Ən nəzakətli sürücülər bu ölkələrdədir - Araşdırma TƏƏCCÜBLƏNDİRDİ

  • Turistlərin sevdiyi ölkə “ƏN AQRESSİV SÜRÜCÜLƏR” siyahısında birincidir

Turizmin yüksək inkişaf etdiyi ölkələrdə sürücülərin daha aqressiv olduğu müəyyənləşib. Bu barədə nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib. Mütəxəssis bildirib ki, hansı ölkə sürücülərin daha aqressiv, hansılarınsa daha nəzakətli olması DiscoverCars beynəlxalq məlumat saytının keçirdiyi sorğu nəticəsində müəyyənləşib: 

- Yeni araşdırmaya görə, sürücülərin aqressiv davranışı ilə bağlı reytinqdə, nə qədər qəribə görünsə də məşhur turizm ölkələri ön sıralarda yer alıb. İtaliya mədəniyyəti, incəsənəti, tarixi, mənzərələri və mətbəxi ilə turistlərin ən çox sevdiyi ölkələrdən biridir. Lakin yol hərəkəti və xüsusilə sürücü davranışı baxımından ölkə o qədər də yaxşı nəticə göstərmir. Böyük bir sorğunun nəticələrinə əsasən, İtaliya ən aqressiv sürücülərin olduğu ölkə kimi qiymətləndirilib. Respondentlərin 23%-i İtaliyada ehtiyatsız və ya təhlükəli sürücülük davranışı ilə qarşılaşdığını bildirib. İkinci yerdə Böyük Britaniya - 11%, üçüncü yerdə isə ABŞ - 9% qərarlaşıb. Fransa və Avstraliya hər biri 5% göstərici ilə növbəti yerləri tutub. İspaniya və Türkiyə isə 4%-lə eyni nəticəni göstərib. Sorğuda yol istifadəçilərinin ən çox narazı qaldığı davranışlar da müəyyən edilib. Respondentlərin 56%-i dönmə siqnallarından istifadə edilməməsindən, 46% qarşıdakı avtomobilə həddindən artıq yaxın sürməkdən, 43% ötmə zolağında yavaş hərəkət etməkdən, 20% əyləcə qəfil basmaqdan narahat olduğunu bildirib. Bu nəticələr göstərir ki, sürücülərin aqressivliyi yalnız sürət həddinin aşılması ilə məhdudlaşmır. Gündəlik yol davranışları da digər hərəkət iştirakçılarında ciddi narahatlıq yarada bilir.

Bəs ən nəzakətli sürücülər hansı ölkələrdədir?

R.Ağamirzəyev bildirdi ki, sürücü davranışı ilə yanaşı, ölkələr üzrə ümumi nəzakət səviyyəsini qiymətləndirən başqa bir araşdırma da maraqlı nəticələr ortaya qoyub: 

- Remitly tərəfindən hazırlanan reytinqdə Yaponiya ən nəzakətli sürücüləri olan ölkə kimi birinci yerdə qərarlaşıb. Kanada ikinci, Böyük Britaniya isə üçüncü olub. İtaliya isə bu reytinqdə də aşağı nəticə göstərərək 24-cü yerdə qərarlaşıb. Ondan daha aşağı nəticə göstərən yeganə ölkə Avstriya olub. Araşdırmada respondentlərdən öz davranışlarını da qiymətləndirmələri istənilib, özlərini nə qədər nəzakətli hesab etdikləri və tanımadıqları insanlara nə qədər hörmət göstərdikləri soruşulub. Maraqlıdır ki, özünə ən aşağı qiymət verənlər yaponlar olub. Onlar öz nəzakətlərini 10 ballıq şkala üzrə orta hesabla 8,73 balla qiymətləndiriblər. Özünə ən yüksək qiymət verənlər Braziliya və Çilidədir - 9,46 bal. Onları Hindistan 9,41, İsveç və Fransa - 9,40 bal ilə izləyib. Bu araşdırmalar göstərir ki, yol hərəkəti mədəniyyəti yalnız yol infrastrukturu və nəqliyyat qaydalarından ibarət deyil. Sürücü davranışı, qarşılıqlı hörmət və yol hərəkəti mədəniyyəti də təhlükəsizliyin mühüm komponentləridir. Buna görə də yol təhlükəsizliyi siyasətində yalnız cərimə və nəzarət mexanizmlərinə deyil, sürücü davranışının öyrənilməsinə, maarifləndirməyə və yol hərəkəti mədəniyyətinin formalaşdırılmasına da diqqət yetirilməlidir.