Üzeyir Hacıbəyli həmişə yaşardır

Azərbaycançılıq ideyasının təbliği


Bəstəkarın demək olar ki, elə bir yazısı, çıxışı yoxdur ki, həmin nöqtəyə toxunmamış olsun

Üzeyir bəyin yaradıcılığında türkçülük və azərbaycançılıq, eləcə də, millilik və ümumbəşərilik vəhdət təşkil edib


  Musiqişünas-alim, publisist, dramaturq, Azərbaycan dövlət himninin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür. O, 1885-ci il 15 sentyabr tarixində  Şuşada anadan olub və XX əsr Azərbaycan tarixində günəş kimi parlayıb. Təəssüf ki, indi çoxları Üzeyir bəyi yalnız musiqişünas kimi tanıyır. Halbuki o, həm də böyük mətbuat fədaisi, görkəmli, istedadlı jurnalist olub. 
  Üzeyir Hacıbəylinin - "Kaspi"dən tutmuş, "Azərbaycan"a qədər olan - publisistikasını izləsək, görərik ki, bu irsin ictimai xarakteri, janr palitrası, mövzu rəngarəngliyi və toxunduğu problemlərlə çağdaş dövrümüzün gerçəklikləri arasında bir bağlılıq, paralellik özünü göstərir. Yəni bu irslə müasir dövrümüz arasında maraqlı tarixi paralellər axtarmaqla xalqı, milləti düşündürən suallara cavab tapmaq, tarixi həqiqətlərə nail olmaq mümkündür. Bir sözlə, Ü.Hacıbəylinin həyat yolu və onun zəngin fəaliyyəti, yüz il keçməsinə baxmayaraq, bizim üçün reallıq, əsərləri günümüzün gerçəkliyi, dövr, zaman fərqli olsa da, qaldırdığı məsələlər də eynisi ilə bizi bu gün də düşündürən problemlərdir.
  Kəsərli qələm sahibi olan jurnalist, incə yumora malik dramaturq, gözəl pedaqoq, elmi-nəzəri fikirləri ilə seçilən alim, yorulmaz ictimai xadim Üzeyir bəy Hacıbəylinin yaradıcılığının ana xəttini, qayəsini elə məhz istiqlalçılıq, millətçilik, vətənçilik-azərbaycançılıq təşkil edir. O, bu mövzuda məhəbbətlə yazır, düşündürür, fikirlərini əsaslandırır, tutarlı, dolğun faktlardan, mənbələrədən məharətlə istifadə edərək əsərləri ilə sanki bugünkü günümüzə ayna tutur.

Azərbaycançılıq ideyalarının təbliğində və tərənnümündə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xüsusi xidməti olub. Dünya şöhrətli bəstəkar öz musiqi və publisistik əsərlərində azərbaycançılıq mövqeyini müdafiə etmişdir. Üzeyir bəyin yaradıcılığında türkçülük və azərbaycançılıq, eləcə də, millilik və ümumbəşərilik vəhdət təşkil edib.

  Uzun illər apardığı axtarışların nəticəsi olaraq meydana çıxan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri Üzeyir Hacıbəylini həmçinin, qüdrətli musiqi nəzəriyyəçisi, tədqiqatçısı kimi də tanıdıb.  Bəstəkarın musiqimizin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı məqalələri, çıxışları bu gün də ən dəyərli mənbə kimi bizim üçün qiymətlidir. Onu da qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyov bədii yaradıcılığı ilə nəzəri fikirləri arasında ziddiyyət olan sənətkarlardan deyil. Onun musiqisi sözünü, sözü də musiqisini tamamlayır.
Üzeyir sənətində diqqəti ən çox cəlb edən cəhət xalq musiqisinə münasibət məsələsidir. Bəstəkarın demək olar ki, elə bir yazısı, çıxışı yoxdur ki, həmin nöqtəyə toxunmamış olsun. 
  Üzeyir Hacıbəylinin dahiliyi ondadır ki, xalqın qəhrəmanlığını, vətənpərvərliyini, milli qürurunu, azərbaycançılığını musiqi dili ilə ifadə edib. "Koroğlu" operası azərbaycançılıq ideyasını daha dərindən təcəssüm etdirib. Üzeyir Hacıbəyli özü "Koroğlu" haqqında belə yazır: "Koroğlu" operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodiyalarını eynilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki "Koroğlu" operası xalqın doğma musiqi dilində yazılıb. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm".
  

BDU-nun Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova dünyaşöhrətli publisist haqqında yazdığı məqalədə qeyd edib ki, Azərbaycan jurnalistikası tarixində elə şəxsiyyətlər var ki, onların mətbu fəaliyyətlərini araşdırmaqla tarixin konkret bir dövrünün həqiqət və gerçəkliklərini ortaya qoymaq mümkündür:
 - Azərbaycan müstəqillik əldə etdikdən sonra, yəni mənəvi dəyərləri qlobal surətdə yenidən qiymətləndirmə dövründə bu klassiklərə və onların yaradıcılıq fəaliyyətlərinə yenidən nəzər salınmağa başlanıldı. Azərbaycanda yenidən latın qrafikasına keçid ədəbi-bədii irsin yenidən tədqiqi üçün imkanlar yaratmaqla mətbuatın, eləcə də publisistikanın istər mövzu-ideya, istərsə də sənətkarlıq baxımından yeni baxış bucağından araşdırılması zərurətini və hər şeyə obyektiv tarixi qiymət vermək kimi təxirəsalınmaz vəzifəni ortaya qoydu.
Bu sırada əsərlərinin bir hissəsi nəşrlərdən kənarda qoyulmuş, bir hissəsi isə ixtisar edilmiş, yetmiş ildə jurnalistik və publisistik fəaliyyətinə nisbətdə musiqi fəaliyyəti daha çox qabardılan, mətbuatını, dövlətini azad və demokratik, millətini isə savadlı və dünya xalqları içərisində öz yerini tutan görmək istəyən və bunun üçün mətbuatı tribunaya çevirən şəxsiyyətlərdən biri - Üzeyir Hacıbəylinin irsinin öyrənilməsi də aktual bir problem olaraq tədqiqatçıların qarşısında duran mühüm bir vəzifə kimi qiymətləndirilməlidir.
  
A.Əzimova, həmçinin mütəfəkkirin yaradıcılığının əsas istiqamətlərindən də söz açıb:
 “Ü.Hacıbəyli millətin, məmləkətin xoşbəxtliyini mətbuatın azad və demokratik olmasında görürdü. Bu mənada onun "Kaspi"dən tutmuş "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal", "Açıq söz", "Doğru söz", "İttihad", "Tərcüman", "Təkamül", "Azərbaycan" qəzetlərində və "Molla Nəsrəddin" jurnalınadək  publisistik fəaliyyəti əhəmiyyətli yer tutur. Ümumiyyətlə, Üzeyir bəyin mətbuat səhifələrində dərc olunan iki mindən çox publisistik yazısı millətin tərəqqi və təkamülündə böyük rol oynamış, onları Cümhuriyyətə gedən bir yola istiqamətləndirib”. 

  Qeyd edək ki, Üzeyir bəy Hacıbəylinin Cümhuriyyət dövrü yazılarında dövrünün ən mühüm problemlərinin, o cümlədən, suveren dövlət və müstəqillik, demokratiya, milli maarifçilik, azad söz və mətbuat, vicdan azadlığı, erməni məsələsi, Qarabağ problemi kimi məsələlərin diqqət mərkəzində saxlanılması ilə birgə bu problemlərin çözülməsi ilə birgə məsələlərin dərin siyasi mahiyyəti ilə bağlı nəzəri fikirləri də maraq doğurur.
  Ədibin "Nə istiyorlar" , "Siyasi imtahan", "Xatimə", "İçimizdəki denikinlər", "Qarabağ hadisatı", "Səddi-İsgəndər" və eləcə də tarixi həqiqətləri özündə əks etdirən yüzlərlə yazıları bu gün Azərbaycan haqqında yazılan böhtan və iftiralara, tarixi təhriflərə qarşı Azərbaycan  ziyalılarının istinad etdikləri tutarlı cavablar və faktlardır.  Yeni qurulmuş Azərbaycan dövlətini parçalamağa, torpaqlarını ələ keçirməyə, əhalisini qırmağa can atan qəddar, quldur, hiyləgər, məkrli, təcavüzkar erməni millətinin xarakterik xüsusiyyətləri Ü.Hacıbəylinin publisistik məqalələrində tam xarakterizə olunmuş, Cənubi Qafqazda daim münaqişə ocağı yaratmaqda Qərb imperialist dövlətlərin onlardan bir alət kimi daim istifadə etdikləri tutarlı faktlarla sübut edilib. 
  Ü.Hacıbəylinin dövlətinə, vətəninə, millətinə, bayrağına sonsuz sevgisinin təcəssümü olan "Bayrağımız sarsılmaz" məqaləsi zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, gənc Azərbaycan dövlətinin haqq və azadlıq rəmzini özündə daşıyan üçrəngli bayrağımıza həsr olunub.
Bu dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolu, milli tarixi və mənəvi dəyərlərimiz sırasında biz və bizdən sonrakı nəsillər üçün qoyduğu mənəvi irs-sərvət bir daha təsdiq edir ki, özünün də müdrikcəsinə qeyd etdiyi kimi: "Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər!..".