Beynəlxalq qurumlar işə başlamalıdır

Ekologiya və ətraf mühitin mühafizəsi

Ermənistanın törətdiyi ekoloji cinayətlər təkcə Azərbaycana deyil, ümumilikdə regiona faciələr gətirib

  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə müraciət edib. Müraciətdə Ermənistanın işğalçılıq siyasətinin hansı faciələrə səbəb olduğu vurğalınır, həmçinin 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə ekoloji terror törətdiyi qeyd edilir. “Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar olunub. 

Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir ki, bu da həyat və sağlamlıq üçün son dərəcə təhlükəli nəticələr verir. Bütövlükdə götürdükdə bəşəriyyətin təhlükəsizliyinə qəsd edən əməllərindən hələ də əl çəkməyən Ermənistan ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə regionun ekosisteminə ciddi zərər vurmaqda davam edir”, ifadələri yer alan müraciətdə Ermənistan Respublikası ərazisindəki “Metsamor” Atom Elektrik Stansiyasının bölgəyə vurduğu ekoloji zərərə də diqqət yönəldilib. 

Ombudsman müraciətində qeyd edir ki, Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının bu gün də fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Bu isə o deməkdir ki, regionun hər bir ölkəsi Çernobıl və Yaponiyanın Fukuşima AES-nin aqibətini yaşamaq təhlükəsi  ilə üz-üzədirlər. Müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə, onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb. Yeri gəlmişkən, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin Ermənistan üzrə tərəfdaşlığın implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd edilib ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili olaraq, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığımız hesabat, bəyanat və müraciətlərdə Ermənistanın törətdiyi müharibə və terror cinayətləri, o cümlədən mina problemi ilə bağlı faktlar əsasında məlumat verilməsinə, işarələnməmiş minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsinin əsaslandırılmasına baxmayaraq, qarşı tərəf bu məsələyə hər hansı bir reaksiya verməyib.

 Əksinə, beynəlxalq humanitar hüquqa tamamilə zidd olaraq, Ermənistan hələ də müxətlif diversiya qrupları vasitəsilə torpaqlarımızı minalarla çirkləndirməklə, ətraf mühitə qlobal təhlükə yaratmaqla mina terroru və ekosid cinayətlərini davam etdirir. Ombudsman müraciətində Laçın-Xankəndi yolunda Azərbaycan ekofəallarının artıq 45 gündür davam edən dinc etiraz aksiyasının daşıdığı məqsədə də toxunaraq bildirib ki, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühitə ciddi şəkildə zərər vurulur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində baş verən ciddi ekoloji fəsadlar bunu bir daha sübut edir. Təəssüf ki, beynəlxalq qurumlar hələ də bu məsələdə susur.

  Ombudsmanın insan hüquqları üzrə beynəlxalq təşkilatlara ünvanladığı növbəti müraciət barədə “Şərq”ə danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd etdi ki, Ermənistanın törətdiyi hərbi və ekoloji cinayətlər təkcə Azərbaycana deyil, ümumilikdə regiona faciələr gətirib: 

- Müraciətdə Ermənistanın cinayətləri ətraflı işıqlandırılıb, o cümlədən də törətdiyi ekoloji terror. Müsbət haldır ki, ombudsmanın müraciətində hazırda Laçın-Xankəndi yolunda davam edən ekoaksiya barədə də geniş məlumat verilir. Bu, həm də Ermənistan ombudsmanına tutarlı cavabdır. Ermənistan ombudsmanı bu günlərdə yayımladığı açıqlamada əsassız iddialarla çıxış edib, ekofəalların dinc aksiyasını az qala bölgədə “humanitar fəlakət” kimi qələmə verməyə cəhd edib. Halbuki Ermənistan 30 ilə yaxın müddətdə bölgədə bəşəri cinayətlərə imza atıb. Ekoloji terror da bəşəri cinayətdir. Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ətraf mühitin mühafizəsinə önəm verən ictimai fəallar tərəfindən Laçın-Xankəndi yolunda davam etdirilən dinc aksiya məhz Ermənistan tərəfindən ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı, talan edilməsi və nəticə etibarilə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaq məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixli qanununa əsasən, “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” 1998-ci il 25 iyun tarixli BMT Konvensiyasını ratifikasiya edib. Bu aksiya da ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən bu Konvensiyanın tələblərinə uyğun şəkildə keçirilir. 

Ombudsmanın müraciətində Azərbaycanın hüquqlarının təmini beynəlxalq sənədlərlə əsaslandırılıb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılıb, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub. Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında”, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” və qoşulduğu digər beynəlxalq konvensiyaları ratifikasiya etməkdən yayınır. 

Azərbaycan isə beynəlxalq hüquqa əsaslanaraq Ermənistanı uzun illər ərzində törətdiyi müharibə cinayətlərini və ekoloji terroru dayandırmağa çağırır və beynəlxaql təşkilatları da vasitəçi olaraq görür. Ermənistan transsərhəd çay olan Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsinə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoymalı, Azərbaycanın müvafiq dövlət orqanlarına ekoloji və digər fəsadlarla bağlı həmin yataqlarda monitorinq aparmasına şərait yaradılmalıdır. 

Bu müraciət BMT-nin Baş Katibi, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa İttifaqı da daxil bir sıra beynəlxalq təşkilatlara göndərilib. Hesab edirəm ki, bu, Azərbaycanın haqlı tələbidir və beynəlxalq qurumlar regionbda ekoloji terrora son qoyulması üçün nəhayət, konkret işə başlamalıdırlar.