan görünməsi isə suyun elektroliz zamanı hidrogen və oksigenə parçalanması ilə izah olunur. Hidrogen mənfi elektrodun yaxınlığında ayrılır.

İşığın yaranma mexanizmi ilə bağlı iki əsas fərziyyə mövcuddur. Birinciyə görə, xiyarın daxilindəki maye qızaraq buxar boşluğu yaradır və elektrik boşalması nəticəsində qığılcım əmələ gəlir. İkinci fərziyyəyə əsasən, yüksək temperaturun təsiri ilə hidrogen alışır.

Harperin təxminən yüz xiyar sərf edərək apardığı təcrübələr hər iki mexanizmin prosesdə iştirak etdiyini göstərib: əvvəlcə buxar boşluğu yaranır, sonra elektrik qığılcımı həmin boşluğu yararaq hidrogenin alışmasına səbəb olur.

Kartofdan radio hazırlamaq mümkündürmü?

Məqalədə qida məhsullarının radioqurğularla bağlı təcrübələrdə istifadəsinə də toxunulur. Müəllif kartofdan radioqəbuledici hazırlamaq cəhdlərini nümunə göstərir. Bununla belə, belə qurğunun işləməsi üçün antena, torpaqlama və uyğun radioelementlər tələb olunur.