“Mən bu həyatı dəyişə bilmərəm” - Axşam söhbəti

Arif  Əliyev: “Bütün səhvləri, doğruları, reallaşan arzuları, puç olan xəyallarım ilə hamısını yaşamışam”

“Vaxtımın çox böyük hissəsini dostlarım və yaxınlarımla bir yerdə  keçirməyə üstünlük verirəm. Bir də sağlamlığımla bağlı problemlər vaxtımı çox alır. Ona görə də işləməyə çox az vaxtım  qalır” 

Dünən Azərbaycanın Əməkdar jurnalisti, “Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri, Bakı Press Klubunun rəhbəri  Arif  Əliyevin doğum günü idi.  Onun 63 yaşı tamam oldu. A. Əliyev  ölkədə yeni, müstəqil medianın yaradıcılarından biri, azad düşüncənin təmsilçilərindəndir. Onun  qələmi də, yaradıcılığı da xarakteri qədər ləyaqətli və vicdanlıdır.
  “Sherg.az” qəzeti olaraq biz də doğum günü münasibəti ilə  Arif müəllimi təbrik edib, təəssüratlarını öyrəndik. 

- Arif müəllim, doğum gününüzü  qeyd edirsiniz? 

- Əlbəttə, mən doğum günlərini keçirməyi çox sevirəm. Hər il də ənənəvi qaydada  dostlarımın, yaxınlarımın  əhatə dairəsində qeyd edirəm. Heyif ki, ildən-ilə dost dairəsi  daralır, yaşımız artdıqca sayımız azalır və hər yanımızda qalan adamın dəyəri artır. Yəqin elə itkilərimizi də  bununla kompensasiya edirik.

- Yeni yaşınızdan nə gözləyirsiniz, hansı  planlarınız var? 

- Onsuz da biz nə plan qururuq-quraq, həyat özü bildiyi kimi korrektələr, dəyişikliklər  edir. Ona görə çox da  böyük planlarım yoxdur. Əsas  işim yaradıcılıqla bağlı istəklərimizi həyata keçirməkdir. Hiss edəndə ki zaman daralır, insan daha çox etmək istədikləri üçün tələsir. Hər dəfə də nəyinsə öhdəsindən gələndə bu hiss səni sevindirir. 

- 63 ili necə yaşadınız? Geriyə baxanda nə düşünürsünüz?

- Əvvəla, qəbul edirəm ki, keçmişi dəyişmək mümkün deyil. Hər nə qədər yaşadığımız  nələrisə həyatımızdan çıxartmaq istəsək də alınmır. Yaşadığımız  şeylərdən peşmanlığımız olubsa da, keçmişdə qalmalıdır.  Çalışmalıyıq ki, bu gün və sabahımızda eyni şeyləri təkrar etməyək.  Sözsüz ki, insan yaşadığı ömrə nəzər salanda çox şeyləri xatırlayır, bir də yaşasam filan  şeyi eləyərdimmi kimi düşüncələrə qapılır. Lakin o fikirləri nəzərimdən tez qovuram ki, artıq “olsaydı” üçün çox gecdir. Hər nə olubsa, bu, mənim həyatımdır.  Bütün səhvləri, doğruları, reallaşan arzuları, puç olan xəyallarım  ilə hamısını  yaşamışam. Mən bu həyatı dəyişə bilmərəm. Çalışıram bundan sonrakı həyatımla bağlı düzgün qərarlar verim, reallaşması daha inandırıcı olan işləri arzulayım. Qabaqda artıq yol qısadır deyə  vaxtımı övladlarım, dostlarımla  keçirmək istəyirəm. 
  
Onsuz da heç bir insan, heç bir peşə üçün təkmilləşmənin sonu  yoxdur. Yolumuz nə qədər uzun olsa da, yolun qalan hissəsi həyatdan nələrisə alacaq.    

- Hazırda nə işlə məşğulsunuz? Həm jurnalist, həm ssenarist kimi..

- Dediyim kimi, vaxtımın çox böyük hissəsini  dostlarım və yaxınlarımla bir yerdə  keçirməyə üstünlük verirəm. Bir də sağlamlığımla bağlı problemlər vaxtımı çox alır. Ona görə də işləməyə çox az vaxtım  qalır. 

Təbii ki, bu, tamamilə kənara çəkilmişəm anlamına gəlmir.  

Çalışıram ki, "Pressklub"da elə bir struktur, elə bir mühit  yaradım ki,  artıq mənə ehtiyacı qalmasın, özü-öz fəaliyyətini tənzimləyə bilsin. 

Eyni zamanda mənim üçün çox maraqlı olan və uzun müddətdir  məşğul olmaq istədiyim bir iş, şair Mikayıl Müşfiqin sirlərinin açılması ilə bağlı araşdırma  edirəm. 
  
Bir də Azərbaycanda çox maraqlı bir üsyan olub, Qarabağ üsyanı.  Onun haqqında məlumat çox azdır. İstəyirəm bu barədə daha detallı bir iş ərsəyə gətirim.  “Əsgərlər unudulanda ölürlər” kitabım və eyniadlı filmimdən sonra “Gəncə  üsyanı” ilə bağlı  da maraqlı bir kitabım olacaq.  Allah ömür versə, Universal Jurnalistika Məktəbi ilə bağlı planlarımızı reallaşdırmaq istəyirəm. Gücüm və vaxtım çatdığı qədər bu məktəbi yaratmaq istəyirəm. Media sahəsində çox böyük problemlər var, amma vacibi təhsildəki çatışmazlıqlardır. Gələcək jurnalistikanın təməlini məhz bu məktəbdə  qoymaq istəyirik. 

Və ən əsas işlərimdən biri oxumaqdır. Jurnalist oxumağı  nə vaxt dayandırsa tükənir. Bizim peşəmiz  bir çox sahələrlə bağlı olduğu üçün daim yenilikçi olmalı və prosesləri  izləməliyik. Bəzən görürük ki, özünün professional həddə çatdığını düşünüb oxumağı, araşdırmağı  dayandıran insan həmin andan tükənir.

- Arif müəllim, adətən insanlar yaşa dolduqca özünə qapanır. Siz isə daha çox   dost məclislərinə can atırsınız. Çox maraqlıdır, dostlarınızla nədən danışırsınız? Keçmiş xatirələr, yoxsa gələcək işlərdən...

- Xatirələr daha çox  təkliyi özündə əks etdirir. Mən dostlarımla bir yerdə olanda keçmişdən danışmağı xoşlamıram. Həmin an məni düşündürən  məsələləri müzakirə edir,  suallarıma cavab alıram.  Görüləcək işlərimlə bağlı məsləhətlər alıram. Xatirələri yaşamaq üçün canlı insanla ünsiyyət lazım deyil. Albomdakı şəkillərə baxar, ya da tək qalıb özün-özünlə danışmaq da kifayət edir. Ən zəngin arxiv insan  beynidir. Oradan nəyi istəsən soruşa, xatirində canlandırıb baxa bilərsən. Hətta istəsən lap  yaşadığın nələrisə  çıxarıb  dəyişə, tozunu silib yenidən yerinə də qoya  bilərsən. Yaşamaq və yaratmaq üçün mütləq dost məclisi, canlı ünsiyyət  lazımdır.  Təklikdə bu işlərin öhdəsindən gələ bilməzsən. Əlbəttə, bu dünyaya tək gəlib, tək gedirik. Amma yaşadığın müddətdə aradakı məsafəni doldurmaq üçün də insanlara ehtiyac var.

- Jurnalistika Məktəbinin yaradıcısı olaraq gənc jurnalistlərə,  jurnalistikaya gəlmək istəyən gənclərə nə  tövsiyə edirsiniz?  

- Tövsiyə verməyimi istəyirsinizsə, deməli, artıq qocaldığıma işarə edirsiniz, çünki tövsiyə vermək yaşlı insanların işidir.

- Peşəkarlığın yaşı olmur axı...

- Düzdür, birinə  tövsiyə vermək  yaxşı şeydir, amma  ən yaxşısı nümunə  olmaqdır. Mən də gənclərə tövsiyə verməkdənsə, prinsiplərin,  yanaşma tərzinin düzgünlüyünü öz  yazılarımda nümayiş etdirməyə daha çox üstünlük verirəm. Quru sözlərlə məsləhət verməyin elə bir faydası olmur. Ona görə də cavanların beynini artıq informasiya ilə yükləmək istəmirəm. Demək istədiyim hər şey atdığım addımlarda, yazdığım yazılarda, müdafiə etdiyim prinsiplərdədir. 
  
  Qeyd edək ki, Arif Aslan oğlu Əliyev 1960-cı ilin 31 avqustunda Qazaxda  anadan olub.  M.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1983-1988). “Azərinform”un xüsusi müxbiri (1983-1986), “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri (1986-1988), “Azadlıq”ın baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru (1989-1991), “TURAN”ın məlumat-nəşriyyat müəssisənin baş müdiri (1991-1992), Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi (1992-1993), “Xəzər” Universitetinin müəllimi (1994-1995), “Gün” qəzetinin idarə heyətinin sədri (2005) işləyib. “Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri (1995), Bakı Mətbuat Klubunun prezidenti (1998), “Media açarı” Jurnalist mükafatının təsisçisidir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində iştirak edib. Mətbuatda 800-dən artıq məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifi, 9 kitabın müəllifi və tərtibatçısıdır. 2017-ci ildən Ayna TV-nin "Aynada" verilişinin müəllif və iştirakçılarından biridir.