Meksika sahillərində aparılan yeni araşdırma qatil balinaların (orka) ov zamanı olduqca qeyri-adi davranış nümayiş etdirdiyini üzə çıxarıb.
Sherg.az-ın məlumatına görə, alimlər müəyyən ediblər ki, orklar dünyanın ən iri sümüklü balığı sayılan okean günəş balığını parçalamaq üçün onu sanki frizbi kimi bir-birlərinə ataraq ovlayırlar.
Tədqiqat zamanı müşahidə olunub ki, bir orka ovunu ağzında daşıyarkən digər orka sürətlə ona yaxınlaşır. Son anda balıq buraxılır və güclü toqquşma nəticəsində ov parçalara ayrılır. Daha sonra sürünün digər üzvləri həmin parçaları yeyirlər. Tədqiqatçılar bu koordinasiyalı davranışı futbol komandasının oyununa bənzədirlər.
Alimlərin fikrincə, dişi orklar bu üsuldan balalarına ov etməyi öyrətmək və ya sadəcə oyun məqsədilə istifadə edə bilərlər. Mütəxəssislər hesab edirlər ki, bu davranış nəsildən-nəslə ötürülən bir növ mədəni vərdiş ola bilər.