"Həmrəylik bizi daha da ruhlandırdı"
Turan
07:37 25.05.2021
Media
842
"Türkiyə-Azərbaycan və bütövlükdə türk dünyasının media platformasının real məzmun alması sevindiricidir"
Dünən Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub. Təqdimat mərasimində Azərbaycan və Türkiyə media qurumlarının rəhbərləri, Türkiyənin və digər türkdilli ölkələrin səfirləri, diplomatlar, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Vurğulanıb ki, ilk dəfə həyata keçirilən layihənin məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və dil dəyərlərini əsas götürərək, türk dünyasının ortaq kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirməkdir.
Nadir proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir. Qeyd olunub ki, rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafının və təkmilləşməsinin əsasını təşkil edəcək. Eyni zamanda, nadir proqram təminatı sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.
Diqqətə çatdırılıb ki, türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir. Təqdimat mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bəyan edib ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir. İcraçı direktor vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycana Türkiyə qədər dəstək olan ölkə olmayıb:
“Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu həmrəylik bizi daha da ruhlandırdı və bizə əlavə güc verdi. Hərbi, siyasi, iqtisadi, mədəni, təhsil, ticarət sahələrində olduğu kimi, media əlaqələrimizin də daha dərindən və əhatəli inkişafı prioritet hədəfimizdir. Burada ən əsas amil birgə atacağımız addımlardır. Ölkələrimizin rəhbərlərinin verdiyi qərarlarla ötən ilin sentyabr ayında Prezidentin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi və bizim də tərkibində olduğumuz nümayəndə heyəti qardaş ölkənin mediası ilə birgə media platforması yaratmaq, hər bir ölkənin sosial mediası vasitəsilə dünyaya daha yaxından tanıdılması məqsədilə İstanbula səfər edib.
Səfər çərçivəsində hər iki ölkə arasında ortaq media platforması yaradılması ilə bağlı qərar qəbul edildi. Cəmi bir neçə ay sonra isə Azərbaycanla Türkiyə arasında media səhəsində strateji əməkdaşlıq haqqında memorandumun qəbul edilməsi haqqında qanun layihəsi təsdiqləndi. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təstiq edildi”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Şərq”ə vurğulayıb ki, Türkiyə-Azərbaycan media platformasının yaradılması ilə bağlı bir sıra istiqamətlərdə ciddi tədbirlər görülür. Baş redaktorun sözlərinə görə, Türkiyə-Azərbaycan və bütövlükdə türk dünyasının media platformasının real məzmun alması sevindiricidir:
“Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin bir sıra üstünlükləri var. Həmçinin, gələcək üçün daha böyük imkanların yaradılması nəzərdə tutulub.
Şübhəsiz ki, bundan sonra da yeni platformalar yaradılacaq. Sevindirici haldır ki, “Türk Dünyası” layihəsi ilk gündən peşəkar, ciddi platforma kimi formalaşır. Qarşıya qoyulan hədəflər də bütövlükdə Türkiyə və Azərbaycanın, eyni zamanda bu iki dövlətin ideya birliyi üzərindən formalaşan türk dünyasının birliyinə, bütövlüyünə xidmət edir.
Uğurlu bir addımdır, davamlı olmasını arzulayırıq”.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial