Azərbaycan Rəssamlar İttifaqında rəssam və şair Nazim Şahın "13-cü dua" adlı fərdi sərgisinin açılışı olub.
"Report"un məlumatına görə, ekspozisiya rəssamın rəngkarlıq əsərlərini sərgi məkanına inteqrasiya edilmiş 13 müəllif şeiri ilə birləşdirir.
Layihənin kuratoru Sofiya Frankın ideyasına görə, əsərlər vahid bir ifadə - müəllifin Tanrı ilə şəxsi və açıq söhbətini təmsil edir.
Sərginin açılış mərasimində çıxış edən xalq rəssamı Aydın Rəcəbov öz nitqində Nazim Şahın istedadını və peşəkarlığını qeyd edərək, onun yaradıcılığına öz baxışını qonaqlarla bölüşüb.
Rəssam Vüqar Əli, eləcə də şair Ələsgər Talıboğlu da çıxış edərək Nazim Şahın yaradıcılığı haqqında maraqlı faktları bölüşüblər.
Layihənin kuratoru Sofiya Frank isə öz növbəsində tamaşaçılara sərginin konsepsiyası barədə danışıb.
"Dünyanı təsvir edən rəssamlar var. Bir də dünya ilə söhbət edənlər var. Nazim Şah ikincilərə aiddir, lakin onun söhbəti nə tamaşaçıya, nə də incəsənət tarixinə deyil, Tanrıya ünvanlanıb", - deyə o qeyd edib.
Sərgi avqustun 18-dək davam edəcək.
Layihə çərçivəsində avqustun 15-də saat 15:00-da sərgi üzrə kurator turu və rəssamla görüş keçiriləcək. Giriş sərbəstdir.
Qeyd edək ki, Nazim Şah 1974-cü ildə Füzuli rayonunda anadan olub. 1993-cü ildə A.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Rəssamlar İttifaqının, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1997-ci ildən beynəlxalq və respublika sərgilərində iştirak edir.
Bakıda və Antalyada (Türkiyə) fərdi sərgilər keçirib. Rəssamın əsərləri Türkiyə, ABŞ, İran, Belçika, Rusiya və Fransadakı şəxsi kolleksiyalarda yer alır.