Türk jurnalist:“Saxta xəbərlərə qarşı birlikdə mübarizə aparacağıq"

Jurnalistika strateji sahədir. Biz bunu, az qala, hər gün görsək də, fövqəladə hadisələr, o cümlədən müharibə zamanı daha yaxşı başa düşürük. Çünki ən adi informasiya ciddi silaha çevrilir və hədəfi olur. Elə bu günlərdə- siyasi proseslərin səngimədiyi bir vaxtda medianın necə güclü təsir imkanlarına malik olduğunu bir daha anlamaqdayıq.

 “Sherg.az” olaraq türkiyəli jurnalist Arzu Erdoğralla bu barədə müzakirə apardıq:

- Hərbi əməliyyatlar zamanı informasiya müharibəsinin əhəmiyyəti nədən ibarətdir?

- Tarixin ilk informasiya savaşçılarının moğollar olduğu deyilir. Psixoloji savaş, kiberhücum kimi elementləri ehtiva edən, adətən media vasitəsilə aparılan informasiya müharibələrində saxta xəbərlərlə doğrunun üstü örtülür. Başqa sözlə desək, şüur süni şəkildə dəyişdirilir. Təəssüf ki, sosial medianın həyatımıza daxil olması ilə doğru və yalan xəbəri ayırmaq xeyli çətinləşdi. Bir nümunə deyim, ölkəmizdə müxalifət partiyası olan CHP-nin yalan xəbərinə reaksiya olaraq daxili işlər nazirimizin müavini demişdi: “Vallah, billah, bezdik”. Hər zamam rəsmi mənbələrə inanmaq lazımdır. Araşdırılmayan məlumata isə etibar etmək doğru deyil. İnformasiya müharibələrində xüsusilə multimedia vasitələrindən, o cümlədən foto və videodan çox istifadə edilir. Həqiqəti başa salanadək bir çoxları yalan xəbərə inanmış olur. Zamanə xəbərə dərhal inanmaq zəmanəsi deyil.

- Bəs dezinformasiyaların qarşısı necə alınmalıdır?

- Dezinformasiyalardan ən təsirli istifadə edənlər terror təşkilatlarıdır. Onlar zəncirlərini saxladıqlarından əmr alaraq həqiqi olmayan bir xəbəri təbliğ edirlər. Əlbəttə, dezinformasiyalarla mübarizə asan deyil, amma qaçılmazdır.

- Fors-major vəziyyətlərdə sosial medianın məhdudlaşdırılmasına münasibətiniz necədir?

- Sosial medianın məhdudlaşdırılması konkret çıxış yolu deyil. Lakin fövqəladə vəziyyətlər üçün məqbul sayıla bilər.

- Jurnalistlər üçün professionallıq, yoxsa vətəndaşlıq maraqları öndə olmalıdır?

- Jurnalistika çətin peşədir. Əgər söhbət bir canlının təhlükəsizliyindən gedirsə, peşəkarlıq prioritet ola bilməz. Gəlin, bir nümunə deyim: 1994-cü ildə fotoqrafiya üzrə Pulitzer mükafatı laureatı Kevin Carter zəiflikdən ölmək üzrə olan bir qız uşağının fotosunu çəkmişdi. Sonra isə onu köməksiz qoyaraq getmişdi. Bu hərəkətinə görə tənqid edilən Carter “Mən fotoqrafam, həkim deyiləm” deyərək özünə bəraət qazandırmağa çalışmışdı. Bu hadisədən az keçmiş o, maşınında intihar etmişdi.

- Azərbaycan- Türkiyə ortaq media platformasının yaradılması barədə nə fikirləşirsiniz?

- Media sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə təşkil edilən Türkiyə- Azərbaycan ortaq media platformasını dəstəkləyirəm. Beləliklə, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ortaq işlər görəcək. Biz beynəlxalq aləmdə qarşılaşdığımız saxta xəbərlərə qarşı birlikdə mübarizə aparacağıq. Nəticə etibarilə iki dövlət, bir millətik.