“MEDİA könüllüləri” proqramı:“Gənc jurnalistlərin xaricə çıxış imkanları...”

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” proqramına başlayır. Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur.
 “MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək.

“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı adıçəkilən proqramın əhəmiyyətini “Sherg.az”a şərh edib.Baş redaktor bildirib ki, Azərbaycan jurnalistikasının qarşısında duran prioritet məsələlərdən biri gənc nəslin savadlı və təcrübəli jurnalist kimi formalaşdırılmasıdır:

“Hesab edirəm ki, “MEDİA könüllüləri” proqramı bu işdə rol oynaya bilər. Proqam gənc jurnalistlərimizin xaricə çıxış imkanlarının yaradılması üçün də çox önəmlidir. Yalnız jurnalistika deyil digər sahələrdə də könüllülük institutunun formalaşdırılmasından sonra yaxşı nəticələrin əldə olunmasının fərqindəyik. Çünki gənclər könüllülük institutu sayəsində qarşıya qoyulan hədəf və məqsədlərə çatmağın vacibliyini dərk edirlər. Proqrama qoşulan bütün gənclərə uğurlar arzu edirəm. “MEDİA könüllüləri” proqramı böyük nəticələrə nail olunacaq bir layihədir. Cənab Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycan jurnalistlərinin xaricə çıxışı gücləndirilməlidir. Məhz bu proqram vasitəsilə də gənclərin jurnalistika sahəsində bilik və bacarıqlarının artırılması, xaricə çıxışları və operativliyi təmin oluna bilər”.