Yusif Vəzir Çəmənzəminli varisi: “Amma belə olmadı. Xoşbəxtlik, qürur, sevinc hissi kədəri üstələdi, ağlamadım, ağlaya bilmədim. Kövrəlmək heç yadıma da düşmədi”
“Babamın yaşadığı ev Şuşanın Çuxur məhəlləsində idi. Hələ o məhəlləyə çatmayıb bərpa işləri. İnanıram ki, həmin məhəllədə işlər başlayanda Yusif Vəzirin ev-muzeyi də olacaq, adına küçə də veriləcək”
Azərbaycanın görkəmli ədəbi, ictimai-siyasi xadimi Yusif Vəzir Çəmənzəminlınin varisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla xanım Vəzirova ilə Şuşamız işğaldan azad edildikdən sonra həmsöhbət olmuşduq. Leyla xanım da Şuşa haqqında söz deməyə haqqı çatanlardan biridir. Ona bu haqqı həm də adı çəkiləndə ayağa qalxmaq borcumuz olan Yusif Vəzir Çəmənzəminli verir. Şuşanı Pənahəli xansız, Xurşidbanu Natəvansız, Üzeyir bəysiz, Əbdürrəhim bəy Haqverdiyevsiz, Seyid, Xan Şuşunskilərsiz, Əhməd bəy Ağayevsiz... (adını çəkmədiyimiz görkəmli xadimlərimizin hamısını hörmətlə yad edirik M.R.) təsəvvür edə bilmədiyimiz kimi, Yusif Vəzir Çəmənzəminlisiz də təsəvvür etmək mümkün deyil. Odur ki, bu görkəmli şəxsiyyətin zərif, incə varisi Leyla xanımla bu dəfə artıq xeyli bərpa olunmuş, tarixinə, gözəlliyinə qovuşan Şuşa barədə danışacağıq.
- Leyla xanım, xoş gördük, sizi yenidən. Sizinlə 2 il əvvəl həmsöhbət olmuşuq. Fevral ayı idi və Şuşamız 3 ay idi ki, işğaldan azad olunmşdu. Şuşamızın başından düşmən dumanı yeni çəkilmişdi. 3 ilə yaxın vaxt keçir artıq. Şuşada çox işlər görülüb. Bizim üçün maraqlıdır, necə izləyirsiniz Şuşadakı bərpa və quruculuq işlərini?
- Təbii ki, izləyirəm. Şuşa mənə o qədər doğmadır ki, oradakı müsbət dəyişikliyi, aparılan abadlıq işlərini addım-addım izləyirəm. Və qürur duyuram. Sürətli inkişaf gedir Şuşada. 30 ilə yaxın müddətdə düşmən Şuşanı darmadağın etdi. Mənfur qonşularımız zaman-zaman yalandan deyir ha “o torpaqlar bizimdi”, yalanlarını özləri ifşa etdilər. “Sənin” torpağın idisə, niyə viran qoyurdun? Harda görünüb ki, insan öz yurdunu, şəhərini darmadağın etsin?! Şuşanın əsl sahibləri ora qayıtdı və şəhər canlandı. 30 illik dağıntılar cənab Prezidetn İlham Əliyevin, Mehriban xanım Əliyevanın səyləri, diqqəti sayəsində, Şuşanı sevərək, qədir-qiymətini, dəyərini bilərək quruculuq, abadlıq işlərində iştirak edənlərin zəhməti sayəsində Şuşamız hər gün gözəlləşir. Sanki itirilmiş zamanı hamımız tez vaxtda geri qazanmaq istəyirik. Ömründən 30 il kəsilmiş Şuşaya həmin 30 ili, hələ ondan da artığını qaytarmaq istəyirik. Sizə deyim ki, buna nail olmuşuq. Həqiqətən də, Şuşada çox gözəl abadlıq, tikinti-bərpa işləri aparılır. Bu inkişafı televiziya vasitəsilə də izləyirəm, özüm də canlı şahidi olmuşam ki, bərpa işləri yüksək səviyyədə aparılır.
- Leyla xanım, onsuz da sizdən Şuşaya səfəriniz barədə soruşacaqdım, çünki gedib-getmədiyinizi dəqiq bilmirəm. Özünüz ipucu verdiniz artıq ki, getmisiniz.
- Bəli. İşğaldan sonrakı Şuşaya 2 dəfə səfər etmişəm. Ötən il mənim üçün əlamətdar oldu. Yaxşı deyiblər, söz vaxtına çəkər, ötən ilin mayında, daha dəqiq deyəcəm, mayın 16-da “REAL” televiziyasının dəvətilə Şuşaya getdim. Çox arzulayırdım Şuşaya getməyi. Bir var, uşaqlıq səfəri, bir də var, artıq yetkin bir insanın səfəri...
- Niyə belə “uzun çəkdi”, Şuşaya səfəriniz? Maraqlıdır və təəccüblüdür, Şuşaya gedən “ilk”lərdən niyə olmadınız?
- Bilirsiz, Şuşa mənim üçün o qədər doğmadır ki, ora hansısa turla səfər etməyi, açıq deyəcəm, özümə, yaxşı mənada sığışdırmadım. Özümə yaxın buraxa bilmirdim bu fikri. Mənə çox deyirdilər ki, a, niyə Şuşaya getmirsən, turlar var, aparırlar, gətirirlər... Mən şuşalıyam, ora turla necə gedə bilərdim?!. Nə Şuşaya qıydım turla səfər etməyi, nə də özümə!.. Öz evimizə qaçaraq, tur çərçivəsində getmək istəmirdim. Səbr etdim, gözlədim, nəhayət, dəvət gəldikdən sonra rahat bir şəkildə getdim. “REAL” televiziyası Şuşa, Şuşa Realnı Məktəb haqqında film hazırlayırdı. Məni də Şuşa Realnı Məktəbinin tələbəsi olmuş babam, görkəmli xadim Yusif Vəzir Çəmənzəminli barədə danışmağa dəvət etdilər.
- Yusif Vəzir Realnı Məktəbdə təhsil alıb, həm də dərs deyibmi orada?
- Yox, dərs deməyib. Təhsil alıb. Erməni-müsəlman davası başlayanda məcbur olub, məktəbi tərk edib, Bakı Realnı Məktəbdə təhsilini davam etdirib.
- Necə idi Realnı Məktəb?
- Çox dağılmış bir vəziyyətdə. Çəkilişlər də elə o dağıntılar arasında aparılırdı. May ayı idi, amma hava soyuq idi. 8 dərəcə isti vardı. Bakıda qışda belə temperatur olur. Təsəvvür edin ki, may ayında 8 dərəcə istilik olan bir şəhərdəsən. Mən də may ayına uyğun geyimdəydim. Nə yaxşı ki, yol çantama isti paltar da qoymuşdum. Şuşalı bunu bilir ki, hava hər an dəyişə bilər də. Hava soyuq idi deyə, məktəbin sobasını qaladılar. Təsəvvür edirsiniz, 19-cu əsrdə tikilmiş binanın sobası hələ də işlək vəziyyətdə qalmaqdadır. Görün, onu necə möhkəm inşa ediblərmiş.
- Çəkilişlər necə oldu?
- Əla. Düzdü, birinci gün o qədər yağış yağdı, işimiz çətinləşdi, yağış axşama doğru kəsdi. Sonra göy qurşağı göründü. Realnı məktəbin həyətində nə qədər ilbiz çıxmışdı. Fotolarını çəkmişdim. Sizə deyim, Şuşanın soyuğu da incitmir adamı. Soyuğunda, yağışında da bir mülayimlik, ürəyə yatımlıq var...
- Təbiətin möcüzələrinə şahid olmusunuz...
- Bəli!.. Çox gözəl, möhtəşəm görüntülər idi. Şuşa, may ayı, yağışlı hava, göy qurşağı... Məktəbin həyətini bürüyən yasəmənləri kaş görəydiniz!... Nə qədər yasəmən vardı. Bakıya da gətirdim onlardan, güldana qoydum... 2 gün qaldıq Şuşada. Eşidib bilənlər hətta qibtə etdilər ki “a, hələ 2 gün də qalmısan?!”. 17 dəqiqəlik film alındı. Nümayiş olunub televiziyada. Yutub kanalında da yerləşdirilib. İkinci dəfə də sentyabrın əvvəlində Azərbaycan Dövlət Televiziyasının dəvətilə getdim Şuşaya. Bu səfər də Yusif Vəzir Çəmənzəminlinin 135 illik yubileyi münasibətilə idi. Bu dəfə ailə üzvləriylə getdik. Mən, qardaşım Yusif və onun həyat yoldaşı. Amma gecələməyə qalmadıq, həmin gün geri qayıtdıq.
- Uşaqlıq illərində olmuşdunuz Şuşada, bir də indi, işğaldan azad edildikdən sonra. Duyğularınız da təbii ki, fərqlidir...
- Əlbəttə. Uşaq gözüylə başqa cür baxırsan, yetişkin insanın nəzərləri isə tamam başqadır. Şuşa işğal olunanda, işğaldan azad edildikdə keçirdiyim hissləri sizə danışmışam. O zaman Şuşaya getməmişdim. Mənə elə gəlirdi ki, Şuşaya gedəndə ağlayacam, kövrələcəm. Amma belə olmadı. Xoşbəxtlik, qürur, sevinc hissi kədəri üstələdi, ağlamadım, ağlaya bilmədim. Kövrəlmək heç yadıma da düşmədi. Mütəxəssislər araşdırıb ki, kədər göz yaşlarıyla, sevinc göz yaşlarının tərkibi fərqlidir. Göz yaşı insanın keçirdiyi hisslərə bağlıdır. Amma mən sevincdən də ağlamadım. Xoşbəxtlik hissi o qədər böyük, əzəmətli idi ki, göz yaşlarına ehtiyac belə yaranmadı.
- Şuşanın necə abadlaşdığını hamımız görürük. Ora gedən də, getməyən də. Bununla belə, sizdən şuşalı xanım kimi arzularınızı, istəklərinizi də soruşmaq istəyirəm. Məsələn, siz abadlaşan Şuşada nələri görmək istəyərdiniz? Uşaq vaxtı gəzdiyiniz yerlər, yaddaşınızda qalan məkanlar varmı?
- Şuşaya səfər zamanı, uşaq vaxtı qonaq olduğumuz evləri gördüm. Yanaşı dururlar. Onları görən kimi dedim, “ay Allah, biz bu evdə qonaq olmuşuq!”. O evləri görüb çox sevindim. Elə bil öz doğmalarımı görürdüm. Çox heyifsiləndim ki, Gövhər Ağa məscidinə gedə bilmədik. Həmin vaxt orada təmir gedirdi. Uşaq vaxtı Şuşada olanda “Mineral sular” pavilyonuna tez-tez gedərdik, ordakı sulardan içərdik. Çox istəyərdim ki, həmin pavilyon bərpa olunsun. Gövhər Ağa məscidinin qarşısında Bulaq meydanı vardı. Orda ailəvi şəkil də çəkdirmişdik...
- Ötən müsahibənizdə “çox istərdim ki, Şuşada Yusif Vəzir Çəmənzəminlinin ev-muzeyi fəaliyyət göstərsin”, demişdiniz. Bu məsələylə bağlı yenilik, dəyişiklik varmı? Heç kim inkar edə bilməz ki, Şuşada Yusif Vəzirin ev-muzeyinin olması bu görkəmli şəxsiyyətin halal haqqıdır. Eləcə də adına küçənin olması.
- Mənim nəsə deməyimdən asılı olmayaraq, əminəm ki, dövlətimiz gərəkən bütün işləri görəcək. İndi Şuşa ərazi-ərazi, məhəllə-məhəllə bərpa olunur. Şuşada 7 məhəllə olub. Babamın yaşadığı ev Şuşanın Çuxurlar məhəlləsində idi. Hələ o məhəlləyə çatmayıb bərpa işləri. İnanıram ki, həmin məhəllədə işlər başlayanda Yusif Vəzirin ev-muzeyi də olacaq, adına küçə də veriləcək. Şuşada küçələrə adlar yeni-yeni verilir.
- Leyla xanım, Şuşadan, Ağdamdan, eləcə də işğaldan azad edilmiş digər bölgələrimizdən silsilə verilişlər hazırlanır. Şuşadan hazırlanan verilişin bir hissəsini izləmişdim, teatrşünas İlham Rəhimli 2 şuşalıyla şəhəri gəzirdilər, hansı küçədə hansı görkəmli şəxsiyyətin evinin olduğundan danışırdılar. Şuşa da ki, hər addımda bir görkəmli şəxsiyyətin yaşamış olduğu məkandı. Biz də buna inanırıq ki, Yusif Vəzir Çəmənzəminlinin evindən də qısa zamanda reportaj hazırlanacaq. Həm də onun adını daşıyacaq küçədən.
- Mən də buna inanıram. Çünki Yusif Vəzir Şuşayla adı bir çəkilən şəxsiyyətdir.
- Şuşada yaşamaq istərdinizmi? Məlumdur, Bakıda işiniz, pedaqoji fəaliyyətiniz var. Bunları Şuşada icra etmək mümkün olar?
- Niyə istəmirəm, əlbəttə istəyərəm. Şuşada yaşamaq da istəyərəm, işləmək də. Hazırda çalışdığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşada filialı olub. İşğaldan əvvəl. İşğal zamanı filial Ağcabədiyə köçürüldü. Məncə, onu Şuşada yenə bərpa etmək olar. Şuşa hər cür infrastruktura malik müasir şəhər olacaq. Ali təhsil müəssisəsi də olmalıdır orda. Şuşa, bilirsiniz ki, Qafqazın konservatoriyasıdır. Musiqi məktəbi də olacaq, konservatoriya da bəlkə elə orda fəaliyyət göstərdi. Şuşaya nə qədər qonaqlar gəlir. Yəni çox qısa zamanda Şuşa regionun ən inkişaf etmiş şəhəri olacaq. Ürəyi, qəlbi tamamilə Şuşaya bağlı bir insan kimi orda yaşamağa da hazıram, işləməyə də.
- Təki siz ora köçün, yaşayın, biz də inşallah, qonaq gələrik sizə.
- İnşallah!
- Leyla xanım, bir məsələ də marağımdadı. Bunu da soruşum. Tələbələriniz sizin hansı nəslin nümayəndəsi, kimin varisi olduğunuzu bilirmi? Bilirlərsə, bu, sizə münasibətlərində özünü hansısa formada büruzə verirmi?
-Bilirsiz, mən heç vaxt özümü təqdim etməmişəm, (gülə-gülə) ... təvazökarlıqdan uzaq olsa da, deyim ki, təvazökaram... Məni həmişə başqaları təqdim edib. İşdə də, başqa tədbirlərdə də. Tələbələrim də ola bilsin, bunu bəzən üçüncü şəxslər vasitəsilə öyrəniblər, bəzən də özləri araşdırıblar. Bir dəfə tələbələrim mənə dedilər ki, biz xoşumuza gələn müəllimləri (gülümsünüb, “təvazökarlıq etmədim burda” dedi) araşdırırıq, sizi də araşdırdıq, siz Yusif Vəzir Çəmənzəminlinin nəvəsisiniz. Bu, mənə hansısa əlavə üstünlük vermir. Əksinə, məsuliyyət hissini ikiqat artırır. Təkcə tələbələrim qarşısında yox, ümumiyyətlə, həyat boyu cəmiyyət qarşısında da məsuliyyətimi artırıb.
Söhbətləşdi: Məlahət Rzayeva