Azərbaycanlı rejissorun filmi Fəcr Festivalında nümayiş olunacaq

Gənc rejissor Lətif Lətifsoyun “Anya” adlı ilk qısametrajlı filmi 38-ci Fəcr Beynəlxalq Film Festivalının iki əsas müsabiqə bölməsindən biri “Eastern Vista”ya seçilib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə film eksperimental-sənədli janrdadır.
Filmdə əvvəlki həyatında bir kənddə rus dili və ədəbiyyatı müəlliməliyi edən yaşlı Anyanın həyatından epizodlar təqdim edilərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs olunur.

Filmin xronometrajı 12 dəqiqədir.

Festivalın 38-ci buraxılışı bu ilin 26 May - 2 İyun tarixlərində İranın Tehran şəhərində keçiriləcək. Festival Asiya, Avropa və Böyük Orta Şərqdə ən prestijli və nüfuzlu festivallardan biri hesab olunur.