Təbiəti ilk növbədə özümüz qorumalıyıq

İşğaldan azad edilmiş ərazilərimizdə  “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrası alqışalayiqdir

Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə geniş əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi olacaq
Ekologiya və ətraf mühitin mühafizəsi

Ekoloji problemlər dünyamızı fəlakətə sürükləyir. İqlim dəyişiklikləri, qlobal istiləşmə, qasırğa, sel, daşqınlar, torpaq sürüşmələri... bəşəriyyətə təhlükə yaradan, insan ölümünə səbəb olan təbii fəlakətlərin, əslində, təbii deyil, texnogen olduğu artıq sübuta yetib. Müsbət olan budur ki, təbiətə savaş açan insan bu savaşı elə özü bitirmək istəyir və bunun üçün yollar, vasitələr axtarır. Alternativ enerji mənbələrindən istifadə, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri də bunlardan biridir. 

Dünyada artıq belə nümunələr yüzlərlədir. Azərbaycan da təbiətimizi qorumaq, gələcək nəsillərə sağlam təhvil vermək, ümumilikdə bəşəriyyətin xilasına xidmət etmək üçün bütün mümkün imkanlardan istifadə edir. Qarabağın azadlığı uğrunda qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən   sonra işğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. 

Bununla Azərbaycan dövləti işğal faktoru nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın həsrət qaldığı torpaqlara qayıdışını təmin etməklə yanaşı, həm də regionda ekoloji təmizlik yaratmağı hədəfləyir. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq, bərpa işləri “Yaşıl enerji konsepsiyası” əsasında aparılır. Bu barədə Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda danışılıb. Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov qeyd edib ki, yenilənəbilir enerjinin ölkə üzrə, təxminən, 27 min meqavatlıq, işğaldan azad edilmiş ərazilərdə 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialı, zəngin daxili su ehtiyatları, həmçinin ümumilikdə 700 MVt-lıq rüzgar və günəş enerji layihələri üzrə planlaşdırılan hərraclar, Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq külək elektrik stansiyasının tikilməsi və “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı digər planlar Türkiyə investorları üçün geniş üfüqlər açır. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə geniş əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi olacaq. "Türkiyə şirkətlərinin iştirakı qədər yenilənəbilir enerji, enerji səmərəliliyi, energetikada bazar münasibətləri, tənzimləməyə dair Türkiyə təcrübəsi və dəstəyi də bizim üçün önəmlidir. Çünki hər zaman və bütün proseslərdə olduğu kimi, “Təmiz enerjili” gələcəyə doğru yolumuzda da Türkiyəni ən böyük müttəfiq görürük. Bunun ilk örnəklərindən biri İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinə Azərbaycanın ev sahibliyi etməsi üçün Türkiyənin öz namizədliyini geri çəkməklə nümayiş etdirdiyi dəstəkdir", deyə nazir qeyd edib. Türkiyə ilə əməkdaşlıqda Azərbaycan "yaşıl enerji"yə keçid hədəflərinə daha tez çata bilər. Nazir qeyd edib ki, Qarabağ günəş, külək və digər növ enerjilərin hazırlanması üçün nəhəng potensiala malikdir: "Türkiyə şirkətləri üçün Qarabağda böyük imkanlar yaradılıb. Azad edilmiş ərazilərdə reallaşdırılması planlaşdırılan "Yaşıl enerji konsepsiyası" çərçivəsində Azərbaycan həm dövlət, həm də özəl sektorda investorlar üçün əlverişli mühit yaradacaq. Biz Türkiyə ilə əməkdaşlıqda "yaşıl" enerjiyə keçid, eləcə də iqlim dəyişikliyi ilə mübarizədə hədəflərə daha tez çata bilərik". Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz də qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi planlaşdırılan “Yaşıl enerji konsepsiyası” çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektor Azərbaycanın yanında olacaq: "Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək".

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında hazırda dünyada alternativ enerji mənbələri – yenilənəbilir enerji resurslarından istifadəyə böyük ehtiyac var:

- Dünya artıq anlayıb ki, enerji rerurslarının israf olunması həm iqtisadiyyata ziyandır, ən böyük ziyan isə təbiətə, ekologiyaya dəyir. Arıtq bütün dünyada məişət tullantılarından səmərəli istifadə, bioenerji layihələri icra olunmaqdadır. İşğaldan azad edilmiş ərazilərimizdə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrası birmənalı alqışalayiqdir. Təbiəti ilk növbədə özümüz qorumalıyıq ki, təbiət də bizə qarşılıq versin. Kənd yerlərində, aktual problemlərdən biri alternativ enerji mənbələridir. Buraya günəş, bioenerji külək və sair enerji mənbələri aiddir. Məsələn, Almaniyada kəndə qaz verməkdənsə, bioenerjidən və günəş enerjisindən istifadə edirlər. Finlandiyanın Laplandiya əyalətində isə günəş enerjisindən istifadə edilir, küçələrin işıqlandırılması, ATM-lərin işi və sair cihazlar bu enerji ilə işləyir. Bunlar ekologiyanın təmizlənməsi, havanın saflaşdırılması üçün atılan addımlardır. Müsbət haldır ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə külək, günəş enerjisi, həmçinin dağ çaylarından alınacaq enerji proqnozlaşdırılıb. Azərbaycan alternativ enerji mənbələrinə görə zəngin ölkədir. Təkcə elə dağ çayları kifayət qədər elektrik enerjisi hasil etməyə imkan verir. Nəzərə almalıyıq ki, yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, ümumiyyətlə, bütün ölkə ərazisində axan bol sulu, gur çaylarımız var. Görürük ki, əksər ölkələr alternativ enerji mənbələrinin işlənməsinə investisiya cəlbində maraqlıdırlar, təkliflər irəli sürürlər. Bu, ölkəmizin təkcə iqtisadi inkişafına müsbət təsir göstərəcək amil deyil, həm də ekoloji təmizliyə nail olmağımızı şərtləndirəcək. Söhbət təkcə işğaldan azad edilmiş ərazilərdən getmir. Həmin ərazilərə yaxın coğrafiyada yerləşmiş bölgələr də bu layihələrdən faydalanacaq. Yaşıl enerji zonaları, yaşıl enerji konsepsiyalarının tətbiqi ümumilikdə ekoloji problemlərin, iqlim təlatümlərinin qarşısını ala bilər.