İDDİA: “Jurnalistikada qabiliyyət imtahanı ləğv olunmalıdır”

“Bu, kimlərinsə maddi maraqları ilə bağlıdır”

Son günlər mütəxəssislərin müzakirə etdiyi əsas mövzulardan biri jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanının keçirilib-keçirilməməsidir. Bəziləri bunu vacib hesab edirlər. Onların fikrincə, əks halda abituriyentin yaradıcılıq qabiliyyətini yoxlamaq olmaz. Bir qisim isə düşünür ki, digər fakültələr kimi jurnalistikaya qəbulda da xüsusi tura ehtiyac yoxdur. Mövqelər də, arqumentlər də müxtəlifdir.

 Ona görə də “Sherg.az” olaraq media eksperti Zeynal Məmmədli ilə məsələyə aydınlıq gətirməyə çalışdıq:

- Qabiliyyət imtahanına dair sizin fikirləriniz necədir?

- Mən həmişə bunun əleyhinə olmuşam. İndi də birmənalı deyirəm ki, qabiliyyət imtahanı ləğv olunmalıdır.

- Niyə belə düşünürsünüz?

- Çünki 17-18 yaşlı abituriyentdən şagirdlik dövründə yazdığı elementar inşa yazmaq tələb olunur. Və inşa doğru yazıldığına yox, səhvsiz “gəlişigözəl” olduğuna  görə qiymətləndirilir. Bunun jurnalistikaya nə aidiyyəti var?! Hələ mən mövzuların jurnalistikaya nə qədər uyğun olub-olmadığını demirəm. Əvvəllər belə deyildi.

- Necə idi?

- Sovet dövründə jurnalistikaya qəbul zamanı bir çox üsullardan istifadə olunurdu. Onlardan biri də bu idi: bir qrup eyni yerə, məsələn, hansısa zavoda aparılırdı. Sonradan həmin gənclərdən təəssüratlarını yazmaq tələb olunurdu.

Beləliklə, həm gələcək jurnalistin müşahidə qabiliyyəti üzə çıxırdı, həm də obyektivlik təmin edilirdi. Belə ki, abituriyentlər fərqli yox, eyni mövzunu yazırdılar. Hərçənd həmin üsulu da tam ideal hesab etmək olmazdı.

- Elə isə bu qədər narazılığa rəğmən, niyə qabiliyyət imtahanının keçirilməsi qərara alındı?

- Qabiliyyət imtahanının tərəfdarı olanlar jurnalistikanın gələcəyini yox, öz maraqlarını düşünənlərdilər. Jurnalistikaya qabiliyyət imtahanı kimlərinsə maddi maraqları ilə bağlıdır. Nəticədə vaxtı ilə 500 balla ödənişli təhsilə qəbul olunan abituriyent indi 200 balla ödənişsiz təhsil alır. Çoxları bu fakültəyə əlacsızlıqdan sənəd verirlər. Əksər gəncin bilik səviyyəsi çox aşağıdır.

- Bəs çıxış yolu nədir?

Jurnalistikanın sosioloji sahə olduğunu nəzərə almaq lazımdır. Dediyim kimi, qabiliyyət imtahanı birədəfəlik ləğv olunmalıdır. Bu mərhələ ali təhsili təzə bitirən jurnalistlərin işə qəbulu zamanı  lazımdır. Onda ayrı-ayrı sahələr və ixtisaslar nəzərə alınmalıdır.
Məsələn, tv-də çalışan jurnalistdən yaxşı yazmaq yox, efir prinsiplərinə nə qədər düzgün əməl etdiyi tələb olunmalıdır.