Azərbaycanın səsi, görüntüsü bütün regiona yayılacaq

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Şuşada ucaldılacaq teleradio qülləsi ölkəmizə informasiya və kommunikasiya sahəsində bir çox üstünlüklər qazandıracaq

"Ermənistan, Gürcüstan, Dağıstan, İran ərazilərində yayım mümkün olacaq. Bu qüllə müasir texniki şərtlərlə tikiləcək"


Zəfərimizin ilk ili ölkəmizin, xalqımızın, dövlətçiliyimizin  gələcəyinə hesablanmış tarixi hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Qarabağa növbəti səfər etdilər.

 Səfər zamanı dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak etdilər. Zəfər yoluyla mədəniyyətimizin beşiyi- təkcə Azərbaycanın deyil, regionun mədəniyyət paytaxtına çevrilən Şuşa şəhərinə gəldilər. Burada isə bir sıra yeniliklərə imza atdılar. Daşaltı kəndində tikiləcək məscidin və Şuşa şəhər xəstəxanasının təməlini qoydular. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldular. Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşdülər, söhbət etdilər, Cıdır düzündə oldular. 

Şuşa səfəri zamanı yaddaqalan işlərdən biri də cənab Prezident və Mehriban xanım Əliyeva tərəfindən Şuşa Radio-Televiziya yayım qülləsinin təməlinin qoyulması oldu. Dövlətimizin başçısına və birinci xanıma təməli qoyulan Şuşa Radio-Televiziya Yayım Stansiyası barədə məlumat verildi. Bildirildi ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. Stansiya dəfələrlə ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdı, avadanlıqlar zədələnmişdi, texniki binada ciddi dağıntılar baş vermişdi. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti də nəzarətdən çıxdı. Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra Şuşa Radio-Televiziya Yayım Stansiyasında ötən il dekabrın 31-dən radio-televiziya yayımlarının təşkili müvəqqəti bərpa edilib. Stansiyadan yayımlanan 11 televiziya proqramının Şuşa, Xankəndi şəhərlərində və Xocalı, Ağdam, Bərdə rayonlarında, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin olunub. Layihəyə əsasən burada 130 metrlik metal qüllə tikiləcək. Texniki binanın inşası Azərbaycanın telekommunikasiya sisteminin inkişaf etdiyi ölkələrdən birinə çevrildiyinin daha bir sübutu olacaq. İnşa olunacaq yeni qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.  Məlumat üçün o da bildirilir ki, vaxtilə Şuşada ilk bölgə televiziyası olub. Azərbaycan Televiziyası radionun yaranmasından 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda televiziyanın fəaliyyət göstərməsi nadir hadisə sayılsa da, Dövlət Televiziyası Azərbaycanda yeganə TV deyildi. Bölgə televiziyası olaraq, Şuşa televiziyası da fəaliyyət göstərirdi. 1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verirmiş. Bir neçə il öncə Şuşa televiziyasının bərpası gündəmə gətirildi.

 Televiziyanın Şuşadan kənarda belə olsa, fəaliyyət göstərməsinin önəmi vurğulandı. Bu təşəbbüs reallaşmasa da, gələcək üçün daha fərqli planların, təkliflərin səsləndirilməsinə zəmin rolunu oynadı. Lakin indi vəziyyət tamam fərqlidir. Azərbaycan artıq qalib ölkədir. İşğal altındakı ərazilər düşməndən təmizlənib. Azərbaycan regionun qüdrətli ölkəsi olaraq istənilən və vacib sayılan məkanlarda telekommunikasiya imkanlarını genişləndirməkdə sərbəstdir. Şuşa teleradio qülləsinin tikilməsi, Şuşada teleradio yayımının gerçəkləşməsi qələbəmizin məntiqi davamıdır. Xatırladaq ki, bu günlərdə keçirilmiş VIII Bakı Qlobal Forumunda iştirak edən Moldovanın sabiq Baş naziri Kiril Qaburiç də KİV-ə açıqlamasında “Azərbaycanın azad edilmiş bölgələrində teleyayım infrastrukturu qurması zəruridir" söyləmişdi. Sabiq baş nazir bildirmişdi ki, işğaldan azad edilmiş Qarabağda televiziya yayımına dair müvafiq infrastrukturla yanaşı, sürətli internet xidmətləri də təşkil edilməlidir.

Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Şərq”ə açıqlamasında Şuşada ucaldılacaq  teleradio qülləsinin ölkəmizə informasiya və kommunikasiya sahəsində bir çox üstünlüklər qazandıracağını qeyd etdi: 

-  Çox yaxşı haldır ki, işğaldan azad edilmiş ərazilərdə atılan addımlardan biri də Şuşa teleqülləsinin təməlinin qoyulması oldu. Bu, nəinki ölkəmizə, həmçinin bütün Qafqaz regionunun müasir kommunikasiyalar sahəsində üstünlüklər əldə etməsi deməkdir. Şuşada - ən hündür ərazidə teleqüllənin olması bizə tele-radio yayımının bütün ətraf bölgələrə yayımlanmasına imkan verəcək. Ermənistan, Gürcüstan, Dağıstan, İran ərazilərində yayım mümkün olacaq. Bu qüllə müasir texniki şərtlərlə tikiləcək. Bu da kənar dalğaların qarşısını alacaq. Kənar dalğalarla  mübarizəsində bizə ciddi avantaj verəcək.  Azərbaycanın səsi, Azərbaycanın görüntüsü bütün regiona yayılacaq. Çox geniş məsafələri əhatə edəcək. Etiraf edək ki, elə ərazilərimiz vardı, orada Azərbaycan radio-televiziyasının dalğalarının yayılması məhdud idi. Yerli əhali Azərbaycan radio-televiziyasına baxıb-qulaq asa bilmirdi, amma qonşu dövlətlərin teleradiosu asanlıqla yayılırdı. Şuşa qülləsi bunların qarşısını alacaq. Dövlətimiz, cənab prezident tərəfindən Şuşa qülləsinin tikilməsi sərəncamı çox vacib, zamana və tarixə hesablanmış addımdır. 

Q.Məhərrəmli xatırlatdı ki, vaxtilə Şuşada, “Qızıl Qaya” deyilən ərazidə Şuşa tele-radio mərkəzi yerləşib. Orada Azərbaycan Televiziyasının Şuşa bürosu fəaliyyət göstərirdi:

- 20 Yanvar faciəsi günlərində məhz bu tele-radio mərkəzindən Azərbaycanın səsi regiona yayıldı, paytaxtda baş vermiş Qanlı yanvar günü ilə bağlı məlumatlar dünya mediasına ötürüldü. Qarabağ münaqişəsi başlayan dövrdə də bu tele-radio mərkəzi üzərinə düşən işi şərəflə yerinə yetirdi. Biz bundan sonra Şuşada ucaldılacaq teleqüllənin işini səmərəli qurmaqla regionda ciddi informasiya şəbəkəsi əldə etmiş olacağıq.