Mütərəqqi addımdır

Sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil ala biləcəklər

Bu dəyişiklikdən sonra cəmiyyətdə birgəlik, ahəngdarlıq, fərdlər arasında həmrəylik yaranacaq
Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması


Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil ala biləcək. Bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklərə əsasən, təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şərait yaradılacaq. 

Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qanunlara edilən dəyişiklik sağlamlıq imkanları məhdud şəxslərin birgə təhsilalma hüququnu tanıyır və bu kateqoriyadan olanlara təhsil almaları üçün xüsusi şəraitin yaradılmasını təmin edir. 

Təhsil eksperti Kamran Əsədovun “Şərq”ə açıqlamasına görə, sağlamlıq imkanları məhdud şagird və tələbələrin rastlaşdığı bir çox problemlər inklüziv cəmiyyətin yaranmasına və ümumiyyətlə, təhsilli əhalinin yetişməsinə ciddi əngəllər törədirdi. Yəni sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan, uyğun infrastruktur yoxdursa, təhsillə bağlı proqramlar heç bir ciddi effekt verə bilməz: 

- Hazırkı nəqliyyat infrastrukturu, küçələrin, yolların quruluşu sağlamlığı məhdud şəxslərin müstəqil hərəkətinə ciddi maneələr törədir. Hətta dövlət qurumları, təhsil müəssisələri və şirkətlərin bir çoxunun binası da sağlamlıq imkanı məhdud şəxslərin hərəkəti üçün əlverişsizdir. Böyük Britaniya və qardaş Türkiyədə bu sahədəki mövcud durum ölkəmiz üçün nümunə sayıla bilər. Hər iki ölkədə sağlamlıq imkanları məhdud şəxslərə əlavə imtahan müddəti verilir. Həmçinin belə şəxslər ehtiyaclarına uyğun imtahan materialları ilə də təmin edilirlər. Bizdə isə ali təhsil müəssisəsinə qəbul olan tələbə nə dövlət, nə də universitetdən maddi dəstək alır. Belə dəstəyin olmaması aşağı təminatlı ailələrdən gələn tələbələrin yolunu bağlayır. Təhsil haqqından başqa təhsillə bağlı dəstəkləyici texnoloji avadanlıqların da alınmasını vacib hesab etsək, o zaman tələbənin nə qədər maddi çətinlik çəkdiyini başa düşə bilərik. Böyük Britaniyada şagirdlərin təxminən 18 faizi bu və ya digər formada sağlamlıq imkanlarının məhdudiyyətindən əziyyət çəkir. Güclü təhsil sistemi ilə ad çıxarmağına baxmayaraq, Britaniyada da sağlamlıq imkanları məhdud şəxslərin nəzərə çarpacaq dərəcədə qismi, ya təkcə orta məktəb təhsilinə sahibdirlər, ya da ümumiyyətlə, heç bir təhsilləri yoxdur. Aparılan araşdırmalara görə, sağlamlıq imkanları məhdud insanların təxminən 30 faizi heç bir təhsil dərəcəsinə sahib deyildir.
K.Əsədov qeyd etdi ki, hazırda Azərbaycanda inklüziv təhsil sistemi mövcud deyil: 
- Sağlamlıq imkanları məhdud şəxslər xüsusi təhsil ocaqlarında təhsil alırlar. Lakin sevindirici haldır ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının Fəaliyyət Planında yaxın gələcəkdə (2015-2023) məktəbəqədər və ümumi təhsil müəssisələrinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsil proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Effektiv təhsilin və dolğun inkluziyanın təmin edilməsinin başlıca yollarından bir neçəsi infrastrukturun əlçatanlığı, sağlamlıq imkanları məhdud şəxslər üçün adekvat vasitələrin təminatı və sağlamlıq imkanları məhdud şəxslərə uyğun tədris materiallarının hazırlanmasıdır. Estoniyada olduğu kimi, Azərbaycanda da məktəblərin xüsusi ehtiyacları olan şagirdlər üçün proqram hazırlaması və bu məsələyə məsul koordinator təyinatını təklif edirik. Bundan başqa, sağlamlıq imkanları məhdud şəxslər üçün fərdiləşdirilmiş adekvat kurrikulumların hazırlanaraq həm xüsusi təhsil ocaqlarında, həm də normal məktəblərdə tətbiq edilməsi inklüziv təhsilin inkişafına dəstək olardı. Görmə qüsuru olan uşaqlar üçün xüsusi məktəblərin təcrübələrinin öyrənilməsi göstərdi ki, xarici dilin öyrənilməsi zamanı şagirdlərlə tədrisə xüsusi metodiki yanaşma korrektiv-pedaqoji işin müasir təşkili sahəsi az işlənib hazırlanıb. Sağlam uşaqlarla inkişaf qüsurları olan uşaqların bir yerdə təhsil almasına dair mübahisələr indiyədək səngimək bilmir. Əlil uşağın uşaq bağçasında kollektivlə konfliktdən yayınmasına və təhsil proqramının öhdəsindən gəlməsinə necə kömək etmək olar, necə etmək olar ki, o, dərslərdə yorulmasın və özünə inamını itirməsin. Hər bir uşağın təhsil hüququ var. Səhiyyə və təhsil orqanları onu məhdudlaşdırmır. Bu prosesdən hər iki tərəf udur. Bununla yanaşı, hələ bilinmir hansı tərəf daha çox qazanır – buna daha çox ehtiyacı olan əlil uşaq, yoxsa xeyirxahlıq və tolerantlıq dərsləri keçən adi uşaqlar. Amma, qanunlara artıq dəyişiklik edilib və Milli Məclis dəyişiklikləri təsdiqləyib. Hesab edirəm ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlara edilən dəyişiklik sağlamlıq imkanları məhdud şəxslərin digər kateqoriyadan olanlarla birgə təhsil almasını təmin edəcək. Sağlamlıq imkanları məhdud şəxslər də ümumi təhsil proqramına qoşularaq yararlana biləcək, cəmiyyətdə birgəlik, ahəngdarlıq, fərdlər arasında həmrəylik yaranacaq. Bu, çox mütərəqqi addımdır.