Əfqan Qafarlı: "Bu gün “Modern.az” yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibar edilən elektron mətbuat orqanı kimi qəbul olunur"
“Modern.az” xəbər agentliyinin fəaliyyətə başlamasının 10 ili tamam olur. Bu agentlik 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.
Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur. Agentliyin Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Agentlik bir media quruluşu olaraq ötən 10 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib. Hər gün on minlərlə oxucunun ziyarət etdiyi “Modern.az” xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru isə Əfqan Qafarlıdır. “Modern.az” agentliyi həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub. Peşəkar jurnalistikaya “Modern.az”dan başlayan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə uğurla fəaliyyət göstərirlər.
Agentliyin 10 illik yubileyi ilə bağlı Report.az-a danışan baş redaktor Əfqan Qafarlı deyib ki, “Modern.az” xəbər portalı bəzi media orqanlarından fərqli olaraq, 10 yaşına asan, hamar yolla gəlib çatmayıb. Baş redaktorun sözlərinə görə, 10 rəqəmli zirvədən boylanıb geriyə baxanda hansı əziyyətləri çəkdiklərini, necə enişli-yoxuşlu yollardan keçdiklərini görürlər: “Bəlkə də kənardan çoxlarına elə gəlir ki, biz də bir çoxları kimi hər şeyə asan yolla nail olmuşuq. Asan yol deyəndə ilk başdan rahat ofis şəraiti, işləməyə hazır kollektiv, yaxşı avadanlıq, arxasında bəlli bir maliyyə mənbəyi, informasiya ilə təminata dəstək verilməsi kimi şeyləri nəzərdə tuturam. Biz 2009-cu il sentyabrın 1-də 3-4 nəfərlə fəaliyyətə başlayanda bunların heç biri yox idi. Sonrakı illərdə də bir çox məsələlər sarıdan çətinliklərimiz olub. Bəzən aylarla məvacib ala bilməmişik və bunu kənardakı heç kəsə bəlli etməmişik. Amma başladığımız işi yarıda buraxmamaq naminə gecə-gündüz, istirahət və bayram günləri demədən, məzuniyyət nə olduğunu bilmədən çalışmışıq. Əlbəttə ki, bunları qeyd edərkən təkcə Modern.az-ın rəhbəri Elşad Eyvazlı ilə özümü nəzərdə tutmuram. Bu illər ərzində bizimlə birgə olan yoldaşlarımızın, kollektivimizdə çalışmış, sonradan yollarını ayırmış digər həmkarlarımızın da əməyini danmaq insafdan olmaz. Yaxşı-pis günləri geridə qoyub, 10 yaşa gəlib çatmışıq. Bu rəqəmi kiçik bir yubiley yaşı da hesab etmək olar. Bu gün əminliklə deyə bilərəm ki, kimlərinsə ağız büzməsinə baxmayaraq, Azərbaycanın son 10 ildəki media tarixində “Modern.az”ın da imzası var”.
Ə.Qafarlı vurğulayıb ki, “Modern.az”ın siması yarandığı gündən öz yolu, öz dəsti-xətti və xarakteri ilə formalaşıb:
“Çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Hərçənd ki, oxucunu razı sala bilmək çətin məsələdir. O, sənə yalnız bu gün təqdim etdiyin yaxşı yazıya görə “çox sağ ol” deyir, amma sabah yenilərini gözləyir. Tempi saxlamaq isə həmişə mümkün deyil. Kobud şəkildə desək, oxucunun gözü doymur, elə hey yaxşı informasiya, maraqlı müsahibə, reportaj, araşdırma istəyir... Bax, saytda işləməyin çətin tərəfləri də budur... Biz heç vaxt sensasiya və reytinq dalınca sürünməmişik. Sifarişli, ucuz, bayağı yazılardan, dedi-qodudan mümkün qədər uzaq qaçdıq, əxlaq normalarını gözlədik, milli maraqlara zidd olan materiallar dərc etmədik.
Bu gün “Modern.az” yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibar edilən elektron mətbuat orqanı kimi qəbul olunursa, yayımladığımız materiallara istinad edilirsə, yazılarımıza rəsmi və qeyri-rəsmi qurumlardan reaksiya gəlirsə, demək ölkə mediası sırasında bəlli yerimiz və mövqeyimiz var. Biz “Modern.az” olaraq, media məkanında varıq və qəbul olunuruq”.
Baş redaktor bildirib ki, artıq məzuniyyətə gedənlər geri qayıdır, sentyabrdan yeni mövsüm başlayır, proseslərdə aktivlik yaranır: “Biz də digər media orqanları kimi işimizi buna görə qurmağa çalışacağıq. Yeni mövsümdə layihələrimizin, müsahibələrimizin sayını artırmağa çalışacağıq. Fasilə verdiyimiz layihələri yenidən aktivləşdirəcəyik. Eyni zamanda, sıralarımızda yeni əməkdaşları da görə bilməyimiz mümkündür”.
Agentliyin baş redaktoru oxuculardan gələn maraqlı təkliflər haqqında danışıb: “Oxuculardan həm maraqlı təkliflər, həm də maraqlı iradlar gəlir. Məsələn, təklif edirlər ki, kriminal xəbərlərin sayını artıraq, şou-biznes informasiyalarına geniş yer verək. Bizim bir “Fotosöhbət” adlı layihəmiz var, çoxdandır o layihəyə ara vermişik, amma onun davam etdirilməsini istəyirlər. Fərdi şikayətlərin işıqlandırılmasına geniş yer verilməsini istəyənlər də var. Bəzən zəng vurub deyirlər ki, niyə siyasi proseslərdən az yazırsınız. Deyirik ki, siyasi gündəm yoxdursa, siyasətçilər prosesləri ölü nöqtəyə endiribsə, biz siyasi hadisəni necə yaradaq? Ya da kimlərsə “siz niyə Afaq Aslanın soyunmağından, Rəqsanənin hamilə qalmağından, Aygün Kazımovanın sevgililərindən, Manaf Ağayevin “razborkaları”ndan, müğənnilərin intim həyatından yazmırsınız?” deyir. Bilmirəm bunları irad adlandıraq, yoxsa təklif... Hər halda, oxucuya hörmət naminə gərək bunları da nəzərdən keçirək”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, 10 il yubiley yaşı olmaqla bərabər, həm də bir media orqanı üçün öz auditoriyasına hesabat vermək, keçilən yolu saf-çürük edib, gələcəyə doğru daha inamla addımlar atmaq baxımından zəngin bir təcrübədir:
“Şübhəsiz ki, “Modern.az” saytı bu gün kifayət qədər rəngarəng olan milli media sferasında, çoxsaylı informasiya resursları sırasında öz yeri və dəst-xətti olan xəbər portallarındandır. Azərbaycanın ilk xəbər saytlarından biri olaraq fəaliyyətə başladığı gündən "Modern.az" saytı Azərbaycan jurnalistikasının klassik ənənələrinə sadiq qalmaqla geniş oxucu kütləsinin sərbəst ifadə tribunasına çevrilməyi bacarıb. Bu sayt fəaliyyəti dövründə ölkəmizdə söz və mətbuat azadlığının, fikir plüralizminin inkişafına özünəməxsus töhfə verib. “Modern.az” vətənpərvər ziyalıların, cəmiyyətin bütün təbəqələrindən olan sosial qrupların dialoq platformasına çevrilib. Sayt ən müxtəlif problemlərin, milli və dövlətçilik maraqları baxımından ümdə məsələlərin aktuallaşdırılaraq ictimai müzakirələrə çıxarılmasında, onların həlli yollarının axtarılıb tapılmasında, cəmiyyətin düzgün, tərəfsiz informasiya ilə təmin edilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarıb. Bu sayt hər zaman öz obyektivliyi, hadisələri qərəzsiz işıqlandırması, tərəfsiz informasiyanın yayılması və jurnalistikanın etik prinsiplərinə və davranış qaydalarına sadiqliyi ilə də auditoriyanın və media ictimaiyyətinin rəğbətini qazanıb. “Modern.az” saytı ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi ola bilib. Saytın bütün kollektivini yubiley münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram”.
“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı da bildirib ki, Azərbaycanda media adına iddia edənlər çoxdur, amma sözün əsl mənasında media, jurnalistika adını haqq edənlər, layiq olanlar barmaqla sayılacaq qədər azdır:
“Azların arasında böyük olmağı, təmkinli, peşəkar, ləyaqətli olmağı bacarmaq asan məsələ deyil. Əslində bu gün jurnalistika, Azərbaycan jurnalistikası sadəcə peşə və xəbərçilik demək deyil. Həm də Vətənpərvərlikdir, adamları Vətən saymaqdır. Azərbaycanlıları Azərbaycan kimi görməkdir. Media - bu gün Qarabağdır, qəhrəmanlıqdır, şəhidlikdir, olumla ölüm arasında çarpışmaqdır. Bu çarpışmada Vətən naminə ölümü seçə bilmək, qarabağlı ola bilməkdir. Bu mənada “Modern.az” Vətənə, Azərbaycana ən yaxın, ən doğma saytdır. Əzizlərim, doğmalarım Yaşınız mübarək”.
“Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu da “Modern.az”ın ölkəmizdə ilk internet media resurslarından sayıldığını deyib:
“Hər zaman peşəkar mətbuat ənənələri ilə fəaliyyət göstərən bu sayt, milli məsələlərdə prinsipiallığını qoruyub. Cəmiyyəti ciddi, lazımlı xəbər, müsahibə, reportajları ilə təmin edib. Əsl media funksiyasını yerinə yetirib. Saytın uğurlu fəaliyyətində zəhməti keçən bütün dostlarımı, Elşad və Əfqan bəyləri, Namidə, Gülşən, Pərvin xanımları və adını yazmadığım indiki və keçmiş "Modernçilər"i təbrik edirəm. Qarabağın işğaldan azad edildiyi, qələbə xəbərini Azərbaycana ilk sizin duyurmanızı arzulayıram dostlar. Bundan sonra 10 dəfədən çox 10 illiyi qeyd edilsin "Modern"in. Əzizsiniz”.
"Azadinform" İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev vurğulayıb ki, əslində hər bir media qurumunun fərqli informasiya siyasəti var:
“Düşünürəm ki, gözlərimizin önündə 10 yaşa qədər böyüyən, “yeniyetməlik” dövrünü yaşayan “Modern.az” bu siyasəti uğurla həyata keçirməkdə davam edir. “Modern.az” həm də fərqli bir informasiya siyasəti həyata keçirir. Maraqlı layihələri, dəqiq və qərəzsiz xəbərləri ilə obyektivliyini qorumaqda israrlıdır. Azərbaycan media məkanında elə layihələr olub ki, o yalnız “Modern.az”a məxsusdur. Hesab edirəm ki, bu yaş çərçivəsində, yəni 10 yaşlı bir media qurumunun edə biləcəklərini həyata keçirməyi bacarmısınız. Əlbəttə ki, yolunuz uzundur. Nəyi necə edə biləcəkləriniz imkanlarınıza hesablanmalıdır. Çox istərdim ki, fərqliliyiniz və oxucularınızın etimadını sonadək qoruyasınız”.
Millət vəkili Fazil Mustafa da saytın 10 illik yubileyinə təbrik yazıb: “Milli Məclisin fəaliyyətinin işıqlandırılması, ayrı-ayrı millət vəkillərinin düşüncə və dünyagörüşünün cəmiyyətə çatdırılmasında, yanlışların müzakirəyə çıxarılmasında hər zaman yenilikçi ruhunu qoruyan “Modern.az” saytının özəl bir rolu var.
Bu saytın əməkdaşlarının informasiyanı keyfiyyətli tərtib edərək paylaşma peşəkarlığı təqdirəlayiqdir. Tanınmış ictimai-siyasi xadimlərin fotosessiyasından tutmuş, aktual problemlərə həsr olunan diskussiya, müsahibə və mövqelərinin təqdimatı bu saytda həmişə uğurlu alınır. "Daha nələr edə bilərdik?" sorğusu birbaşa dəyərli Elşad Eyvazlı başda olmaqla saytın bütün yaradıcı əməkdaşlarının potensialından umacaqla bağlıdır. Fikrimcə, bu gün Azərbaycan cəmiyyətində mütaliə vərdişinə təşviqləndirici materiallar vermək daha vacibdir. İnformasiya almaq, hələ bilgi qazanmaq deyil. Bilgiləndirməyə xüsusi diqqət ayrılmalıdır. Jurnalistlərin analitik yazılarını daha intensiv vermək faydalı olardı. Digər tərəfdən sosial şəbəkədə, özəlliklə də “Facebook”da tanınan-tanınmayan şəxslərin maraqlı və düşündürücü statuslarını müzakirəyə çıxartmaq olar. Bütün bunlar yeniləşmə, təkmilləşmə niyyətindən asılı olan məsələlərdir. Əminəm ki, “Modern.az” saytı 10 illik təcrübəsinin işığında media məkanımızda həmişə liderlər sırasında öz yerini qoruyub saxlayacaq. Bu saytın Elşad Eyvazlı başda olmaqla dəyərli jurnalistlərini və əməkdaşlarını yubiley yaşı münasibəti ilə təbrik edirəm”.
P.S. “Şərq” qəzetinin kollektivi olaraq biz də “Modern.az” xəbər portalında çalışan həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.