Həsən bəy də məhəllələrdə qəzet payladırdı

"Şərq" qəzeti 25 yaşını bu dəfə ustadın məzarı başında və küçədə oxucular arasında keçirdi

Xoş günümüzdə də, kədərli günümüzdə də ustada üz tuturuq – Həsən bəy Zərdabiyə. Bu dəfə “Şərq”in xoş günü, şad günü idi. 25 yaşı tamam olurdu. Ustada mütləq salam verilməliydi. Şikayət də edə bilərdik, üzrxahlıq da; “Həsən bəy, ey dahi, bağışla ki, sənin cığır açdığın yolla bu yola  dönük çıxanlar da yürüyür. Nəinki yürüyür, sənin yoluna sadiq qalanlara da mane olmağa çalışırlar”, deyə bilərdik. Amma demədik. Şad günümüzdə, o kişinin ruhunu narahat etmək istəmədik. 

Xatirəsini yad etdik, məzarı qarşısında təzimdə dayandıq. “Şərq”in 25 yaşı tamam olan gün milli mətbuatımızın banisi, böyük maarifpərvər, bütün Qafqaza ziya verən bu böyük şəxsi ziyarət etdik. “Şərq”çilər, “Şərq”dən ayrılsalar da, özlərini daim bu evin övladları hesab edənlərlə birlikdə, Fəxri Xiyabana üz tutdu. 

Görkəmli maarifçinin məzarı başında çıxış edən “Şərq”in baş redaktoru Akif Aşırlı Həsən bəy Zərdabinin məşəqqətli həyatından danışdı. “İndi deyəcəklərimi çoxunuz bilirsiniz. Amma yenə də özümə borc bilirəm ki, Həsən bəyin millətimizin maariflənməsi, elmə, ziyaya sahib olması yolunda hansı əzablardan keçdiyini yenə xatırladım. Həsən bəy nə etməyib ki, xalqımız üçün?! Cəmiyyətdə  harada boşluqlar vardısa, onları doldurmağa çalışıb. “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməlini qoyub. İlk teatr, xeyriyyə cəmiyyətini Həsən bəy yaradıb.  Çox məşəqqətli ömür sürüb.

 (Həsən bəyin məzarını işarə edərək – M.R.) Bu, Həsən bəyin üçüncü məzarıdır. Həsən bəy rəhmətə gedəndə onu Bibiheybət qəbiristanlığında dəfn ediblər. 1937-ci il repressiyaları zamanı Həsən bəyin qızına zəng edərək deyiblər ki, atasının məzarını oradan köçürməlidir. Qızı atasının məzarını gecə ikən açdıraraq, sümüklərini bir yeşiyə yığıb və Zabrat qəbiristanlığına aparıb.  Üzərindən neçə il keçəndən sonra, Azərbaycan mətbuatının 50 illiyi münasibətilə qərar qəbul ediləndə, Həsən bəy də yada düşür və məzarını axtarmağa başlayırlar. 

Qızı deyir ki, “atamın hər şeyini əlindən almısız, qardaşımı güllələmisiz, əl çəkin bizdən, atamın sümüklərindən nə istəyirsiz? Amma qohum-əqrəbasını dilə tutaraq məzarının yerini müəyyən ediblər və Zabrat qəbiristanlığından bura - Fəxri Xiyabana köçürüblər. Həsən bəyin həyat yoldaşı Hənifə xanım Abayevanın da məzarının burada olduğu deyilir”. 


 “Şərq”in baş redaktoru  “Əkinçi” qəzetinin çox çətinliklə nəşr olunduğunu, yayıldığını da xatırlatdı: Həsən bəy özü şəhərin bəzi məhəllələrində qəzet payladırdı. İstəyirdi ki, qəzet almağa imkanı olmayanlar da maariflənsinlər, qəzet oxusunlar. Tələbələri, gəncləri bu işə cəlb  edirdi.  

Qəzeti oxutdurmaq, insanları maarifləndirmək üçün əlindən gələni əsirgəmirdi. Həsən bəy çox əziyyət çəkib. O, “Əkinçi”nin həm mühərriri, həm yazarı, həm də naşiri olub. Ermənilər də onu çox incidib. Təsəvvür edin ki, o zaman Bakıda - Azərbaycanda müsəlman-türk mətbuatının sadəcə bir mürəttibi vardı, o da erməni idi. Azərbaycanlı, türk olan bir mürəttib (şriftləri düzən, çap işini yerinə yetirən) tapılmırdı. “Əkinçi”nin şriftlərini həmin erməni yığırmış. Şriftləri yığa-yığa qəzetdə hansı materiallar var, növbəti sayda nədən yazılır, hamısını donos  edirmiş. Buna görə də Həsən bəyi çox incidirlərmiş. Millətimizin işığa çıxması üçün ömrünü fəda etmiş insanı heç vaxt unutmamalıyıq. Daim yad etməliyik. Ruhu şad olsun. Allah rəhmət eləsin”. Sonra da qəzetin yeni sayını rəmzi olaraq Həsən bəyin “qolları üzərinə” qoyduq, 25 qərənfili məzarı üstünə düzdük. Ruhuna dua oxuyub, aralandıq.  Həsən bəyin məzarından azca aralanmışdıq ki, bir dəstə məktəblinin Fəxri Xiyabanı zəyarətə gəldiklərini gördük. Uşaqlarla görüşdük. Məlum oldu ki, onlar Saatlı rayonundan gəliblər. Sinif rəhbəri onları əvvəlcə Şəhidlər Xiyabanına, oradan da bura, Fəxri Xiyabanı ziyarət etməyə gətirib. Məktəblilərlə söhbət etdik. Söhbət zamanı məlum oldu ki, onlar Saatlı rayonunda Ahıska türklərinin təhsil aldığı məktəbin şagirdləridir. 

Bunu eşidən A.Aşırlı Azərbaycanın ilk qadın jurnalisti, əslən Ahıska türkü Şəfiqə xanım Əfəndizadəni, böyük ziyalı Ömər Faiq Nemanzadəni xatırladı. Ömər Faiqin milli mətbuatımızın inkişafında müstəsna xidməti olduğunu, görkəmli ədib Cəlil Məmmədquluzadə ilə birlikdə “Qeyrət” mətbəəsini və “Molla Nəsrəddin” jurnalını təsis etdiyini dedi.

  Uşaqlara, müəllimlərə “Şərq” qəzeti payladıq. Fəxri Xiyabanı ziyarət edən digər vətəndaşlara da. Daha sonra Milli Elmlər Akademiyası və Hüseyn Cavid adına parkda paytaxt sakinlərinə qəzet paylayaraq “Hərəyə bir qəzet” fləşmobunu icra etdik. Qəzeti məmnunluqla qəbul edib, “oxuyuram, bəli”, deyənlər, qəzetə “çəpəki” baxanlar da oldu. Əsasən də gənclər. Nəzərlərini smartfondan ayırıb başlarını yuxarı qaldırırlar ki, başlarının üzərində milli mətbuatımızın banisi Həsən bəyin təməlini qoyduğu milli mətbuatımızın müasir dövrdə ən oxunaqlı və uzunömürlü qəzeti “Şərq”i də görsünlər?! Nə isə. Biz yolumuzla yolumuza davam edək. Haqq yolu olduğuna əminik çünki.  

Məlahət Rzayeva
İsmayıl Qocayev