Kibertəhlükəsizlik üzrə qış düşərgəsi fəaliyyətə başlayır

Əsas məqsəd İKT üzrə kadrların yetişdirilməsini sürətləndirməkdir

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması


  Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technest" Təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp 2023” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal səriştələrin inkişafi departamentinin rəhbəri Fatimə Ələkbərova, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi İnformasiya sistemləri və texnologiyalar idarəsinin rəisi Eşqin Məmmədov, “Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov, tərəfdaş qurumların nümayəndələri, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər. 

Tədbirin açılış mərasimində çıxış edən Akademiyanın rəisi Qulu Novruzov təşkil edilən layihənin önəmindən söz açaraq rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə istər ölkəmiz, istərsə də bütün dünyada kibertəhlükəsizlik sahəsində görülən işlərin getdikcə daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Q.Novruzov Akademiyanın tərəfdaşı “Coders Azerbaijan”la qurulan səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq, layihənin təşkilində əməyi keçən hər bir kəsə təşəkkür edib. Akademiya rəisi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla reallışdırılan inkişaf konsepiyasının davam etdirilməsində dövlətimizin savadlı və bacarıqlı gənclərə ehtiyacı olduğunu vurğulayaraq, layihəyə seçilən Akademiya tələbələrini təbrik edib və onlara uğurlar arzulayıb.

  Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova tələbələri qarşıdan gələn 2 fevral - Gənclər Günü münasibətilə təbrik edərək "Technest" təqaüd proqramı barəsində ətraflı bəhs edib. O, proqramın əsas məqsədinin İKT üzrə ölkədə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə vermək olduğunu qeyd edərək, gələcəkdə də Gömrük Akademiyası ilə birgə əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyinə əminliyini vurğulayıb. Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin İdarə rəisi Eşqin Məmmədov informasiya texnologiyalarının tətbiqi sahəsində gömkük orqanlarında həyata keçirilən islahatlardan söz açaraq tələbələrə İT sahəsi üzrə bilik və bacarıqlarının artırılmasına dair öz tövsiyələrini verib. “Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov isə təmsil etdiyi qurumun məqsədinin sənaye sektoru ilə təhsil sektorunu bir araya gətirərək İT sahəsi üzrə peşəkar kadr hazırlamaq olduğunu qeyd edərək, layihənin dəstəkçilərinə minnətdarlığını bildirib. 

Daha sonra tədbir iştirakçılarına layihə və tədris proqramı barəsində ətraflı məlumat verilib. Sonda Akademiyanın layihəyə seçilən 20 nəfər tələbəsinə hədiyyələr təqdim olunub. Qeyd edək ki, 1-14 fevral 2023-cü il tarixlərini əhatə edən düşərgə çərçivəsində iştirakçılar intensiv tədrisdə iştirak edərək həm nəzəri, həm də praktiki bilik və bacarıqlar qazanacaq və təlimin yekununda qruplar şəklində layihə hazırlayıb təqdim edəcəklər.

  Təhsil məsələləri üzrə ekspert Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında bu cür layihələrin ixxtisaslı gənc kadrların yetişməsində böyük əhəmiyyət daşıdığını bildirdi: 

- Müsbət haldır ki, hazırda bir çox ali təhsil müəssisələri müasir çağırışlara diqqət yönəltməyə başlayıb. Şahidi oluruq ki, bir sıra ali təhsil müəssisələri ayrı-ayrı qurumlarla əməkdaşlıq edir, tələbələrin təhsil aldıqları ixtisaslara uyğun təcrübə qazanmaları üçün müxtəlif layihələrdə iştiraklarını təmin edirlər. Xatırlayıram ki,  Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi ilə birlikdə “Gələcək üçün bacarıqlar” layihəsinə qoşulmuşdu. Layihə icra edildiyi müddətdə iştirakçılara biznes, sahibkarlıq, innovasiya menecmenti, layihələrin idarəetmə prinsipləri, startap məhsulunun inkişafı, İT, arxitektura və mühəndislik, komandanın idarəolunması, startapın maliyyələşdirilməsi və biznesə start, effektiv ünsiyyət bacarıqları və kommunikasiya kimi istiqamətlərdə təlimlər həyata keçirildi. Bu, ixtisaslaşma proqramı idi və tələbələrin iştirakı ilə xüsusi təlimləri əhatə edirdi. Belə layihələr tələbələrin daha çox bilik və təcrübə əldə etməsinə yardımçı olur. Tələbələr uyğun ixtisaslar üzrə müasir bilik və bacarıqların əldə edilməsi istiqamətinə yönləndirilir. Belə layihələr kadr potensialının artmasına xidmət edir. İnnovativ ideyaların inkişaf etdirilməsi üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsi vacibdir. Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin "Technest" Təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə keçirilən “Winter Cyber Security Camp 2023” layihəsi də bu qəbildəndir. Tələbələrin rəqəmsallaşma, kibertəhlükəsizlik, İKT sahəsində bilik və təcrübə əldə etməsi günümüzün vacib şərtlərindəndir. Hazırda bütün dünyada proqramlaşdırma, robototexnika, eləcə də kibertəhlükəsizlik mütəxəssisi öndə gedən ixtisaslardır. Kibertəhlükəsizliyin təmin edilməsi gömrük sistemində də vacibdir. Bizim tələbələr də bu biliklərə yiyələnməli, vacib olan vərdişləri əldə etməlidirlər. Müsbət haldır ki, ixtisaslı kadr potensialının formalaşması məqsədilə müxtəlif strukturlar ali təhsil ocaqları ilə əməkdaşlığa can atır.