"Azərbaycan nə vaxt birinci yer istəsə, onda "Eurovision"a gedəcəm" - Tünzalə Ağayeva 


"Avropa artıq son illər məhz Avropaya səs verir. Ümumi götürəndə ki, son illər hansı ölkələr qalib gəlir... Yəni Avropa sanki özü-özünə daha çox maraqlıdır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva İctimai Televiziyada yayımlanan "Sabaha saxlamayaq" proqramında olub. Müğənni "Eurovision 2021"in nəticələri ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, müsabiqəyə gedəcək komanda yerli mütəxəssislərdən ibarət olmalıdır:

"Yəqin ki, vaxtı gəlib çatıb ki, biz qərarları özümüz verək, xarici vətəndaşlar, xarici fokus qruplar yox. Bundan sonra mahnı, obraz, bir çox şeylərin seçimində söz üstünlüyü daha çox Azərbaycanda olsun. Bəli, mən dünya təcrübəsini, “Avroviziya”nın istiqamətini və digərlərini başa düşürəm, amma yəqin ki, bugünkü nəticə bizə bir daha siqnal oldu. Biz bir az texnologiyanı dəyişməliyik".

Tünzalə "Eurovision"a yalnız bir şərtlə gedəcəyini söyləyib:

"Deyirlər ki, siz getmək istəyərsinizmi? Mən çox açıq söz deyirəm – Azərbaycan nə vaxt birinci yeri istəsə və o zaman o il mənə düşsə, qaça-qaça gedərəm. Bilərəm ki, birinci yeri gətirəcəyəm. Çox açıq şəkildə deyirəm”.

Qeyd edək ki, Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edən Samirə Əfəndi 20-ci pillədə qərarlaşıb.