"Bu gün radikal müxalifət partiyalarının üzvləri asan qazanc əldə etmək üçün dövlətimizin və xalqımızın milli maraqlarını satmağı özlərinin həyat amalına çevirməkdədirlər. Beş-on min dollara saxta sənədlər düzəldən, 3000 dollara AXCP-nin vəsiqəsini alan və 500 dollara da Əli Kərimli ilə şəkil çəkdirib başqa ölkələrdən sığınacaq dilənən satqınlar anti-Azərbaycan dairələrin əlində təzyiq alətinə çevriliblər". Bu sözləri Sherg.az-a “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
V.Rəhimzadə vurğulayıb ki, kütləvi kommunikasiya vasitələri ilə ölkələrin daxili işlərinə qarışmaq texnologiyası gündəmə gəlməmişdən öncə radikal müxalifətin müxtəlif ölkələrin səfirlikləri vasitəsilə maliyyələşdirilməsi və yönləndirilməsi adi siyasi mexanizmə çevrilmişdi:
“2003-cü ildə Azərbaycanda radikal müxalifətin nümayəndələrinin bəlli səfirliklər vasitəsilə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərməsi hər kəsin yaddaşındadır. Eyni zamanda, 2003-cü ildə Gürcüstanda “qızılgül”, 2004-cü ildə Ukraynada “narıncı”, 2005-ci ildə Qırğızıstanda “zanbaq” inqilabları məhz haqqında danışılan sistem üzrə baş vermişdi. Lakin bu “inqilabların” faydası oldumu? Bu gün həmin ölkələrdə vəd olunan demokratiya varmı? Qırğızıstanda bu gün də ictimai-siyasi sabitliyi bərqərar etmək mümkün olmur, Ukrayna və Gürcüstan ərazilərinin bir hissəsini de-fakto itiriblər. Müxtəlif siyasi qrupların məqsədləri naminə ayrı-ayrı ölkələrdə törədilən qarışıqlıqların həmin xalqlara hansı perspektivsizliklər vəd etdiyinin, bu gün şahidi oluruq. 2011-ci ildən etibarən isə sosial şəbəkələr və sosial media üzərindən ölkələrin daxili işlərinə qarışmaq, xüsusilə də seçkilərə təsir etmək, kütlə psixologiyası ilə oynamaq təcrübəsi formalaşdı. Misirdə, Tunisdə, Yəməndə, Liviyada, Suriyada bu cür müdaxilələrin baş verməsinin hazırda hansı nəticələrə gətirib çıxardığını da görürük. Vətəndaş müharibəsi, kütləvi qırğınlar, şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdılması, humanitar böhran, qaçqın axını və s. sosial şəbəkələr vasitəsilə insanların şüurunu yuyub demokratiya adı altında törədilən qlobal cinayətlərin “bəhrələridir”.
V.Rəhimzadə bildirib ki, Yaxın Şərqdə və Şimali Afrikada bu ssenariləri reallaşdıran imperialist qüvvələr Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrdə də qarışıqlıq yaratmaq, ictimai-siyasi sabitliyi pozmağa bəzən cəhd edirlər: “Sadəcə olaraq Azərbaycan xalqı müdrik olduğundan, son 26 il ərzində ölkəmizin keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyindən anti-Azərbaycan qüvvələrin dağıdıcılıq planları baş tutmur. Ona görə də Azərbaycanda inqilab ssenarilərini işə salmaq üçün “sapı özümüzdən olan baltalar”dan istifadə edirlər. Bu işdə isə müxtəlif fırıldaqlarla, ayrı-ayrı siyasi partiyaların vəsiqələri və arayışları ilə xarici ölkələrdə sığınacaq tapan satqınlardan yararlanırlar. Antiazərbaycan dairələr onlara sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə, dövlətinə və xalqına qarşı qarayaxma kampaniyası aparmaq üçün maliyyə dəstəyi verirlər. Bu gün ən geniş yayılmış forma olan sosial şəbəkə seqmentləri üzərindən hesablar və onlayn kanallar açmaqla dövlət və xalq əleyhinə işləyirlər. Fransada Qənimət Zahid və Məhəmməd Mirzəli, ABŞ-da Sevinc Osmanqızı, Almaniyada Tural Sadıqlı kimilər antiazərbaycan dairələrindən külli miqdarda vəsait alır və bu çirkli pullar müqabilində, Azərbaycan əleyhinə çirkin təbliğat aparırlar. Onlar hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da baş verən adi hadisələri şişirtməklə, siyasiləşdirməklə ictimai rəyi hakimiyyət əleyhinə çevirməyə çalışırlar. Hətta Vidadi İsgəndərli, Qabil Məmmədov, İnqilab Kərimov kimi tərbiyədən, əxlaqdan uzaq olanlar dilə gətirilməsi mümkün olmayan təhqir və söyüşlərlə hakimiyyət nümayəndələrini gözdən salmağa cəhd edirlər. Bütün bunların müqabilində isə onlar üçün Qərb ölkələrində xüsusi yaşam şəraiti yaradıblar. Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir. Bu gün Vətənini sevən, xalqının firavan həyatını və övladlarının gələcəyini qorumaq istəyən hər bir kəs onlara qarşı birləşməli, antimilli qüvvələrlə bağlı qəti mövqeyini ortaya qoymalı və onların antihumanist və antibəşəri çağırışlarını qətiyyətlə rədd etməlidirlər".
Anar