“Bu, seçki deyildi, muskomediya tamaşası idi” - Eldəniz Quliyev

  • “1937-ci ildə məhbusa son söz verilirdi, burada ona da imkan vermədilər” 

Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi baş tutdu. Xalq artisti, əvvəlki sədr, 81 yaşlı Şəfiqə Məmmədova yenidən sədr seçildi. AKİ-də sədr seçkiləri uzun müddətdir mübahisəli idi.

Bundan öncə AKİ-nin may ayının 26-da keçirilmiş qurultayında 2 namizəddən – AKİ-nin sədri xalq artisti Şəfiqə Məmmədova və icraçı katib Əli İsa Cabbarovun namizədliyi irəli sürülüb, Əli İsa Cabbarov səs çoxluğu ilə sədr seçilmişdi. Lakin yetərsayın olmadığı əsas gətirilərək və İdarə Heyəti üzvlərindən bəzilərinin də qurultayı boykot etməsi səbəbindən Ə.İ.Cabbarovun sədrliyi təsdiqlənməmişdi. Sonra avqust ayında AKİ İdarə Heyətinin iclası təyin edildi, amma yenə baş tutmadı. Bugünki qurultayda isə yalnız bir - Şəfiqə Məmmədovanın namizədliyi irəli sürüldü. Halbuki xeyli sayda incəsənət, kino xadimi ikinci namizədin irəli sürülməsini dəstəklədiklərini bəyanatla ifadə etmişdilər. Bu, xalq artisti Həmidə Ömərova idi. Əli İsa Cabbarov isə bir müddət əvvəl AKİ-dən ümumiyyətlə uzaqlaşdığını bildirmişdi. Bəs niyə Həmidə Ömərovanın namizədliyi səs qoyulmadı? Yalnız bir, alternativsiz namizəd irəli sürüldü?   

Ssenarist və kinodramaturq Eldəniz Quliyev Sherg.az-a açıqlamasında bildirdi ki, bu, seçki deyildi: 

- Seçki olmadı ki bu! Muskomediya tamaşası idi. Oyunçuların da çoxu “marionetka” idi. Həmidə Ömərovanın adını çəkməyə də qoymadılar. Say komissiyası saymadı, heç kimə imkan vermədilər ki, bir adam desin biz alternativ namizəd də təklif edirik. İmkan vermədilər. Hətta 1937-ci il repressiyaları zamanı məhkəmədə məhbusa son söz demək imkanı verilirdi. Burda ona da imkan verilmədi. Qəribə bir tamaşa oynanıldı. Prezidiumda əyləşənlər də sanki maniken rolunu oynayırdılar. Nə mikrofon verdilər, kimsə fikrini bildirsin, bir söz desin, heç kimə danışmağa imkan verilmədi. Mən indiyədək belə seçki görməmişdim. Bu ədəbsiz bir seçki idi. Mən mat-məəttəl qaldım. Hesab edirəm ki, biz kinoya sədr seçmədik, kinonun canını almaq üçün əzrayıl seçdik.