Azərbaycandakı tibb kolleclərinin diplomu Türkiyədə tanınacaq

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

"Bu, çox müsbət hadisə olardı. Tibb işçiləri, tibb bacılarının təkmilləşməsinə, ixtisaslarını artırmalarına böyük ehtiyac var"


Rəsmi Bakı və Ankaranın iqtisadi əməkdaşlığına dair Fəaliyyət Planı elm və təhsil sahəsini də əhatə edir. Fəaliyyət Planında əksini tapan məsələlərdən biri Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsidir. Sənədə əsasən, 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Sumqayıt Tibb Kollecinin diplomalarının Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən peşə orta təhsili çərçivəsində qiymətləndirməsi üçün danışıqlar aparılacaq. Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb. Bundan başqa Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətinə başlaması işləri də sürətləndirilir. Bu da iqtisadi əməkdaşlığa dair Fəaliyyət Planında əks olunub.

Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətlərinə başlaya bilməsi üçün Anlaşma Memorandumunun imzalanması sürətləndiriləcək. Türkiyə Maarif Vəqfinin fəaliyyətlərini, imtiyaz və istisnalarını tənzimləyəcək hökumətlərarası sənəd layihəsi diplomatik kanallar vasitəsi ilə Azərbaycan tərəfinə təqdim ediləcək. Elm-təhsil istiqamətində əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə Məzunlar Dərnəyinin qurulması da planlaşdırılır. Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə qarşılıqlı olaraq hər iki ölkədə ali təhsil müəssisələrinin məzunların dərnəklərinin qurulması təşviq ediləcək. Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Təhsil Nazirliyinə, Türkiyə tərəfdən isə Xaricdə Yaşayan Türklər və Əqraba Topluluklar Başqanlığına (YTB) tapşırılıb. Qeyd edilir ki, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində müzakirələr bundan sonra da davam etdiriləcək.

Qardaş Türkiyədə tibbi təhsil almış həkim-ginekoloq Fəxranə Hüseynzadə “Şərq”ə açıqlamasında ölkəmizdə fəaliyyət göstərən tibb kolleclərinin diplomlarının  peşə təhsili çərçivəsində tanınmasının böyük üstünlüklər yaradacağını qeyd edib: 

- Bizim tibb kolleclərinin diplomları qardaş Türkiyədə tanınarsa, bu, çox əla olar. Məlum məsələdir ki, Türkiyədə tibb təhsili yüksək səviyyədə inkişaf edib. İstər həkimlik, istərsə də orta tibb işçisi ixtisasları Türkiyədə yüksək səviyyədə tədris olunur, nəzəriyyə hansı dərəcədə tədris olunursa, təcrübə də bir o qədər üst səviyyədə keçilir. İstənilən ixtisasda nəzəriyyə və təcrübə - hər ikisi də vacibdir. Bir sahəni bilib, digərini gözardı etmək qətiyyən yolverilməzdir. Türkiyə tibb təhsilində hər iki sahə də yüksək səviyyədədir. Təəssüf doğuran budur ki, Azərbaycan Dövlət Tibb Universitetinin diplomları Türkiyədə tanınmır. Amma Türkiyə ali məktəblərinin tibb fakültələrinin diplomları burada tanınır, həkimləri işə qəbul edilir. Azərbaycanda tam tibb təhsili almış məzun Türkiyədə ümumi diplomların təsdiqi, həmçinin uzmanlıq imtahanı verib müvəffəq nəticə əldə etdikdə işə qəbul edilir. İmtahansız bu, mümkün deyil. Belə olan halda tibb kolleclərinin sənədinin Türkiyədə tanınması, əlbəttə, çox sevindirici, müsbət hal olardı. Diplomların kollec təhsilindən başlanması məqsədəuyğun görünür. Kolleclər tibb təhsilinin ilk pilləsi də hesab edilə bilər. Çünki burada orta tibb işçisi ixtisasına yiyələnirlər. Orta tibb işçisi yüksək səviyyədə təhsil alarsa, təhsilini ali tibb xidməti – həkimlik ixtisası üzrə davam etdirə bilər. Adətən həkimlərin yüksək tibb təhsili almasına diqqət edilir. Amma sizə deməliyəm ki, yüksək bilikli, savadlı orta tibb işçilərinə, tibb bacılarına böyük ehtiyac var. Həkimin yanında yüksək ixtisaslı  orta tibb işçisinin olması həmin həkim üçün, ümimilikdə tibb sahəsi üçün böyük üstünlükdür. Həkimin hərəkətləri, qərarları çox zaman tibb bacılarından, tibb işçilərindən də asılı olur. Yüksək ixtisaslı, peşəkar həkimlər həmişə bilikli, bacarıqlı tibb işçisi axtarırlar, belə bir köməkçiləri olmalarını arzu edirlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycandakı tibb kolleclərinin diplomlarının Türkiyədə tanınması istiqamətində addımların atılması vacibdir. Bu, çox müsbət hadisə olardı. Tibb işçiləri, tibb bacılarının təkmilləşməsinə, ixtisaslarını artırmalarına böyük ehtiyac var. Orta tibb işçisinin, eləcə də həkimlərin dientologiya elmini öyrənmələri də vacibdir. Bu, həkim-pasiyent, həkim-tibb bacısı, tibb bacısı-pasiyent arasında davranış, ünsiyyət qaydalarıdır. Tibb sahəsində çalışanlar ilk növbədə bunu öyrənməlidirlər. Bizdə tibbin bu bölməsi də zəif tədris olunur. Arzu edərdim ki, Türkiyə ilə elm-təhsil sahəsində əməkdaşlıq çərçivəsində bu sahənin öyrənilməsinə də diqqət artırılsın.