İkinci Dünya müharibəsi illərində Böyük Britaniyanın həyata keçirdiyi qeyri-adi təbliğat kampaniyası nəticəsində bu gün də geniş yayılan "kök gözləri gücləndirir" fikri formalaşıb.
Sherg.az xəbər verir ki, məlumata görə, 1940-cı illərdə Britaniya Kral Hərbi Hava Qüvvələrinin gecə əməliyyatlarındakı uğurları əslində məxfi radar texnologiyası ilə bağlı olsa da, hökumət bu üstünlüyü gizlətmək üçün pilotların çoxlu kök yediyini və buna görə qaranlıqda daha yaxşı gördüyünü iddia edib.
Bu kampaniya təkcə Alman kəşfiyyatını çaşdırmaq məqsədi daşımırdı. Müharibə dövründə ərzaq qıtlığı səbəbindən kök asan əldə olunan məhsullardan biri idi və hökumət əhalini onu daha çox istehlak etməyə təşviq edirdi.
Müasir elm göstərir ki, kökdə olan beta-karoten orqanizmdə A vitamininə çevrilərək göz sağlamlığını dəstəkləyir və A vitamini çatışmazlığı olan insanlarda gecə görməsini yaxşılaşdıra bilər. Lakin sağlam insanın daha çox kök yeməsi onun qaranlıqda fövqəladə görmə qabiliyyəti qazanmasına səbəb olmur.
Beləliklə, "kök gözləri gücləndirir" ifadəsi müəyyən elmi əsasa malik olsa da, onun bu qədər məşhurlaşmasının əsas səbəbi İkinci Dünya müharibəsi dövründə Britaniyanın məxfi radar texnologiyasını gizlətmək üçün apardığı uğurlu təbliğat kampaniyası olub.