“Hər kəsin “YAŞAT” marafonuna qoşulacağına inanıram” – Birlikdə yaşadaq ! 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək. Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək  “YAŞAT” Fonduna ianə etməyə çağırışdır. Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək  olacaq, onların xoş xatirələrini yada salacaqlar. Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan  Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.


Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər.  Eyni zamanda “YAŞAT” Fondunun qısa müddətdə gördüyü işlər barədə hesabat təqdim olunacaq.

Xalq artisti Afaq Bəşirqızı “Sherg.az”a açıqlamasında bu təşəbbüsü yüksək qiymətləndirdiyini dedi:

“Əlbəttə, təqdirəlayiqdir.. Fikrimcə, qazilərimizə, şəhid ailələrinə dəstək olmaq hər birimizin borcudur. Hər kəsin bu marafona qoşulacağına inanıram”.