Özümüz olaq...

Niyə "Səs Azərbaycan"da milli musiqimiz ingilisdilli musiqiyə yenilməlidir?

"Anqlo-sakson musiqisinə “bağlılığın” səbəbi “full” görünmək istəyindən doğur bəlkə də. Yəni biz belə müasirik, dünya musiqisini bilirik, ingilis mahnıları bizim üçün bir udum sudur və sair...  belə “krutoy”uq"


Belə qənaət yarana bilər ki, “Səs Azərbaycan”ı, deyəsən,  Con de Mol (“Səs”in yaradıcısı, hollandiyalı mediamaqnat) şəxsən izləyir. Gözü Azərbaycanda keçirilən “Səs” yarışmasındadı; görüm kim nə oxuyur, necə oxuyur?.. “Səs Azərbaycan”ın münsifləri də məhz bunu bildiklərindən dəridən-qabıqdan çıxırlar, təki komanda üzvlərini bu hollanda bəyəndirsinlər. Və buna görə də yarışmanın repertuarını ingilis mahnıları ilə doldururlar. 

Söhbətin nədən gedəcəyini bildiniz artıq. “Səs Azərbaycan”da ingilisdilli mahnıların çoxluq təşkil etməsi şəxsən məni izləyici kimi qane etmir. Bəyənmirəm, xoşuma gəlmir. Yarışmanın adı “Səs Azərbaycan”dır! “Səs İngiltərə”, “Səs Niderland”... “O ses Türkiye” də deyil heç. Amma nə görürük?  Səhnəyə çıxan ingilis mahnısı oxuyur. Gah da Türkiyə bəstəkarlarının, sənətçilərinin məşhur mahnılarını ifa edirlər. Məşhur ifadəsini bilərəkdən yazdım. Bəli, ifa edilənlər dünyada məşhurdur, sevilən mahnılardır. İstər ingilisdilli olsun, istər Türkiyə türkcəsində. Amma Azərbaycan musiqisi deyil. Demirəm, “Səs”də Azərbaycan mahnıları ifa edilmir. Edilir. Həm də ustalıqla. Azdır amma. İngilisdilli mahnılarla müqayisə edəndə, az görünür. Xarici mahnılar ağır gəlir. “Səs” yarışmasını mütəmadi izləmək imkanım olmayıb. 

Görmədən seçimlərin bəzilərinə baxırdım. Onda da seçimə gələnlərin əksəriyyəti ya ingilis dilində ifa edirdi, bəzisi ispan, latın amerikan mahnısı oxuyurdu. Yenə təkrar edirəm, Azərbaycan bəstəkarlarının mahnıları ifa edilir. Lakin hər 2 iştirakçıdan biri ingilis dilində oxuyanda, nisbət dəyişir artıq. Məhz Azərbaycan musiqisinin əleyhinə dəyişir. İngilis musiqisi dominantlaşır. Şəxsən bu fikirdəyəm ki, xüsusilə seçim turlarında yalnız Azərbaycan musiqisi ilə səhnəyə çıxılmalıdır. İştirakçılar – “Səs” yarışmasına iddiaçılar məhz Azərbaycan – milli musiqi ilə səs imkanlarını nümayış etdirməlidir. 

Nə görüblər, ingilis mahnılarında? Yəni dünyada Azərbaycan musiqisini üstələyə biləcək musiqi varmı? Bütün çalarları, rəngarəngliyi, genişliyi, janrları... hər bir çeşidi ilə. Muğam bizdə, xalq musiqisi bizdə, estradası, kamera musiqisi, cazı, operası, “müzik-holl”u... Nə deyirsiz, nə istəyirsiniz var! Özündə olmayanı başqa ölkədən gətirməyə çalışarsan. Bir şey ki səndə var, niyə özgəsinə “göz qoyasan”?!  Nə olsun ki, bu mahnılar dünyaca məşhurdur və onları dünya ulduzları ifa edib. Azərbaycan iştirakçısı, “Mən Azərbaycanın səsi olacam” iddiası ilə yarışmaya qatılan, əvvəlcə buyursun səsini  ana dilində ifa ilə nümayiş etdirsin. Xarici mahnı oxumağa vaxtı olar, hər halda. 

Ömrü də yetər, inşəllah. Sadəcə, ingilisdilli mahnılara bu qədər bağlılığa səbəb tapa bilmirəm. Seçimlər zamanı bir iddiaçı (adı yadımda deyil - M.R.) ingilis dilində mahnı ifa etdi, münsiflərdən kimsə o səsə dönmədi. İfa bitdikdən sonra Brilliant  Dadaşova iddiaçıdan başqa bir mahnı ifa etməsini xahiş etdi, o da Azərbaycan dilində mahnı oxudu. Brilliant xanım “kaş sən bu mahnını ifa edəydin. Səsin necə açıldı...” dedi. Deməli, insan təbii olanda daha çox seçilir və bəyənilir. Azərbaycan musiqisi ana dilimiz, ana südümüz kimi halaldır. Səs imkanlarına sahib iştirakçı ana dilində ifa etməklə münsiflərin də rəğbətini qazanar, tamaşıçıların da. Amma yox, səhnəyə çıxan, mikrofonu ələ keçirən ingilis mahnısı oxuyur. Bir az səbr edib düşündüm, bəlkə gənclərdi, özlərini bu cür nümayiş etdirirlər. Sonrasını gözləyək. Sonrası lap betər gəldi. Statistika aparmamışam. Buna nə vaxtım, nə həvəsim olub. 

Münsiflər özü bilir, nə qədər milli mahnı ifa edilib, nə qədər əcnəbi. Səsə (bəlkə daha çox ingilisdilli mahnılara - M.R.) dönən də onlar idi, komanda üzvləri ilə işləyən də. İzləyə bildiyim qədər, məsələn, komandada 4 iştirakçı qalan mərhələdə repertuarın 2-nin 2-yə bölündüyünü gördüm. 2 Azərbaycan, 2 inigilis mahnısı ifa edilməyə başlandı. “Balanslaşdırılmış siyasət”ə keçdilər. Nəzərə çarpan bu idi ki, Brilliant xanım digər münsiflərdən bir az  artıq Azərbaycan mahnılarına üstünlük verir, Eldar Qasımov, Murad Arif  ingilisə “stafka” edir,  Tünzalə Ağayeva da Azərbaycan-ingilis arasında “vurnuxur”. Hətta 2-nin 2-yə də qəbuledilməzdir.  

“Səs Azərbaycan”dı ee... yarışmanın adı!  Hardandı bu kelt, anqlo-sakson sevgisi?! Münsiflərə ustad deyirlər. Olsun. Həmin o ustadlar milli musiqinin əcnəbi musiqisinə yenilməyini rahatlıqla izləyir və özləri də ədalətsiz hakim rolunda çıxış edirlər. Nəticədə “Səs Azərbaycan”da milli musiqimiz boynu bükük, yetim uşağa oxşayır. Tünzalə Ağayeva tez-tez belə ifadə işlədir: “bu, onu “yeyər”, “filankəs filankəsi “yeyəcək”.

 Birincisi, xalq artistinə yaraşmayan ifadədi. İkincisi də, “Səs” yarışmasında Azərbaycan musiqisini əcnəbi musiqisinə yedirmisiniz artıq. Yem etmisiniz. Hər dəfə hansısa komandanın üzvü ingilis mahnısı ifa edəndə, ustadlar da mahnını astadan təkrarlayır və bununla da “mən bu mahnını bilirəm”, deyə, əyləşdikləri kreslodanca, bəzən də yüyürərək səhnəyə çıxıb ifaçıya şövqlə yoldaşlıq edirlər. 

Məqsədləri, yəqin “Avroviziya”dı. Kimin komandasının üzvü “Avroviziya” iştirakçısı olacaq. Bunun mübarizəsi gedir. Belədirsə, yarışmanı “Avroviziya” seçim turları” elan edin, izləyici də işini bilsin. Bir də ki, lap tutalım, “Avroviziya” yarışmasına namizəd axtarırsınız, iştirakçı yetişdirmək planınız var. 

Niyə də Azərbaycan musiqisi ilə olmasın?! Bir halda ki, musiqi sərhəd tanımır, hansı dildə ifa edilməsindən asılı olmayaraq istedad, səs imkanları, bacarıq həmən aşkara çıxır, ingilis sevgisindən əl çəkın o zaman. Bir də ki, “Avroviziya” bizim müəyyən təbəqə üçün aktuallığını hələ də qoruyur. Avropa çoxdan bezib bu yarışmadan. Xüsusilə də son illərin pandemiya və iqtisadi çöküş şəraitində, inanmıram hansısa Avropa ölkəsi “Avroviziya”ya ev sahibliyi etməyə can atsın. Bunu yalnız Ermənistan kimi görməmiş, düşük ölkələr arzulaya bilər. 

Qədim əyyamlara baş vurmaqda qınayanlar olacaq, bəlkə də. Amma deməliyəm. Nə Rəşid Behbudov, nə də Zeynəb Xanlarova dünyanı əcnəbi musiqiylə deyil, məhz Azərbaycan musiqisi ilə fəth etdilər. Heyran qoydular. Repertuarlarına səfər etdikləri ölkənin məşhur bir mahnısını daxil edirdilər. 

Xalqa hörmət əlaməti olaraq.  Eləcə də Alim Qasımov. Səfər etdiyi saysız-hesabsız ölkələrdə muğamı ingilis dilində ifa etmir. Azərbaycan dilində oxuyur! “Səs Azərbaycan” layihəsinin münsifləri özlərini kimə nümayiş etdirir? Əcnəbi mahnılarla dünyanı heyrətləndirə biləcəklərini düşünürlərsə, inandırıcı deyil. Bu mahnıları ingilislər, ispanlar, fransızlar eşidib artıq. Yenilik lazımdır  onlara. Çalışın, eşitmədiklərini təqdim edin. 

Əgər əcnəbi mahnılarla daha üstün performans sərgiləmək imkanları olduğunu əsas gətirirlərsə, heç də belə deyil. Səhnəyə rəqs qrupu çıxarmaqdan savayı guya qeyri-adi hansı göstəri nümayiş edilib ki? Azərbaycan mahnılarına da həmin rəqqaslarla istənilən rəqs nömrəsi tətbiq etmək mümkündür. Nümunələr də oldu. Həm də Azərbaycan musiqisi daxilən o qədər zəngindir ki, rəqqas, səhnəcik olmasa da ürəyə, hisslərə hakim kəsilir. Anqlo-sakson musiqisinə “bağlılığın” səbəbi “full” görünmək istəyindən doğur bəlkə də. 

Yəni biz belə müasirik, dünya musiqisini bilirik, ingilis mahnıları bizim üçün bir udum sudur və sair...  belə “krutoy”uq. Birinin saçını “Anjela Devis” edib, Tina Työrnerə oxşadırlar, birini Conatan Roya... Oxşasınlar.

Lap onlardan qat-qat üstün olsunlar. Səs imkanlarına baxanda hətta üstündürlər ki, əskik deyillər. Amma əvvəlcə özləri olsunlar. Mürəkkəb və möcüzəli milli musiqini ram etsinlər, sonra. Finalda bilmirəm nə olacaq. Milli bəstəkarlarımızdan 1-2 mahnı salacaqlar repertuara. İstənilən halda “Səs Azərbaycan”ın konkret 2021-22 buraxılışı əcnəbi musiqinin dominantlığı ilə yadda qalacaq.