Xarıbülbül festivalı sübut etdi:“Dövlətimiz bölgədə dirçəlişin, mədəni rifahın və...”

“Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarı bülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.
Deputatın sözlərinə görə, bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək:

“Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Zamanında bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə ən sanballı mədəniyyət tədbirlərindən biri sayılırdı. Bildiyimiz kimi "Xarı bülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.

Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu. Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarı bülbül" festivalının bərpa olunması bir daha dünyaya sübut edir ki, Azərbaycan dövləti  bölgədə dirçəlişin, mədəni rifahın və quruculuğun  tərəfdarıdır”.

Parlament üzvü vurğulayıb ki, artıq Şuşada yeni həyat başlayır:

“Əminliklə vurğulamaq istərdik ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Mədəniyyət və incəsənət xadimləri bu festivalda toplaşacaqlar. Bir sözlə, Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması, Şuşada muğam müsabiqələrinin və festivalların keçirilməsi ölkənin mədəni həyatında vacib rol oynayacaq.

Eyni zamanda Şuşada Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması mühüm simvolik məna kəsb edir.

İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik”.

İndi bizim qarşımızda istər dövlət olaraq, istərsə də millət olaraq bir vəzifə dayanır. Cənnət Qarabağımızı dirçəltmək. Qısa müddət ərzində ölkə rəhbəri tərəfindən verilən qərarları analiz etdikdə əminliklə deyə bilərik ki, çox qısa zamanda işğaldan azad edilmiş ərazilər abadlaşacaq, həmin torpaqlara həyat yenidən dönəcəkdir”.