Aytən Ələkbərova: "Daha çox qızlar sosial medianın təsirinə məruz qalırlar" - MÜSAHİBƏ

"Bəylərimiz və xanımlarımız öz iş-güclərini atıb sosial mediada qadın və kişi ovuna çıxır"



"Demək olar ki, hazırda uşaqlar öz yaxın qohumlarını belə tanıya bilmir. Hardan tanısın ki? Axı onlar sosial mediada, onlayn oyunların içərisində böyüdülüb"


Son zamanlar istər Azərbaycanda, istərsə də dünyada sosial media insanların həyat tərzinə çevrilib. İlk yarandığı vaxtdan ziyalıların, ekspertlərin mənfi görüşləri ilə kamuflaj olunan sosial şəbəkə vasitələri artıq öz zərərlərini insanlara yetirir. Gənc, yaşlı xanımlar yarıçılpaq və çılpaq videogörüntülərini sosial media vasitəsi ilə cəmiyyətə sərgiləyir. Ailələr dağılır. Analar və ya atalar sosial şəbəkədə tanış olduğu şəxsə görə ailəsini, uşaqlarını atır. Uşaqlardan tutmuş böyüklərə kimi hər kəs əlindən telefonunu yerə qoymur. Artıq texnologiya dövrü insanları sözün həqiqi mənasında robotlaşdırıb.

Nə uşaqlar normal danışır, nə də ki, böyüyəndə cəmiyyətə adaptasiya olunur. Saymaqla bitməyən bu kimi problemlər hər keçən gün artır. 

“Sherg.az” sosial medianın insan psixologiyasına göstərdiyi və göstərəcəyi təsirlərlə bağlı psixoloq Aytən Ələkbərova ilə müzakirə apardıq.

- Hazırda sosial medianın insan psixologiyasına təsiri nədən ibarətdir? 

- Sosial şəbəkələrin insana müsbət, həm də mənfi təsirləri var. Sosial şəbəkədə yayılan mənfi görüntülər birbaşa insanların psixi inikasına təsir edir. Ümumiyyətlə, insanları təsir mexanizminə salan olaylar birbaşa psixi inika üzərində qurulur. Gördüyümüz, duyduğumuz hər hansı bir hadisə insanlarda maraq yaradıb, onları öz ağuşuna çəkir. Beləliklə də psixologiyamızda “görəsən bu nədir? Burada nə var? Mən bundan necə istifadə edə bilərəm” kimi suallar yaranır. İnsanlarda daha çox gördüyü hadisələrin mənfi yönlərini özünə çəkir. Hazırda əksər insanlar sosial medianın heç də yaxşı tərəflərindən istifadə etmir. Bəylərimiz və xanımlarımız öz iş-güclərini atıb sosial mediada qadın və kişi ovuna çıxır. Gənclərimiz bu sferada fenomen olmağa çalışır. Amma düşünmürlər ki, ötən bu zaman kəsiyi onların ömründən gedir. 

- Demək olar ki, bütün gənc ata və anaların bir neçə sosial şəbəkə profili var. Və onlar gün ərzində vaxt tapan kimi uşaqları ilə vaxt keçirmək əvəzinə sosial şəbəkədəki izləyicilərini seçirlər. Sizcə, bu cür hadisələr uşaqların psixologiyasında hansı zədələri yaradır?

- Doğru qeyd etdiz. Hazırda gənc ailələrimizin əsas vaxt keçirdiyi məkan sosial şəbəkələrdir. Onların bu cür davranışları uşaqları özlərinə qapanmağa sövq edir. Bu kimi olaylarla çox qarşılaşmışam. Ailələr artıq uşaqlarını qorxunc vəziyyətdə görəndə ayılır. Bir çox hallarda analar sosial şəbəkəyə başı qarışır, uşaqlarına da “eləmə, bəsdir” deyir. Uşaqlar heç nə etmədikdə belə onlar bu sözləri işlədir. Artıq bu şəraitdə uşaqların atadan, anadan gördüyü, öyrəndiyi nə olur? Və biz bu cür psixologiya ilə böyüyən uşaqlardan nə gözləyə bilərik ki? Valideynlər bu kimi məqamlarda çox diqqətli olmalıdır.

- Bir müddət əvvəl məşhur türk aktyorları Burak Özçivit və Fahriyə Evcən doğulmamış uşaqlarının adına sosial şəbəkə profili açdı. Qısa vaxt ərzində həmin profilin minlərlə izləyicisi oldu. Artıq bu trendə azərbaycanlı ailələr də qoşulub. Onlar dünyaya gəlməmiş uşaqların adına profil açır və öz fəaliyyətlərini uşaq böyüyənə kimi davam etdirir. Artıq bu situasiyada körpə bir növ sosial mediada böyüyür. Sizcə, bunun uşaqlara təsirləri nədən ibarət ola bilər? 

- Bir çox məşhurların rekord həddə izləyicisi olduğundan onlar sosial mediadan pul qazanmağa başlayırlar. Artıq uşaqlarının adına profillər açaraq gəlirlərini artırırlar. Yəni onlar məntiqi cəhətdən bunu edirlər. Amma bizdə bunu xaotik reallaşdırırlar. Yəni insanlar məşhurların həyatına özənir və onların etdiyini tətbiq edir. Lakin bu kimi addımlar uşaqların sosial şəbəkəyə baxımlılığını daha da artırır. Onlar böyüdükdə nə düzgün fikrini ifadə edir, nə ünsiyyət qurur, nə də ki, bir fərd kimi özünü cəmiyyətə təsdiq edə bilir. Demək olar ki, hazırda uşaqlar öz yaxın qohumlarını belə tanıya bilmir. Hardan tanısın ki? Axı onlar sosial mediada, onlayn oyunların içərisində böyüdülüb. Artıq qohumlar biri-birinə də qonaq getmir. Çünki hər kəsin bir sosial şəbəkə profili var və biri-birlərinə orada qonaq gəlib-gedir. 



- Son zamanlar sosial mediadan yaşlı kişinin öz qızı yaşında olan xanımla dostluq etdiyini, həyatını birləşdirmək istədiyini görürük. Bir müddət davam edən bu münasibət müəyyən pik nöqtələrə çatdıqdan sonra adətən qızlar ya aldadılır, ya atılır. Artıq bu cür travma almış bir gənc qız cəmiyyətə necə adaptasiya olur, ya onda hansı psixi fəsadlar qalır?

- Doğrudur, son zamanlar bizim yaşlı klavyatura “qəhrəmanlarımız” olan bəylərin həm sayları, həm də “fəaliyyətləri” artıb. Onlar sosial mediadan gənc, fikri qarışıq qızları özlərinə cəlb edir. Zamanla da cəlbedici sözlərdən, yumşaq, anlayışlı hərəkətlərdən istifadə edərək qızları yönləndirməyə başlayır. Bir müddət sonra həmin kişilərin maskası açıldıqda qızlar yarıyolda qalır. Beləliklə də 40-45 yaşlı bir bəy 17-19 yaşlı bir qızın həyatını alt-üst edir. Artıq o vəziyyəti yaşayan qız həyatda özünü təsdiq edə bilmir. Həmin qızlar ya intihar edir, ya arzuolunmaz yollara düçar olur, ya da ki, biri ilə evlənib həm öz, həm də yoldaşının həyatını məhv edir.

- Hazırda belə bir iddia var ki, dünyada “Xərçəng” xəstəliyinin dərmanı tapılıb. Amma insanların sayını tənzimləmək üçün bunu tibbə vermirlər. Bu tendensiyanı sosial media üzrə də apara bilərlərmi? Çünki sosial media istifadəçilərinin əksəriyyəti psixologiya olaraq evlənməyə, valideyn olmağa uzaq olur və ya bu sferaya baxıb intihar edənlərin sayı artır. 

- Bütün dünya əhalisinin sayını stabil saxlamaq üçün belə bir addım atıla bilər. Çünki sosial media insanları gec ailə qurmağa, qurduğu ailəni dağıtmağa sövq edir. Eyni zamanda bu yolla sonsuzluq da artır. Hər kəs telefonunu əlindən yerə qoymur. Telefon da şüalardan ibarətdir. Şüalanma da sonsuzluğu yaradan əsas faktordu. Bundan başqa gənclərimiz sosial medianın psixi təsirinə məruz qalaraq intihar edir. 

- Aytən xanım, indi daha çox qızları sosial mediadan uzaq tutmağa çalışırlar. Valideynlər daha çox qızlarının bu platformaya çıxışını əngəlləyir. Onlar qızların psixologiyasının daha tez pozulacağını düşünürlər. Sizcə, bu məsələdə ailələr haqlıdırmı? Ya bu qadağa məsələdən çıxış yolu ola bilərmi?

- Əslində qızlar daha çox sosial media təsirlərinə məruz qalırlar. Elə gündəlik xəbər manşetlərindən də gördüyümüz kimi evdən qaçmalarda, aldadılmalarda, intiharlarda qızların adı çəkilir. Çünki gənc xanımlarımız daha tez təsir altına düşə bilir. 10-15 il bundan əvvəlki gənc qız təfəkkürü ilə indiki gənc qız psixologiyası arasında kəskin fərqlər var. O zamanlar qızlara müəyyən yaş həddində anası gələcəyi ilə bağlı bəzi reallıqlardan danışırdı. Amma hazırda qızlarımız analarından çox bilir. İndi bəzi bəylər evlənməkdə çətinlik çəkir. Çünki indiki bəzi qızlarımızın çox keşmə-keşli keçmişi var.



- Gündəlik həyatda gənc ailələrdə ya qadınların, ya kişilərin ailəsini, uşaqlarını atıb sosial şəbəkədən tanış olduğu biri ilə getməsi hadisəsi ilə qarşılaşırıq. Sizcə, belə olaylar valideyni tərəfindən atılmış uşağın psixologiyasına necə təsir göstərir? O uşaqlar böyüdükdə sosial media istifadəçilərindən öz uşaqlıq intiqamını ala bilərmi?

- Məncə, sizin bu suallarınız “SOS” kimi qəbul olunmalıdır. Çünki uşaqlarını atıb sosial şəbəkədən tanış olduğu biri ilə gedən ata və anaların sayı hər il artmaqdadır. Həmin “valideyn”lər öz həyatımı yaşamalıyam deyib gedirlər, amma arxalarında qoyduğu uşaqlarını və onların həyatında yaradacağı problemləri düşünmürlər. Məsələn, narkomanlar daima ətrafdakı insanları öz tərəflərinə çəkmək istəyir. Yoluxucu xəstələr öz xəstəliyini sağlam insanlara yoluxdurmağa çalışır. Bu tendensiya burda da belə davam edir. Həmin uşaqlar səhəri gün böyüyüb başqa uşağın valideynini yoldan çıxarıb öz körpəlik intiqamını almağa çalışacaq. 

- Sizcə, sosial media neqativ halları bu dinamika ilə inkişaf etsə, 15-20 il sonrakı gənc nəsil hansı psixologiyada, təfəkkürdə olar? Bir psixoloq olaraq gələcək üçün hansı proqnozları verərsiniz?

- Artıq bir neçə ildir ki, cəmiyyət olaraq zəhərlənirik. Gəlin baxaq. Hər ötən gün xərçəng xəstəliyindən, sonsuzluqdan əziyyət çəkənlərin sayı artır. Bütün bunlar telefon və digər elektron cihazlardakı şüalanmanın nəticəsidir. Sosial şəbəkə insanları özünə o qədər bağlayıb ki, camaat təmiz hava almağa, gəzməyə belə getmək istəmir. Eyni zamanda qurulan ailələr belə uzun müddət davam edə bilmir. Çünki hər kəsi məşğul edən, həyatdakı problemlərdən uzaq tutan sosial şəbəkə var. Artıq insanlar narkomanlaşır. Hər kəs sosial media narkomanına çevrilir. Bu cür davam edən yolun, əlbəttə ki, sonlanacağı nöqtə yaxşı olmayacaq.