Media qanunu layihəsinin müzakirəsində tərifə yer verilməyib

Bəzən "söz savaşı"na çıxan jurnalistlər bir neçə təklif verib


Sentyabrın 6-da Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirələrdə Agentliyin rəhbərliyi, əməkdaşları və Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak ediblər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. “Media haqqında” qanun layihəsi haqqında danışan İcraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açıb. O, təcrübəli jurnalistlərin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayıb.

Sonra Medianın İnkişafı Agentliyinin Hüquq departamentinin direktoru Rəqsanə Kərimova qanun layihəsinin təqdimatını edib. Departament direktoru tədbir iştirakçılarını media subyektləri, mediada yayımlanan informasiyalara dair tələblər, media subyektinin informasiyasından istifadə, media reyestri və qanun layihəsinin digər müddəaları barədə ətraflı məlumatlandırıb. Tədbir qanun layihəsinin diskussiya şəraitində aparılan müzakirəsi və fikir mübadiləsi ilə davam etdirilib. İştirakçıları maraqlandıran bir sıra suallar cavablandırılıb. 

Görüşdə iştirak etmiş “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, KİV haqqında indiki qanun əvvəlkindən tam fərqlənir, heç bir oxşarlıq yoxdur. E.Muradlı agentliyin daha geniş müzakirələrdən sonra Milli Məclisə mükəmməl bir sənəd göndərəcəyinə ümid etdiyini deyib:

“Agentlik çalışır ki, bir özü, bir saytı olan, ağzına gələni yazıb, istədiyi adama vəsiqə verənlər bu cameədən çıxıb getsinlər. Normal media inkişaf etsin, rəqabət mühiti yaransın, əsl jurnalistin kim olduğu üzə çıxsın. Mən də çıxış edib təkliflərimi səsləndirdim. Vurğuladım ki, mediada maarifçilik aşağı səviyyədədir. Monitorinq aparılsın görək, saytların, qəzetlərin, TV və radioların gündəlik yayımladığı materialların neçə faizi maarifləndirməyə yönəlib. Düşünürəm ki, bununla bağlı konkret kriteriya müəyyən edilməlidir ki, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım, yol hərəkəti təhlükəsizliyi, küçə mədəniyyəti, ətraf mühitin qorunması və sair kimi məsələlər daim təbliğ edilsin. İndiki media daha çox xəbərçilik üzərində köklənib. Publisistika yoxa çıxmaq üzrədir. Bu isə bizi narahat edir. Jurnalistlərin peşəkarlığından danışanda reportajlar, esseler, köşə yazıları kimi materialları unutmaq olmaz. Hamı xəbərçi olarsa, bunun axırı yaxşı olmaz”. 

Baş redaktor qeyd edib ki, uşaqların TV, radio və saytlarda qorunması da mühüm məsələdir:

“Onları alətə çevirmək olmaz. Uşaqların fotoları yayılanda diqqətli olmaz lazımdır. Xüsusən, efirə çağırıb ağlaşma qurmaq qadağan edilməlidir. Mənəviyyatsızlığı, əxlaqsızlığı, milli, dini və seksual zorakılığı təbliğ edən materiallara görə cəza olmalıdır. Hesab edirəm ki, jurnalistlər üçün vahid kartın olması bizim üçün çıxış yoludur. Ümid edirəm, bu təkliflər qanun layihəsində əksini tapacaq”. 

“Trend”in əməkdaşı Elgün Mənsimov da bildirib ki, Agentliyin icraçı direktoru Əhməd İsmayılov parlament jurnalistlərinin təkliflərini dinlədi, suallarına da səmimi və ətraflı şəkildə cavab verdi:

“Layihənin təqdimatından belə bir nəticəyə gəlmək olar ki, onun işlənib-hazırlanmasında həqiqətən də çox gərgin əmək sərf olunub. Əhməd müəllimin təbirincə desək, bu, jurnalistləri müdafiə edən, onların maraqlarından çıxış edən bir qanun layihəsidir. Layihə hazırlanarkən Avropa ölkələri, ABŞ, Çin, Türkiyə, Ukrayna və Rusiyanın təcrübəsi öyrənilib. Amma təbii olaraq, hər bir ölkədə mediaya fərqli yanaşmalar var. Ona görə MEDİA Agentliyi Azərbaycan jurnalistikası üçün bu qanun layihəsində ortaq bir nöqtəni tapmağa çalışıb. Ümid edirik ki, bu layihə KİV sahəsində qanunvericilikdə olan boşluqları dolduracaq”.

“Oxu.az”ın parlament müxbiri Aqşin Kərimov vurğulayıb ki, qaynar müzakirə atmosferində keçən görüşdə tərifə yer verilmədi, parlament jurnalistləri “ölkəmiz uğurla inkişaf edir”, “milli mətbuatın analoqu yoxdur” kimi fikirlərdən uzaq idilər. Jurnalistin sözlərinə görə, qanun layihəsinin ümumi xarakteri ilə tanışlıq zamanı yalnız təkliflər səsləndirildi və boşluqların doldurulmasının zərurəti vurğulandı:

“Ara-sıra bir az bənzətmə ilə desək, “söz savaşına” da çıxdıq, layihənin xarakteri bunu tələb edirdi. Hazırda qüvvədə olan “KİV haqqında” qanun media fəaliyyətinin müasir tələblər çərçivəsində hüquqi tənzimlənməsini hərtərəfli həyata keçirə bilmir. Səbəbə gəlincə, qanun köhnədir. 1999-cu ildə qəbul olunan qanun sosial şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil. Birincisi, qanunda müasir dövrün trendinə çevrilən onlayn medianın statusu müəyyənləşməyib. İkincisi, qanunda dünya informasiya məkanında əsas söz sahibi olan sosial şəbəkələrin fəaliyyətinə dair bir dənə də müddəa yoxdur. Hazırkı qanunvericilikdə kimlərin konkret olaraq jurnalist olması, jurnalist adının daşınması üçün kriteriyalar göstərilməyib, lakin yeni layihədə bunun tərifi verilib. Yeni qanun layihəsində medianın hüquqi tənzimlənməsinə dair müasir yanaşmaları görmək olar”. 

A.Kərimov görüşdə bir sıra təkliflər səsləndirib:

“Hər nə olursa olsun, media azad olmalıdır. Medianın azadlığı rəqabət mühitini canlandırır və onun iqtisadi müstəqilliyinin təminatçısına çevrilir. Media məmur maliyyələşməsindən qurtulmalıdır, məsələ ilə bağlı qanuna müddəa daxil edilməlidir. Fotoqrafların jurnalist təyinatı üzrə məsələ qanunda həllini tapmalıdır. Hər bir redaksiyanın etik kodeksi olmalıdır, bu, redaksiyadaxili etik məsuliyyəti ümumi media etikası ilə uzlaşdırılması baxımından vacibdir”.