“Biz dövlətçilik təəssübkeşliyi və peşəkarlığı hər şeydən üstün tutan qəzet yaratdıq”
Azərbaycan mediasında öz dəsti-xətti ilə seçilən "Bakı Xəbər" qəzetinin 20 yaşı tamam oldu. "Bakı -Xəbər" 2003-cü il sentyabrın 4-də ilk nüsxəsi ilə oxucuların görüşünə gəlib.
Qəzetin baş redaktoru Aydın Quliyev “Sherg.az”a müsahibəsində “Bakı-Xəbər”in yaranma zərurətindən, qarşıya qoyduğu hədəflərdən danışıb.
-“Bakı- Xəbər” qəzetinin 20 yaşını necə qeyd edəcəksiniz?
-Bu hadisənin ölkə ictimaiyyətinə çatdırılması üçün əsas diqqəti informasiyalara yönəltmişik. Sözsüz ki, 20 illik yubleyimizi xüsusi mərasimlə qeyd edəcəyik. Yuvarlaq ildönümü olduğu üçün yaxın həftələrdə kollektivin və qəzetin yaranmasında bilavasitə rolu, iştirakı olan şəxslərin, ölkə ictimaiyyətini təmsil edən şəxslərin, tanınmış ziyalıların iştirakı ilə yekun yubley tədbiri keçirtmək planımız var. Konkret tarixi elan edəcəyik...
-Necə oldu ki, “Bakı- xəbər” qəzeti nəşr olundu?
-Qəzetin yarandığı dövr Azərbaycanın ən gərgin ictimai – siyasi dövrlərindən biri idi. Qəzet bazarında sıxlıq idi deyə çoxları yeni yaranan qəzetin, jurnalın ciddi uğur qazanacağına ehtimal vermir, hətta uğursuz bir yolun başlanğıcı kimi baxırdılar. Qəzet bolluğu şəraitində “Bakı Xəbər”in populyarlıq qazanıb- qazanmayacağı sualı ətrafında şübhələr var idi. Amma bizim kollektiv çox böyük iradə və cəsarət nümayiş etdirərək öz gücünə inamını göstərdi. Pessimist yanaşmalara baxmayaraq o zamankı kollektivimiz gələcəyə ümid baxdılar. Öz təcrübələrinə və prinsiplərinə söykənərək “Bakı- xəbər” qəzetini təsis elədilər. Biz bütün kollektiv olaraq buna inandıq, sonda da sübut etdik ki, inamımızda haqlı imişik. Sübut edə bildik ki, bütün kollektiv əgər hansısa hədəfə inanırsa, hamılıqla istənilən nəticəni əldə etmək o qədər də çətin olmaz. Biz bütün peşə çətinliklərini birlikdə aşmağı bacardıq, dövlətçilik təəssübkeşliyi və peşəkarlığı hər şeydən üstün tutan qəzet yaratdıq.
-Bəs bu gün necə? “Bakı- Xəbər” qəzeti gözləntilərinizi doğrulda bildimi?
- Qəzetin 20 illik tarixini şərti olaraq iki mərhələyə bölmək olar. Birinci mərhələdə partiya qəzeti kimi fəaliyyətə başladı. Yəni “Bakı- xəbər” bir mətbuat orqanınından əlavə, siyasi mübarizə tribunası idi. Bu mərhələnin özünəməxsus uğurları, uğursuzluqları oldu. Lakin 2006-ci ildən sonra qəzetin ikinci mərhələsi başlayıb. Siyasi partiyalı, müxalif kursdan müstəqil qəzet mövqeyinə keçid edib. Hətta deyərdim ki, siyasi partiyalı mövqedən müstəliq mediaya keçid edən ilk qəzet nümunəsi məhz “Bakı- xəbər” qəzetidir. Necə ki 2003-ci ildə qəzet yarananda bəziləri bizim uğur qazanacağımıza şübhə ilə yanaşırdılar, eyni ilə 2006-cı ildə partiyalı və siyasi müxalif mövqedən müstəqil və tənqidi media mövqeyinə keçəndə də bizim ayaqda qalacağımıza inanmadılar. Lakin hər iki mərhələdə biz öz hədəflərimizin arxasında getdik və Bakı-Xəbər” qəzetinin media ailəsində yerini tutmasına nail ola bildik. Sübut edə bildik ki, bütün kollektiv əgər hansısa hədəfə inanırsa, hamılıqla istənilən nəticəni əldə etmək o qədər də çətin olmaz."Bakı-Xəbər"i təsis etmiş dəyərli qələm dostlarımın az bir hissəsi bu gün bu doğma ocaqda fəaliyyətini davam etdirir, digər çoxsaylı hissəsi isə özlərinin müxtəlif zamanlarda yaratdığı mətbu orqana rəhbərlik edir. Ötən 20 il ərzində Biz "Bakı-Xəbər"i öz dəst-xətti olan məktəbə çevirdik, media ailəsində öz yerini tuta bilən bir qəzet yaratmaqla bərabər, bu məktəbi həm də baş redaktorlar yetişdirən özünəməxsus təhsil müəssisəsinə çevirməyi bacardıq".
-“Bakı Xəbər”lə bağlı yaxın gələcək üçün hansı planlarınız var?
-Bir çap orqanı kimi yaranmağımıza baxmayaraq həm də onlayn media plarformasna transfer etmişik. Eyni zamanda “Bakı- xəbər” TV olaraq canlı yayımlar edirik. Mərhələdən- mərhələyə, formadan- formaya keçərək inkişaf edən edən “Bakı- xəbər”in yolu da, uğurlarıda davamlı olacaq.