Fərhad Cabbarov: "Televiziyanın sıravi bir adamın "Akademiyada heç bir iş görmürlər, bütün günü domino oynayırlar" fikrini efirə verməsi etik cəhətdən düzgün deyil"
"Tənqid olmalıdır və biz də bilirik ki, Akademiya sistemində çatışmazlıqlar çoxdur. Ancaq bunu kampaniya şəklində aparmaq, “Akademiya heç bir iş görmür, boş-boşuna dövlətin pullarını yeyirlər” və s. iddialar irəli sürmək doğru deyil"
Azərbaycan Milli Elmlər Akademiyası yenidən medianın gündəmindədir. Akademiyanı növbəti dəfə müzakirə predmetinə çevirən budəfəki məsələ AZTV-nin elm ocağı haqqında hazırladığı tənqidi reportajı olub. Dövlət Televiziyasının süjetində AMEA-nın fəaliyyəti sərt tənqid olunub. Kanalın müxbiri qurumun qarşısında olduğunu, lakin Akademiyanın heç bir işçisinin orada olmadığını söyləyib. Daha sonra binaya daxil olan müxbir və operator elm ocağının bomboş, heç kimin olmadığını, işıqların söndürüldüyünü vurğulayıb. Məhz həmin süjetdən sonra AMEA-nın gələcək taleyi həm sosial şəbəkələrdə, həm də ictimaiyyətdə yenidən müzakirə mövzusuna çevrilib. Bir sıra şəxslərin akademiyanın ləğv edilməsi ilə bağlı çağırışlar etdiklərinin şahidi oluruq. Onlar Akademiyada fəaliyyət göstərən elm adamlarını elmsizlikdə, ümumiyyətlə, fəaliyyətsizlikdə ittiham edirlər. Bəziləri isə AMEA-nın ölkə elminə tarixi töhfələr verdiyini və burada hələ də ciddi elmi tədqiqatların aparıldığını əsas gətirirlər. Buna görə də Akademiyanın qorunub saxlanılmasının zəruriliyini dilə gətirirlər. Mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, tarixçi-alim, tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarovla söhbətləşmək qərarına gəldik. “Şərq”in suallarını ətraflı cavablandıran tarixçi-alim AMEA ətrafında gedən söz-söhbətə, iddialara və AZTV ilə Akademiya arasındakı qalmaqala aydınlıq gətirdi...
- Fərhad müəllim, AMEA müəyyən proseslərdən sonra nisbətən nüfuzunu itirmiş elm ocağı kimi xarakterizə olunur. Akademiyanın əsas problemləri nədir? Niyə AMEA sovet dövründəki populyarlığını itirib?
- Akademiyanın əsas problemi maliyyələşmədir. İkinci problem AMEA-ya gənc kadrların cəlb edilməməsidir. Digər problem isə ümumilikdə struktur islahatlarının aparılmamasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının xarici akademiyalarla müqayisəsini aparır, tənqid edirlər. Ancaq Akademiyaya ayrılan vəsaiti dünyanın müxtəlif ölkələri ilə müqayisə etmək lazımdır. Elm öz-özünə inkişaf etmir, maliyyə dəstəyi mütləqdir. Elmi laboratoriyaların saxlanılması üçün müasir cihazlar alınmalıdır. Əlbəttə, bunlar edilir. Deyə bilmərəm ki, ümumiyyətlə, bu istiqamətdə işlər görülmür. Amma daha yüksək səviyyədə olmalıdır. Digər yandan elmi işçilərin əməkhaqları çox aşağıdır. Bu, Akademiya sistemində böyük problemdir. Məhz bu problem gənclərin AMEA-ya gəlməməsinin başlıca səbəbidir. Aşağı maaşla gənclər burada uzun müddət qalmırlar. Akademiyada yaşlaşma prosesi ciddidir. Alimlərin bir hissəsi müasir tələblərə cavab vermirlər. Modern elmdə gedən proseslərdən, yeniliklərdən xəbərsizdirlər. Attestasiyanın keçirilməsinə ehtiyac var. Struktur islahatlarının aparılması vacibdir. Buna da ehtiyac böyükdür. Akademiya sistemində idarəetməyə, Rəyasət Heyəti ilə institutlar arasındakı münasibətlərə ciddi şəkildə baxılmalıdır. Kadr islahatlarına ehtiyac var. Həddindən artıq ştatlara bəlkə də ehtiyac yoxdur. Müəyyən dərəcədə ixtisarlar mümkündür. Bunların hamısı Akademiyanın qarşılaşdığı ciddi problemlərdir.
- AMEA-nı “lazımsız qurum” kimi görənlər, hətta ləğvini tələb edənlər var. Bu yanaşmaya münasibətiniz necədir? Həqiqətənmi AMEA-ya ehtiyac yoxdur?
- Əgər bir quruma həqiqətən ehtiyac yoxdursa, onu ləğv etmək, yenisini yaratmaq olar. Bu, təbii prosesdir. Ancaq Akademiyaya yanaşmada bu cür mövqedən çıxış etmək elmin inkişafına töhfə verməyəcək. Akademiya ləğv olunsa, bu, Azərbaycana nə verəcək? Bəziləri Akademiyanı lazımsız qurum hesab edirlər. Televiziyalar da çox xoşagəlməz kampaniyaya start verirlər. Təəssüf edirəm ki, bu kampaniya bütün alimlərə qarşı aparılır. Elə təəssürat yaradılır ki, sanki alimlər ümumiyyətlə heç bir iş görmürlər. Birincisi, Akademiya ləğv olunursa, alimlər işsiz qalmalıdır. İkincisi, neft şirkəti hansısa enerji yataqlarını kəşf etdikdə ilk növbədə məsləhət üçün, iş üçün geoloqları dəvət edirlər. Geoloqların böyük hissəsi AMEA-da çalışır. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri gedir. İqtisadçı-alimlərimiz bu proseslərdə, dövlət proqamlarında yaxından iştirak edirlər. Azərbaycanda müxtəlif təbii proseslər – zəlzələ, çay daşqınları zamanı Akademiyada, ayrı-ayrı təhsil ocaqlarında çalışan alimlərə müraciət olunur. Arxeoloqlarımız Azərbaycanın bütün bölgələrində arxeoloji ekspedisiyalar aparırlar. Alimlərimiz xarici ekspedisiyalarda da iştirak edirlər. Tarixçilərimizin Qarabağla, İrəvanla, Zəngəzurla bağlı nə qədər kitabları var. Bu mövzularla bağlı danışanlar, müsahibə verənlər kimlərdir? Televiziyalar belə məsələlər gündəmdə olanda kimləri efirə dəvət edirlər? Əlbəttə ki, alimlərimizi. İndi bunların hamısının üzərindən xətt çəkdikdə, alimlər heç nə etmirlər dedikdə, ortaya sual çıxır ki, bəs bayaqdan sadaladığım işləri kim görür? Bu cür münasibət ola biməz. Tənqid olmalıdır və biz də bilirik ki, Akademiya sistemində çatışmazlıqlar çoxdur. Ancaq bunu kampaniya şəklində aparmaq, “Akademiya heç bir iş görmür, boş-boşuna dövlətin pullarını yeyirlər” və s. iddialar irəli sürmək doğru deyil. Dövlətin qoyduğu vəzifələr qarşısında Akademiya işini görür. Düzdür, bəlkə çağırışlara kifayət qədər cavab verilmir. Lakin birbaşa “heç bir iş görmür” kimi xarakterizə etmək yanlış yanaşmadır. Obyektiv olmaq lazımdır.
- Rəhbərliyin dəyişimindən sonra da Akademiyada zəruri islahatların getmədiyi yönündə iddialar var. Sizcə, islahatlar niyə aparılmır? Kim, niyə mane olur elmin inkişafına?
- Bildiyim qədər rəhbərlik dəyişəndən sonra AMEA-da elmin inkişafı ilə bağlı yeni proqram hazırlanır. Akademiyada bir neçə dəfə buna dair görüşlər, iclaslar keçirilib. Deyə bilmərəm ki, proses indi hansı səviyyədə, mərhələdədir. Amma bildiyimə görə, elmi institutlardan müəyyən təkliflər alınır. Yəqin ki, onlar ümumiləşdirilir. Hər hansı sənəd formasında, yaxud konsepsiya və ya strategiya şəklində həyata keçiriləcək. “Kim, niyə elmin inkişafına mane olur” sualına gəldikdə isə, mənə elə gəlir ki, sualı “kim mane olur” yox, “nələr mane olur?” formasında versək, daha doğru olar. Hər şeyi dövlətin üzərinə yükləmək olmaz. Akademiyaya müxtəlif fondlardan, şirkətlərdən, təşkilatlardan da vəsaitlər verilməlidir və sözsüz ki, şəffaflıq olmalıdır. Layihələrə özəl şirkətlər, sahibkarlar da qoşulmalı, dəstək olmalıdırlar. Hər şeyi dövlətdən ummaq doğru deyil.
- Alimlər “yox” sayılır, əksər hallarda efirlərə çıxarılmır. “Azərbaycanda elm və alimlər kifayət qədərdir, amma üzə çıxarılmır, təbliğ olunmur” demək olarmı? Əgər elədirsə, bunun günahı kimlərdədir?
- Elm elə sahədir ki, televiziya qarşısındakı geniş auditoriya üçün o qədər də maraqlı olmur. Hansısa riyaziyyatçı alimin efirdə öz kəşfləri barədə danışması izləyicilərin marağını cəlb etmir. Bu, təkcə bizdə deyil, bütün dünyada belədir. Əgər kanalın birində bədii film nümayiş olunursa, digərində fizik, yaxud kimyaçı alim öz icadından söz açırsa, təbii ki, filmə baxanların sayı daha çox olacaq. Elm kütləvi hal deyil və məhdud mütəxəssislər üçündür. Buna baxmayaraq, efirlərimizdə elmin təbliğ olunmaması reallıqdır. Bu məsələdə günahın bir hissəsini alimlərdə görürəm. Alimlər almi populyarlaşdıra bilmirlər. Digər tərəfdən televiziyalar da məsuliyyət daşıyırlar. Əgər efirlər Azərbaycanda elmin inkişafında, alimlərin tanınmasında maraqlıdırlarsa, telekanallar da bu istiqamətdə müəyyən işlər görməlidirlər. Televiziyalarda tariximizə aid çoxlu verilişlər, reportajlar olur, sənədli filmlər çəkilir. Tarixi proqramlar cəmiyyətdə maraq doğurur. Yeri gəlmişkən, həmin verilişlərə, sənədli filmlərə də bizim alimlər cəlb olunur. Halbuki, yenə həmin kanallar iddia edirlər ki, “alimlər işləmirlər”. Burada tərs-mütənasiblik var. Düşünürəm ki, burada müəyyən əlaqələndirmə olmalıdır. Akademiya, televiziya, ümumiyyətlə media bu məsələdə birgə işləməlidir ki, elmimiz cəmiyyətdə tanınsın və populyarlaşdırılsın.
- AZTV-nin məlum reportajı ciddi rezonans doğurdu. Televiziyanın “işləmirlər” iddiasına alimlərin reaksiyası necə oldu?
- AZTV-nin məlum reportajından sonra Akademiya əməkdaşlarının ciddi narazılıqları olub. Alimlərimiz sosial şəbəkədə bu haqda yazıblar. Elə başa düşülməsin ki, AMEA-nın alimləri tənqidlərə dözümsüzdürlər, yaxud özlərinə bəraət qazandırmağa çalışırlar. Narazılıq ona görədir ki, reportajlar qərəzli idi. Əgər islahat, tənqid lazımdırsa, bu, sağlam, qərəzsiz və obyektiv tənqid olmalıdır. Məsələn, sıravi vətəndaşın “Akademiyada heç bir iş görmürlər, bütün günü domino oynayırlar” deməsi və televiziya kanalının bunu efirə bu şəkildə verməsi etik cəhətdən düz deyil. Öz işinə sadiq olan minlərlə fədakar alimlərə hörmətsizlikdir. Digər tərəfdən müxbirin hansısa saatda Akademiyada işçiləri axtarmasının özü də subyektivlikdir. Akademiya zavod, fabrik, istehsalat qurumu deyil. Vacib deyil ki, alimlər bütün günü bir stol arxasında əyləşsinlər. Alimlər kitabxanalarda, arxivlərdə, evdə işləməlidirlər. Konfranslarda olmalıdırlar. Bunların hamısı işdir. Akademiya alimlərindən gecələr evdə işləyənlər, kitab, məqalə yazanlar da çoxdur. Yəni “səhər saat 9-dan axşam 6-ya qədər hamı işdə olmalıdır” yanaşması düzgün deyil. Akademiyanın işi bir qədər fərqlidir. Bunu dərk etmək lazımdır. Reportajların birtərəfli verilməsi də çoxlu suallar doğurur. Çünki tənqid olunur, amma həmin sistemdə işləyən adamlardan onların problemləri soruşulmur. Qarşı tərəfin mövqeyi, fikri öyrənilmir. Çox istərdim ki, bizim media Azərbaycan alimlərini bu qədər kiçiltməsin. Onların əməyini qiymətləndirsin. Hamını tərəzinin eyni gözünə qoymaq olmaz. Hər bir sahədə, eləcə də KİV-lərdə öz peşəsinə sadiq olan, yaxud əskinə, olmayan insanlar varsa, elmdə də vəziyyət o cürdür. Hansısa jurnalistin məsuliyyətsiz, qərəzli və qeyri-obyektiv davranışına görə bütün jurnalistlərə eyni gözlə baxmaq dorğu deyil.