Universal və milli dəyərlər “Şərq”də birləşir - Professordan təbrik


Hər bir mətbuat orqanının öz siması var: uzun illər boyu yaddaşlara hopan, düşüncələrdə əks olunan. Birisi illüziyaları həqiqət kimi təqdim edir, o birisi başlıqlarla insanları aldadıb oxumağa məcbur etməyə çalışır. Bəziləri informasiya mənbəyi kimi yalnız özünə istinad edir. Heç kəsə irad tutmaq olmur – söz azadlığıdır. Amma azadlıq narazılıqları dilə gətirib yalnız buxovlardan azad olmaq deyil. Əsl azadlıq yaratmaq, qurmaq, öyrətmək, inkişaf etmək üçün lazım olan sərbəstlikdir. “Şərq” qəzeti bu yolu tutub və oxucuların düşüncəsində belə həkk olunub.
Mətbuat mövcud olduğu sosial-siyasi sistemin bütün təzahürlərini özündə əks etdirən gündəlik yaradıcılıq sahəsidir - əbədi bir yanaşma var. Amma görünür burada da istisnalar olmamış deyil və biz bunları “Şərq”in fəaliyyətində görürük. Arqumentli, faktlara söykənən, balanslaşdırılmış informasiyanı təqdim etmək “iti bucaqları” ötüb keçməyə şərait yaradır və müxtəlif düşüncəyə, dünyagörüşə sahib olan oxucuların məlumat almaq istəyinə cavab verir.
Bütövlükdə, bütün dünyada jurnalistika universal olsa da, “Şərq” klassik milli jurnalistika məktəbinə söykənir. Şübhəsiz ki, burada redaksiya kollektivinin yaradıcılıq aurası özünü göstərir. Milli ənənələrə, elmi yanaşmalara söykənən “Şərq”, parıltılı, əslində isə mahiyyəti heç də dərin olmayan sensasiyaya maraq göstərmir.
Milli problemləri, cəmiyyətin ağrılı dərdlərini çözməyə çalışan “Şərq”, həm də insanlara istiqamət verir, gediləsi bir yol göstərir. Bu yolda uğurla addımlayan “Şərq” qəzetinin bütün əməkdaşlarını 25 illik yubileyləri münasibəti ilə təbrik edirəm və yeni yaradıcılıq uğurları arzulayıram.

Sabir Məmmədli, siyasi elmlər doktoru