“30 il bu xəyallarla yaşamadıqmı?!”
“İsveçdə hazırda yaşadığım evin həyətində əkdiyim gül-çiçəklərdən doğma yurdda da əkmək istəyirəm…”
“Ruhlar şəhəri” əsəri ilə Ağdamı bütün dünyaya qarış-qarış tanıdan Vahid Qazi – ruhlar şəhərinin sakini bu dəfə surreal reportaj hazırlayıb. ATV telekanalında yayımlanan “Ağdam və mən” layihəsinin daha bir iştirakçısı yazıçı-publisist Vahid Qazi olub. Və çəkiliş qrupu ilə Ağdama gedən Vahid Qazi doğma yurdda gördüklərini qəlbi ilə qələmə alıb:
“30 ildən sonra həyətimizdə yenə qələbəlik idi. Samovar qaynayır, çay dəmlənirdi. Dedim, bu mənzərədən balaca bir yazı yazım. Reportaj oldu, özü də sürreal... Siz də gəlin, qonağım olun. YURD YERİNDƏN SÜRREAL REPORTAJ. O gün telejurnalist Səadət Məmmədova məni evimizə qonaq apardı. Qəribə səslənir, bilirəm, amma doğru sözümdür, evimizdə onun qonağı oldum. Dedi, sən samovar qaynada-qaynada evinizdən, küçənizdən, şəhərinizdən danış, biz çəkək. Nə iş idisə, iki dəfə cəhd elədim, qalaya bilmədim, samovar azca tüstülənib söndü. Niyə belə oldu, anlamadım, İsveçdə samovarı bir dəfəyə qalamağı öyrənmişəm. Dadıma operatorlardan biri çatdı. Çayı isə özüm dəmlədim. 30 ildən sonra həyətimizdə, evimizin uçuq divarları arasında… Çəkiliş gün boyu davam elədi. Səadət Məmmədova briqadası ilə işlərini görür, mənsə zamanın o üzünə – uşaqlıq çağına keçmişdim.
…Operatorlar kameraları müxtəlif yerlərdə quraşdırıb çəkirlər. Jurnalist ağsaçlı müsahibinə suallar verir, o da danışır. Mən də uşaqlıq illərindən boylanıb baxıram, amma o yaşlı müsahibin nə dediyini anlaya bilmirəm. Öz işimin dalınca gedirəm – gah evimizin damına çıxıb Xıdırlı dağlarını seyr edirəm, gah da pəncərəmizdən küçəyə boylanıb gəlib-gedənə, maşınlara baxıram. Sonra bacımla hovuzu doldurub sevimli oyunumuza başladıq. Çaydan qapaqlarından “gəmi” düzəldib döyüşdürdük. Mənim “gəmim” yenə döyüşdən qalib çıxdı, “düşmən gəmi”sini batırdı. Başqa bir oyunu pilləkəndə davam etdirdik, axırda yorulub oturduq, həmişəki kimi anamızın işdən gəlişini pilləkəndə gözlədik. Darvazanın açılmasından bildim ki, gələn atamdır. Maşını içəri saldı. Təzə əkdiyi güllərin dibi qurumuşdu, gözü o saat aldı. Qoymazdı gülün dibi quruya. Şlanqı güllərə sarı çəkdi. Evimizin kirayənişin qızları da dərsdən qayıtmışdılar. Otaqlarından piano səsi gəlirdi, Bethovenin “Ay işığı” sonatasıydı.
…Səadət Məmmədova ağsaçlı müsahibinə suallar verirdi…
Onları həyətimizdə qoyub, küçəyə çıxdım. Şəhəri gəzməyə getdim. Yorulanacan dolandım. Axşama doğru geri qayıtdım. Şuşa dayanacağına çatmadan, “Köhnə hamam”ın tinindən sağa burulub küçəmizə yetişdim. Açıq pəncərədən bayıra axan hamam qoxusu burnuma dəydi. “Uçilişa”nın qızları ilə yenə üz-üzə gəlirik, saçımı qarışdırır, üzümə gülürlər. Uşaqlarla Milis küçəsində futbola bir azdan başlayacağıq. Şahin təzə oyuncaqlarını küçəyə çıxarıb. Sima xala oğlanlarının əlindən tutub şəhərə gəzməyə aparır. Yolun o üzündə Qaçay əmi siqaret çəkir. Açıq qapısından görünən həyətində Ələkbər əmi arvadı Marusya xalaya qızılgül yığır. Ramiz həkimin balaca şıltaq qızı Elnarə qaça-qaça evlərinə gedir. Rza yenə pəncərəni açıb, gitarasının səsi aləmə yayılır. Çəpər qonşumuz Elza müəllimə məktəbdən dönür, üzündəki xoş təbəssümlə mənə salam verir. Mənsə Tanrı dərgahına keçirəmmiş kimi səma rəngli darvazamızı açıb həyətimizə girirəm. Nənəm eyvandakı uzun masanın o başında buğlanan samovardan çay süzür. Stəkana qonşu Ağca arvadın göndərdiyi builki qarağat mürəbbəsindən salıb qarışdırır. Hörümçək toru kimi dəqiq işlənmiş qırış sifətinə yaraşıq verən məhrəm gülüşlə “Çayını soyutma”, deyir. Çay içə-içə eyvandan baxıram. Meşə kimi sıx həyətimizin ayağındakı hindən toyuğun qaqqıltısı həyəti başına götürüb. Demək, yumurtlayıb. Alt evdə piano susub, indi növbə skripkanındır. Pərvanədir, Paqanininin “La Campanella”sını çalır.
…Səadət Məmmədova ağsaçlı müsahibinə sual verir:
- Evinizi necə xatırlayırsınız?..”
Vahid bəyin bu möhtəşəm Ağdam tanıtımı ilə tanış olduqdan sonra özüylə əlaqə saxladıq. Bilənlər bilir ki, Vahid bəy 2012-ci ildən İsveçdə yaşayır. Bir-iki sualımız vardı. Cavab verməyə ağdamlılara xas qürurla razılaşdı.
- Vahid bəy, Ağdama qayıdıb orada məskunlaşmaq istəyirsinizmi, istərdinizmi?
- Əlbəttə, qayıdardım. 30 il bu xəyallarla yaşamadıqmı?! İndi ən önəmli məsələ vətəndaşların əmlak hüququdur. Dövlətin borcu vətəndaşın əmlak hüququnu təmin etməkdir. 6 sot ata yurdum niyə mənə qaytarılmasın?! Qayıdıb, yaşayıb, işləyərəm də. Mənə görə dünyanın havası, suyuna görə ən gözəl yeridir ora. Ciyərim yurd havasına öyrəşib, o havayla yaşamaq istəyir, o havayla nəfəs almaq istəyir. İsveçdə hazırda yaşadığım evin həyətində əkdiyim gül-çiçəklərdən doğma yurdda da əkmək istəyirəm…
- Reportajı oxuyanlar, təbii, təsirləndiklərini, kövrəldiklərini yazır. Hətta aralarında “Korvalol” içən də olub. Bir məsələ bizi düşündürdü. Ağdamlılar Ağdamın 30 il əvvəl olduğu kimi bərpa edilməsini, şəhərə öz doğma simasının qaytarılmasını arzulayırlar. Siz necə düşünürsünüz, bu, mümkündür?
- Əlbəttə, mümkündür. Mərkəzi hissəni, bir 30-40 minlik əhalinin yaşayacağı həyət evlərini yeni arxitekturda tikmək olar, ətrafda lap böyük şəhər salsınlar.
- Bəs Bakıya budədəfəki gəlişinizin hansısa özəl səbəbi vardı?
- Kitabım nəşr olundu. Dostlar təqdimat keçirdilər. Evdə uşaqlar biletimi aldılar ki, get. Artıq 1 həftədir İsveçdəyəm.
(Qeyd edək ki, bu, Vahid Qazinin “Ruhlar şəhəri: Yurd yazıları” kitabının üçüncü, yenilənmiş nəşridir və təqdimat bir müddət əvvəl Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilib).