"Gənclər həm ön, həm də arxa cəbhənin əsgəri oldular"

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Fərid Şahbazlı: "Dövlət başçısının gənclərin milli ruhda tərbiyəsinə diqqət çəkməsi çox-çox önəmlidir"

Dövlət başçısı İlham Əliyev sentyabrın 7-də yeni Gənclər və idman naziri Fərid Qayıbovu qəbul edərkən mühüm məqamlara toxundu. Ölkə rəhbəri gənclər qarşısında yeni hədəflər müəyyənləşdirdi və bu istiqamətdə öz tapşırıqlarını verdi. Xüsusən vurğuladı ki, bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi hər zaman diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Prezident qeyd edib ki, həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur: “Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır.

Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar”. Dövlət başçısı bəyan edib ki, gənclər milli dəyərlərimizi dərk etməli, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır: “İndiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar”. “Gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər” - deyən ölkə başçısının sözlərinə görə, bunun çox böyük mənəvi və psixoloji mənası var: “Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq. Əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür”. 

Prezident vurğulayıb ki, idman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Eyni zamanda, idman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır:

“Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir. Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir. Necə ola bilər ki, nəsillər arasında artıq belə bir ara, elə bil ki, məsafə yaranır. Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət alıb, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir?”. 

Şübhəsiz, dövlət başçısının yeni nazir qarşısında qoyduğu tələblər həm də cəmiyyət üçün çağırışdır, ən prioritet vəzifələrdən biridir. Biz Vətən müharibəsində Azərbaycan gəncliyinin qəhrəmanlığını gördük, Vətənə bağlılığının şahidi olduq. Bu, ölkəmizdə gənclərlə bağlı aparılan siyasətin məntiqi nəticəsidir. Azərbaycan gənclərinin döyüş meydanındakı qəhrəmanlığı dünyada örnək kimi göstərilir. 

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Şərq”ə açıqlamasında bildirib ki, dövlət gənclər siyasətinin mahiyyətində müasir, intellektual, eyni zamanda milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə bağlı Azərbaycan gəncliyi yetişdirmək dayanır. Gənc fəalın sözlərinə görə, dövlət gənclər siyasəti uzun illərdir məhz bu istiqamətdə həyata keçirilir:

“Ölkə başçısı yeni gənclər və idman nazirini qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəltdi. Azərbaycan tarixində baş verən çoxsaylı hadisələr, o cümlədən Vətən müharibəsindəki şanlı Zəfərimiz gəncliyin milli və vətənpərvərlik ruhunda yetişməsinin nə qədər vacib olduğu reallığını ortaya çıxartdı. Dövlət başçısının qeyd etdiyi kimi gənclərimizi yad təsirlərə salan, onlardan öz təxribat məqsədləri üçün istifadə edən yerli və xarici qüvvələr hər zaman olub. Onların əsas məqsədi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlərdən, Vətənə, dövlətə sədaqət ruhundan yayındıraraq özlərinin çirkin əməllərinə alət etməkdir. Lakin Azərbaycanda aparılan gənclər siyasəti buna böyük ölçüdə mane olur. Ermənilərin münaqişənin həllini uzatmaqda məqsədləri də Qarabağı gənc nəslə unutdurmaq idi. Ancaq gənclik milli-vətənpərvərlik ruhunda yetişdiyi üçün düşmən öz məqsədinə nail ola bilmədi”. 

F.Şahbazlı bəyan edib ki, gənclər həm ön, həm də arxa cəbhənin əsgəri oldular, böyük qəhrəmanlıqlar göstərdilər:

“O baxımdan dövlət başçısının gənclərin milli ruhda tərbiyəsinə diqqət çəkməsi çox-çox önəmlidir. Təhsil məsələsi də çox aktualdır. Deyə bilmərik ki, bu sahədəki bütün problemlər öz həllini tapıb. Görüləcək çox iş var. Bir məqamı yaddan çıxartmamalıyıq ki, müasir dövrdə təhsilsiz gənclərin ölkədə və dünya miqyasında hansısa uğur əldə etməsi qeyri-mümkündür. Dünya sürətlə inkişaf edir, yeni trendlər meydana çıxır. Bizim gənclik də dünya ilə ayaqlaşmağı bacarmalıdır. Təhsil və milli ruh Azərbaycan gəncliyinin inkişafı üçün yol xəritəsi rolunu oynayır”.