AZƏRBAYCAN RADİOSU-95  - Bakı radiosunun ilk addımları 

Azərbaycanda müntəzəm radio verilişlərinin başlanması 1926-cı il noyabrın 6-dan hesablansa da, əslində ölkədə radio quruculuğunun tarixi daha bir neçə il əvvələ gedib çıxır. Bu tarixi araşdıran alimlərin bəziləri ölkədə radio quruculuğunun hələ Cümhuriyyət dövründə Gəncədən başlandığını, bəziləri isə bu tarixin əsasının 1923-cü ildə Bakıda qoyulduğunu qeyd edirlər.  

      Hələ 1924-cü ildə respublika qəzetlərində radio quruculuğu ilə bağlı çap olunan yazılar Azərbaycanda radionun tezliklə müntəzəm yayıma başlamasını zərurətə çevirirdi. Artıq 1926-cı il noyabrın 5-də “Bakinski raboçi” qəzeti xəbər verirdi ki, paytaxtın bütün meydanlarında və klublarənda qoyulmuş səsucaldanlar sabah “danşacaq”. Nəhayət, gözlənilən an yetişdi və 1926-cı il noyabrın 6-da SSRİ-nin ən böyük sənaye mərkəzlərindən birinə çevrilmiş Bakının iri küçə və meydanlarında quraşdırılmış radiocihazlar dilə gəldi: Diqqət! Diqqət! Danışır Bakı stasionu! 
Bu sözlər yoldan keçənləri ayaq saxlamağa və o vaxt üçün qeyri-adi olan bir olaya  hansısa qurğudan gələn səsi dinləməyə vadar edirdi. Çoxları o zaman qrammofonabənzər qurğudan insan səsinin yayılmasına heyrətlə baxır və lazımınca dərk etmirdi ki, bu cansız qurğu  bəşər dühasının yaratdığı böyük bir kəşfin  radionun artıq Azərbaycana da geniş ayaq açdığından xəbər verir.  
 
*  *  * 
İlk günlərdə Bakı studiyası öz verilişlərini axşam saatlarında və 60 dəqiqə ərzində yayımlayırdı. Lakin təxminən bir aydan sonra bu verilişlərin həcmi üç saata çatmışdı və radioya indi təkcə Bakıda deyil, onun ətrafında da maneəsiz qulaq asa bilirdilər. Verilişlər üç dildə  Azərbaycan, rus və erməni dillərində gedirdi. Ara-sıra yəhudi dilində də verilişlər səslənirdi. Verilişlərin, indiki mənada sistemli proqramı yox idi. Studiyadan, əsasən, rəsmi qəzetlərin baş məqalələri oxunurdu, siyasi xadimlər və şairlər çıxış edirdilər. Eyni zamanda radio ilə konsert proqramları, xanəndələrin çıxışları, müxtəlif məzmunlu elanlar səslənirdi. Konsertlərə daha geniş yer verilirdi. Təsadüfi deyildir ki, 1926-cı ilin noyabr-dekabr aylarında radio ilə 40 konsert verilmişdi Əhali bu konsertləri çox maraqla dinləyir, xanəndələrin çıxışlarına münasibət bildirirdi. 

İlk vaxtlarda ictimai yerlərdə, o cümlədən istehsalat müəssisələrində keçirilən diskussiyaların əsas mövzularından biri də “danışan qutu” ilə bağlı idi. Həmin vaxtlarda mətbuatda radionun ilk verilişləri barədə ara-sıra yazılar verilsə də, Bakı studiyasının “mətbəxini”, onun struktur və fəaliyyətini əks etdirən heç bir material dərc olunmamışdı. Əslində fəaliyyətə başladığı 5-6 ay ərzində bu studiya bir informasiya və yaradıcılıq mərkəzi kimi deyil, daha çox texniki qurum kimi diqqəti cəlb edirdi.  

 Müntəzəm radio yayımının başlanması ölkədə radio qurğularının və ötürücülərin sayının artmasını tələb edirdi. Radio bürosunun bu istiqamətə yönələn səyləri nəticə verdi. Əgər 1926-cı ildə Bakıda 50 radioqurğu var idisə, bir il sonra onların sayı 120-ni keçmişdi. Artıq 1927-ci ildə Naxçıvanda, yenicə Stepanakert adlandırılmış Xankəndində də radio həvəskarları dərnəkləri yaradıldı. Qubada, Şəkidə, Lənkəran və Astarada ötürücü stansiyalar tikildi. 1928-ci ildə kənd yerlərində radio qurğularının sayı 185-ə çatmışdı.  

1927-ci ilin fevral-mart aylarından etibarən radio tədricən kadrlar toplamağa, efirə yeni məzmun verməyə və öz işini canlandırmağa başlayır. Mahiyyətcə, radionun ilk 5 ilini təşəkkül dövrü, ciddi sınaqlar və formalaşma dövrü kimi qiymətləndirmək olar. Bu dövrdə, ilk addımlarını atan Bakı radiosu, həmin mərhələnin işıqlı simaları, radiomuzun kövrək iş qaydaları o illərdə radioda çalışmış, mikrofon qarşısında canlı efirin bir çox macəraları ilə üzləşmiş ilk əməkdaşların hafizəsində daha yaxşı qalmışdır. Bu baxımdan radionun ilk diktoru olan İsmayıl Əlibəylinin professor Qulu Məhərrəmlinin “Radio dərsləri” kitabında öz əksini tapmış xatirələri çox xarakterikdir. 

*  *  * 

   Bakı sudiyası yayıma başlayandan bir neçə ay sonra – 1927-ci ilin iyununda diktorluğa başlamış İsmayıl Əlibəyov xatırlayır ki, doğulduğu Ağdaş rayonundan Bakıya gəlib Politexnik İnstitutunda oxuduğu illərdə radio ilə də əməkdaşlığa başlayıb. Onun dediyinə görə, Radio studiyası Kommunist küçəsində (indiki İstiqlal  A.İ.), hazırda AMEA-nın Rəyasət Heyətinin binasında, üçüncü mərtəbədə, sol guşədə yerləşirdi. Studiya üç otaqdan ibarət kiçik bir idarə idi. Birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Bu, şəhər translyasiya şəbəkəsinin mərkəzi məntəqəsi idi. Aparatları bir nəfər növbətçi texnik idarə edirdi.  
İkinci otaq studiyaya giriş otağı idi. Efirə çıxmaq üçün dəvət olunanlar studiyaya keçməzdən əvvəl öz növbələrini gözləyirdilər. Bundan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi bir çamadanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi. Bu aparatı bir nəfər texnik idarə edirdi. Onun adı İzrail Qotlib idi. 

Mən müdirlə görüşüb burada işləmək üçün gəldiyimi bildirdim. Çox həyəcan keçirirdim. Çünki o zaman bu, qeyri-adi, yeni bir iş idi. Hündürboylu, cüssəli bir adam olan müdiri mən 1921-ci ildə Azərbaycan komsomolunun qurultayında görmüşdüm. Familiyası Verle idi. O mənə: 

 Səsinizi mikrofonda yoxlayarıq. Əgər veriliş keyfiyyətli çıxsa, qalıb işləyə bilərsiniz,  dedi.       
Mikrofon qarşısında tələsib çaşmamaq, sakit və adi bir tərzdə danışmaq haqqında bəzi məsləhətlər verdi. Sonra məni studiyaya aparıb mikrofon qarşısında oturtdu. Mizin lampasını yandırıb studiyadan çıxdı. Bu dəmdə mən özümü əfsanəvi bir aləmdə hiss edirdim. Nəhayət, iradəmi toplayıb oxumağa başladım. Təxminən 25 dəqiqədən sonra studiyanın qapısı açıldı. Müdir məni diktor vəzifəsinə qəbul etdiyini bildirdi. O gündən  iyun ayından etibarən mən hər gün axşam saat 19-dan 23.30-a qədər bu vəzifədə çalışmağa başladım. 

Radio verilişləri rus və Azərbaycan dillərində aparılırdı. Bundan əlavə erməni dilində “Kommunist” radio qəzetəsi verilirdi. Rusca verilişləri çox zaman Verle özü aparırdı. Qotlib və mən ona kömək edirdik. Bir neçə aydan sonra, yəni 1927-ci ilin payızında mən baş diktor vəzifəsinə təyin olundum. Bu zaman Arnold Martirosov və daha sonra Yelena Orbeliani rus diktorluğuna qəbul edildilər. 

Bədii və musiqi verilişləri o zaman müəyyən bir sistem üzrə qurulmuş proqramla deyil, icraçıların hazırladıqları repertuar əsasında müdirin özü tərəfindən tərtib edilən gündəlik proqramla gedirdi. Çünki radioda nə Qərb, nə də Şərq musiqisi rəhbəri hələ yox idi. 1927-ci ilin payızına yaxın Şərq musiqisinin rəhbəri kimi Zülfüqar Hacıbəyov, Qərb musiqisi rəhbəri sifətilə professor Presman kollektivimizə daxil oldular. Hərçənd kollektivimiz o zaman kiçik idi, lakin hazırladığımız verilişlər keyfiyyətcə məzmunlu, maraqlı, kəmiyyətcə xeyli zəngin idi. Burada o zamanın məşhur incəsənət xadimləri: Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Qurban Pirimov, Lazar, Saşa Ohonezaşvili, Qrişa Badalov, Cahan Talışinskaya, professor Bretanitski, professor Speranski, Vladimir Kozlov, habelə Vyana dirijoru Ştrassenin rəhbərliyi ilə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi.  

Ədəbi, ictimai və siyasi mövzularda verilişlərimiz, o cümlədən radio qəzeti, son xəbərlər, gündəlik metereoloji məlumatlar və s. müvəffəqiyyətlə aparılırdı. Bu materiallar lazımi diqqət və səliqə ilə möhtərəm əməkdaşımız Qubad Qasımovun rəhbərliyi altında xüsusi bir qrup tərəfindən hazırlanırdı. 

1928-ci ildə kollektivimizə Azərbaycan diktoru sifəti ilə Raya İmanzadə, daha sonra Ənvər Həsənov daxil oldular. Beləliklə, Azərbaycan radiosunda diktor qrupu bir qədər də genişləndi. Daha sonra o dövrdə görkəmli bəstəkar sayılan Müslüm Maqomayev radiostudiyanın bədii rəhbəri, yazıçı Məmməd Səid Ordubadi isə İctimai-siyasi və ədəbi dram verilişləri redaksiyasının baş redaktoru təyin olundular. Bu böyük şəxsiyyətlərin radioya gəlişi Azərbaycan radiosunun inkişaf tarixində yeni mərhələ açdı. 
 
Arzu İSAYEVA,                       
BDU-nun Multimedia və elektron    kommunikasiya 
kafedrasının müəllim, filologiya üzrə fəlsəfə doktoru