Vahidə xanım deyən olmadı

"Fəxrəddinin olmaması mənim üçün yetimçilik olardı"


Xalq artisti Fəxrəddin Manafovun ailəsinə ağır itki üz verib.
Məşhur aktyorun Xalq artistinin həyat yoldaşı Vahidə Sadıqova 65 aşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Vahidə xanımın son günlərdə səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib və dünən gecə saatlarında həmin xəstəxanada vəfat edib. 
Qeyd edək ki, o, Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. 
Onu da deyək ki, mərhum Azərbaycan Dövlət Televiziyasında diktor vəzifəsində çalışıb.
Xalq artisti F.Manafov həyat yoldaşının ölümü ilə bağlı açıqlamasında bu sözləri deyib:
 “Allah rəhmət etsin. Nə demək olar? Hamımıza çox ağırdır”.

"Şərq" olaraq məşhur xalq artistinin xanımı Vahidə Sadıqova ilə bağlı xatirələri araşdırıb tapdıq, onların bəzilərini təqdim edirik.

Məlum olduğu kimi onların uşaqları olmayıb. Aktyorun xanımı isə müsahibələrinin birində jurnalistin "artıq neçə ildir ailə qurmusunuz, amma övladınız yoxdur" - sualına belə cavab vermişdi:

"Uşağın olmamasının səbəbi məndədir. Fəxrəddin isə dahi insandır. O bunu qətiyyən problem etmir. O, uşaq problemini həll edə bilər. Amma bu barədə eşitmək belə istəmir. Mən Fəxrəddinə təklif etdim ki, uşağa görə başqasıyla evlənsin. O dedi ki, səndən olmayan övlad mənə lazım deyil"...  Bir-birinə bir ömür sadiq qalan cütlüyün birgə həyat yolu 1979-cu ildən başlayır. Təqribən 42 il sonra Vahidə xanım ömründə ilk dəfə olaraq Fəxrəddin Manafovu əbədi tərk edir. 

Vahidə xanım Fəxrəddin bəylə evliliklərindən bəhs edərkən belə deyirdi:

"Biz onunla 1987-ci ildə ailə qurmuşuq. O da, mən də azad adamlar idik. Ona görə də inanmırdıq ki, bu birgəlik uzun çəkəcək. Ona görə toy da etmədik. Amma sonra necəsə əbədi oldu. Məncə, bizim düşüncələrimiz üst-üstə düşürdü. Fəxrəddinin olmaması mənim üçün ən pis yetimçilik olardı". 
Fəxrəddin Manafov indi Vahidə xanımsız fani dünya ilə üz-üzə, Vahidə xanım isə  Fəxrəddinsiz ədəbi dünyadadır. Kim bilir, bəlkə də cismlər ayrı olsa da ruhlar və ürəklər birləşib?!

Allah rəhmət eləsin!

Ağarza Elçinoğlu