Ev pişiyi ilə müntəzəm ünsiyyət qurmaq və onun diqqət cəlb etmək cəhdlərinə həssas yanaşmaq heyvanın özünü daha inamlı və sakit hiss etməsinə kömək edir.
Sherg.az xəbər verir ki, bu barədə pişik davranışları üzrə tədqiqatçı, Kioto Universitetinin əməkdaşı Saho Takagi RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, sahiblər ev heyvanı ilə danışmağı laqeyd yanaşmamalıdırlar. Çünki son tədqiqatlar göstərir ki, pişiklər insanların nitqini qəbul edir və ona diqqətlə qulaq asırlar.
"Pişiklə aktiv şəkildə danışmaq lazımdır. Artıq aydın olur ki, pişiklər həqiqətən də insanların danışığını dinləyirlər", - deyə Takagi bildirib.
Ekspert əlavə edib ki, sahibinin gündəlik rejimində baş verən dəyişikliklər pişiyin vəziyyətinə təsir göstərir. Bununla belə, pişiklər günün böyük hissəsini yataraq keçirdikləri üçün bu cür dəyişikliklərə düşündüyümüz qədər həssas olmaya bilərlər.
Takaginin sözlərinə görə, pişiyin özü ünsiyyət qurmağa çalışdığı anlara xüsusi diqqət yetirmək vacibdir.
"Əgər pişik, məsələn, miyoldayaraq sığal və ya diqqət istəyirsə, sahibinin buna tez reaksiya verməsi onun özünü təhlükəsiz hiss etməsinə kömək edə bilər", – deyə alim qeyd edib.
Yaponiya pişik saxlama mədəniyyətinin ən inkişaf etdiyi ölkələrdən biri hesab olunur. Yaponiya Ev Heyvanları Yemi Assosiasiyasının məlumatına görə, 2025-ci ildə ölkədə təxminən 8,8 milyon ev pişiyi, 6,8 milyon ev itinə qarşı qeydə alınıb.
Bundan əlavə, Yaponiyada pişik kafeləri (cat cafe) geniş populyarlıq qazanıb. Həmçinin "pişik adaları" kimi tanınan və pişiklərin əsas yerli görməli yerlərdən birinə çevrildiyi adalar hər il çoxsaylı turistləri cəlb edir.