Azərbaycan həqiqətlərinin ingilisdilli media vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac var
““ANEWZ” beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması ölkəmizin teleməkanı üçün mühüm hadisədir. Əsas məqsədlərindən biri Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə vermək olan “Anyus”un yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirəcəyinə şübhə etmirəm”.
Bu sözləri “Sherg.az"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib.
Həmkarımızın sözlərinə görə, “Anyus” televiziya kanalının yaranması Azərbaycanda ingiisdilli jurnalistikanın inkişafına və eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə səsinin daha geniş kütlələrə çatdırılmasında xeyli əhəmiyyətli olacaq. Ölkəmizdə ingilisdilli xəbər televiziyasına böyük ehtiyac olduğunu vurğulayan H.Heydərli Azərbaycanın artıq qlobal gücə sahib ölkələrdən biri olduğunu xatırladıb:
“Bu səbəbdən ölkəmizə qarşı dezinformasiya və feyknyuslar da daha qlobal xarakter daşıyır. Hazırda beynəlxalq miqyasda Azərbaycana qarşı aktiv dezinformasiya kampaniyası aparılmaqdadır. Daha çox da ingilisdilli medialarda ölkəmizə qarşı qara piar kampaniyası aparılır. Belə olan təqdirdə Azərbaycan həqiqətlərinin ingilisdilli media vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac var. Fikrimcə, yeni ingilisdilli telekanal bu baxımdan müstəsna rol oynayacaq, qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Əminəm ki, belə bir media orqanının fəaliyyətə başlaması, ümumən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, obyektiv mövqeyimizin müdafiəsi xüsusunda da öz sözünü deyəcək. Bu kanal həm də ölkəmizdə ingilisdilli jurnalistlərin formalaşmasına, peşəkarlaşmasına və dünya mediasına transfer olmasına çox böyük təsir edəcək. Bu televiziya kanalı təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının, Mərkəzi Asiya ölkələrinin haqq səsini də dünyaya çatdıracaq. Ölkəmizdə hər zaman xaricidilli jurnalistlərə ehtiyac olduğunu qeyd etmişik. Düzdür, Universitetlərin jurnalistika fakültələrində ingilis dili bölməsi fəaliyyət göstərir. Lakin həmin tələbələrin özlərini realizə etmələri, peşəkarlaşdırmaları üçün tribuna yox idi. Bundan sonrakı mərhələdə “ANEWZ” televiziya kanalının ingilisdilli tələbələrlə işbirliği içərisində olacağını, onları təcrübəyə cəlb edəcəklərini və nəhayət, məzun olduqda işlə təmin edəcəklərinə ümid edirəm. Məhz həmin jurnalistlər də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına böyük töhfə verəcəklər. Bizim haqlı mövqeymizi özümüzdən başqa heç kim dünya ictimaiyyətinə çatdıra bilməz. "Anyus" kanalının ingilisdilli vətənpərvər jurnalistlərimizin dünyaya çıxması üçün platforma, Azərbaycana qarşı aparılan kampaniyalara qarşı da bir sipər rolunu oynayan bir televiziya kanalı olmalıdır. "Anyus"dan gözləntilərimiz böyükdür və ilkin mərhələdə formalaşan kollektiv də qısa müddət ərzində bu kanalın çox böyük uğurlar əldə edəcəyini vəd edir”.
Qeyd edək ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən "Anyus" (ANEWZ) beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb. Bu barədə tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev deyib. R.Həmzəyev bildirib ki, həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan dünyaya çatdırılacaq. Onun sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan “Anyus” peyk, rəqəmsal, sosial media kanalları vasitəsilə izlənilə bilər: “Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.