Bu günlərdə Polşa Azərbaycanlılarının Koordinasiya Şurası təsis olundu. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin də iştirak etdiyi təsis toplantısında səsvermə əsasında Xəlil Həsənov, Lalə Zeynalova və Rəsul Məmmədov Şuranın koordinatorları seçiliblər.
Şuranın koordinatorlarından biri, Varşava Azərbaycanlıları Birliyinin rəhbəri Rəsul Məmmədov bizimlə müsahibəsində özü haqqında məlumat verib, Polşadakı Azərbaycan diasporunun fəaliyyəti, Şuranın perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Modern.az onunla müsahibəni təqdim edir:
- Rəsul müəllim, Sizi Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçilməyiniz münasibətilə təbrik edirik. Zəhmət olmasa, özünüz haqqında – təhsiliniz, Polşaya yerləşməyiniz, buradakı fəaliyyətiniz barədə danışardız...Oxucularımız da Sizi tanısın.
- Bakıda dünyaya gəlmişəm... 2013-cü ildə ali təhsil almaq məqsədi ilə Polşanın Varşava şəhərini seçdim və burada təhsillimə başladım. Varşava Universitetində Maliyyə, mühasibat və idarəetmə üzrə təhsilimi bitirdikdən sonra gələn iş təkliflərini nəzərdən keçirdim və son nəticədə elə Varşavadakı şirkətlərin birində müştəri məsləhətçisi olaraq fəaliyyətə başladım, işə qəbulumdan 6 ay sonra şirkətdaxili müsahibədən uğurla keçib Keyfiyyətə nəzarət müdiri vəzifəsinə təyin olundum. 3 il burada çalışdan sonra əmək fəaliyyətimi başqa bir şirkətdə mühasib olaraq davam etdirdim.
- Diasor fəaliyyəti ilə nə vaxtdan və necə məşğul olmağa başladınız?
- 2013-cü ilin avqust ayında Varşavaya gəldiyim gündən maraqlanırdım ki, tariximizi və mədəniyyətimizi necə polyak xalqına çatdıra bilərəm. Düzünü desəm, ilk dəfə mən bunları düşünəndə təşkilat yaratmaq, silsilə tədbirlər təşkil etmək fikrim yox idi. İlk dəfə Varşavada mərkəzi metronun qarşısında üç nəfər 20 Yanvarla əlaqədar broşürlər payladıq. Təcrübəsizlikdən və polyak dilini bilmədiyimdən 2014-cü ildə hazırladığım broşürlər ingilis dilində idi. Yalnız sonradan, zamanla görülən işlərin keyfiyyətini artırdıq. Yadımdan çıxmır, həmin il yanvarın 19-da 24 dərəcə şaxtada 6 saat dayanıb broşürləri paylamışdıq və yerli əhalidən böyük maraq görmüşdük. Bundan sonra bir-birinin ardınca müxtəlif tədbirlər həyata keçirdik. Polşadakı Səfirliyimizlə əlaqə yaratdıq, onlar da bizə diaspor fəaliyyətimizdə böyük dəstək göstərməyə başladılar. Rəsmi və qeyri rəsmi görüşlərə - Polşa Seyminin, Türkiyə Böyük Millət Məclisinin spikerləri ilə görüşlərə dəvət edilmişəm. 2018-ci ildə Varşava Azərbaycanlıları Birliyini yaratdıq və təşkilat olaraq bir sıra tədbirlər həyata keçirdik: turizm sərgisi təşkil etdik, Polşadakı azərbaycanlılarla birgə işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin iki dəfə qarşısını aldıq. Qarabağ qazilərimizdən ibarət futbol komandamıza Varşavadakı yarışlarda dəstək olmaq üçün təşkilatçılıq etdik.
- Polşadakı Azərbaycan diasporunun vəziyyətini, onların fəaliyyətini, təşkilatlar arasında birlik və həmrəyliyi necə qiymətləndirərdiniz?
- Son illər ərzində Polşada görülən işlərin keyfiyyəti artır. Nəzərə alsaq ki, xaricdə təhsil almaq istəyən azərbaycanlılar üçün Polşa üstünlük verilən ölkələrdən biridir, bu səbəbdən son illərdə tələbələr buraya axın edir. Məhz elə bu səbəbdəndir ki, buradakı soydaşlarımızın sayı gündən-günə artır və məntiqi nəticə olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin sədri cənab Fuad Muradov, məhz Varşavaya səfər etdi və burada Koordinasiya Şurasının əsası qoyuldu. Burada fəaliyyət göstərən təşkilatlar bu zamana kimi müxtəlif tədbirlər planı hazırlayıb, müxtəlif layihələr həyata keçiriblər. Koordinasiya Şurası bundan sonra Polşada fəaliyyət göstərən təşkilatların fəaliyyət imkanlarını daha da genişləndirmək üçün öz dəstəyini göstərəcək.
- Şuranın sıralarını genişləndirmək və səmərəli fəaliyyət göstərmək üçün hansı addımlar atılmalıdır?
- Koordinasiya Şurası olaraq tezliklə qarşıdakı bir il üçün olan planlarımızı elan edəcəyik. İstər koordinatorların, istərsə də Polşadakı Azərbaycan diasporu adına fəaliyyət göstərən digər təşkilatların maraqllı ideyaları və təşəbbüsləri var. Yeri gəlmişkən, Koordinasiya Şurasında təmsil olunan təşkilatlar Polşanın demək olar ki bir çox şəhərlərini əhatə edir və yaxın vaxtlada onların sayının artmasını gözləyirik. Belə ki, Vrotslav, Katovitse, Qdansk, Sçeçin şəhərlərində fəaliyyət göstərən təşkilatlar artıq birgə fəaliyyət üçün müraciət ediblər. Koordinasiya Şurası layihələrin reallaşmasına böyük kömək göstərəcək, bu səbəbdən Polşadakı Azərbaycan icması Şura ilə birgə fəaliyyətdə maraqlıdır. Cənab Fuad Muradovun buradakı görüşündə qeyd etdiyi kimi, bizə dost münasibət bəsləyən digər millətlərlə birgə fəaliyyət göstərməyi də düşünürük.
Son olaraq, qeyd etmək istəyirəm ki, cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarınfa qeyd edir ki, o, 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Biz vətəndən uzaqda yaşayanlar bu qayğını hər zaman hiss edirik. Elə bu səbəbdən də Diasporla iş üzrə Dövlət Komitəsinin şüarını bir daha demək istəyirəm: Vətən uzaqda deyil!