“Psixoloji olaraq azərbaycanca düşünə bilməyən belə gənclərin mənəvi olaraq Azərbaycanla bağlılığı olmur”
“Ana dili - Azərbaycan məktəbi” layihəsi məsafədən dərslərə start verib. Bu günədək 29 fərqli ölkədən 600-ə yaxın soydaşımız layihədə iştirak üçün müraciət edib. Müraciətlərin təhlili aparıldıqdan sonra ümumilikdə 35 qrup olmaqla 6-18 yaş kateqoriyası üzrə 300-dən çox iştirakçı ana dili dərslərinə başlayıb.
Qeyd edək ki, “Ana dili - Azərbaycan məktəbi” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə xaricdə yaşayan soydaşlarımız üçün ana dilini məsafədən öyrənməni təmin edən pilot layihədir.
Layihənin məqsədi xaricdə doğulan azərbaycanlı uşaqlara ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmaq, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın ən dəyərli mənəvi sərvətimiz olan ana dilimizi öyrənməsini təmin etməkdir. İştirakçılar ana dilində yazmağı, oxumağı, danışmağı öyrənməklə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında da məlumat əldə edə biləcəklər.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri
Fuad Hüseynzadə "Sherg.az"a müsahibəsində Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi "Ana dili-Azərbaycan məktəbi" layihəsini yüksək qiymətləndirib:
"Bu gün dünya azərbaycanlılarının əsl hüquq azadlıqlarını, milli kimliyini və müstəqil dövlətçilik tarixini bilməsi və ana vətənə bağlılığı mühüm əhəmiyyət kəsb edir. Milli kimliyi, eləcə də mənəvi dəyərlərimizi özündə əks etdirən dil, din, azərbaycançılıq ideologiyası, vətənpərvərlik, mədəniyyət, adət-ənənələr, musiqimiz, maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdən biridir.
Azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması Azərbaycan diasporunun qarşısında duran prioritet vəzifələrdir. Reallıq göstərir ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli kimliklərini, mədəniyyətimizi, adət və ənənələrimizi, ana dilimizi istənilən səviyyədə qoruya bilmir, eləcə də praktikada tətbiq etmir. Hətta mövcud vəziyyət gələcək nəsillərin adətə-ənənəmizdən, milli-mənəvi dəyərlərimizdən, ana dilimizdən xəbərsiz olacağını deməyə əsas verir. Xarici ölkələrdə apardığımız araşdırmalar zamanı xüsusən gənclərin bütün bunlar haqda məlumatsız olmasını müşahidə etmişik. Təəssüf ki, bu gün xaricdə dünyaya gələn azərbaycanlı gənclərin əksəriyyəti Azərbaycan dilində danışa bilmir. Xaricdəki azərbaycanlı ailələrin böyük əksəriyyətində bu problem yaşanır və onlar bundan ciddi narahatdırlar. Psixoloji olaraq azərbaycanca düşünə bilməyən belə gənclərin mənəvi olaraq Azərbaycanla bağlılığı olmur. Belə olduqda həmin gənclərin Azərbaycan mədəniyyətinə, milli dəyərlərinə və adət-ənənələrinə marağı olmur. Bu, eyni zamanda ikinci nəsil diasporun itməsi təhlükəsindən xəbər verir. Ayrıca, xaricdəki soydaşlarımız arasında ixtilafların yaranması, şəxsi ambisiyaların önə çıxması, həmrəylik və birliyin yaranmasına mənfi təsir edir. Hətta bəzi ölkələrdə bir sıra soydaşlar yad ideologiyaların təsiri altına düşərək neqativ fəaliyyət göstərirlər. Bütün bunlar da dünya azərbaycanlılarının, eləcə də Azərbaycan dövlətinin imicinin aşağı düşməsinə səbəb ola bilər. Bu kimi neqativ halların qarşısının alınması üçün xaricdəki soydaşlarımız arasında milli kimliyin formalaşdırılması, adət-ənənələrimizin, milli dəyərlərimizin, mədəniyyətimizin, dilimizin, vətənpərvərliyin təbliği gücləndirilməlidir. Eyni zamanda xaricdəki azərbaycanlıların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi möhkəmləndirilməlidir".
- Fuad müəllim, bildiyimiz qədər sizin rəhbərlik etdiyiniz qeyri-hökumət təşkilatı tərəfindən də oxşar layihə icra edilir...
- Bəli, məhz elə yuxarıda sadaladığım məsələləri nəzərə alaraq biz də bir müddətdir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsini həyata keçirik. Bu təbliğatın aparılması ilə müxtəlif ölkələrdə məskunlaşmış soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərini təkmilləşdirmək, Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəsildə ana dili bilgilərinin artırılması, milli maraqların müdafiəsi yolunda real addımların atılmasına çalışırıq. Milli dəyərlərimizin təbliğ olunması ilə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq, milli düşüncənin inkişafına, onları ictimai müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək olar. Nəzərə çatdıraq ki, bu məsələ ilə bağlı Prezident İlham Əliyev dəfələrlə xaricdəki soydaşlarımza çağırış edib. Ölkə başçısı 2022-ci ilin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən çıxşında bir daha bu məsələyə toxunub: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”. Göründüyü kimi, bu fəaliyyət istiqaməti dövlətin də marağındadır və hər zaman aktualdır. Biz qeyd etdiyimiz layihəni həyata keçirməklə əlimizdən gəldiyi qədər xaricdəki azərbaycanlıların taleyüklü probleminin həllinə vətəndaş cəmiyyəti olaraq töhfə verməyə çalışırıq.
- Layihənin ideyası barədə məlumat verə bilərsiniz?
- Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli kimliyə əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var. Çünki müxtəlif zamanlarda milli dəyərlərimiz meyar olaraq, xalqımızın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərib. Bu gün də xaricdə yetişən nəsil, məhz bu prosesin içərisində özünü dərk edərək, mövqeyini müəyyənləşdirməlidir. Məhz buna görə də “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsini məqsədəuyğun hesab edirik. Layihə dünya azərbaycanlılarının ideoloji birliyi üçün milli kimliyin formalaşdırılması, mədəniyyətimiz, adət və ənənələrimiz, ana dilimiz, ümumiyyətlə, onlara milli dəyərlərin aşılanması, eyni zamanda soydaşlarımızın bu dəyərlərin təbliği işinə təşviq edilməsindən bəhs edir. Layihə dünya azərbaycanlılarının xalqımıza xas olan mənəvi normalara və əxlaqi keyfiyyətlərə sədaqət, milli mənşəyini, tarixi Vətənini unutmamaq, Azərbaycan xalqının milli maraqlarının, əsas insan və hüquq azadlıqlarının müdafiəsi işinə xidmət edir. Layihənin mesajı budur ki, xaricdəki soydaşlarımız da hüquqi azadlıqlarını və milli kimliyi müdafiə etməyi, qoruyub saxlamağı və yeni nəsilə təbliğ etməyi bacarmalıdır. Bunun üçün də mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliğ olunması zərurətdir.
- Nə kimi işlər nəzərdə tutulub? Yəni layihənin vəzifələri nədən ibarətdir?
- Xalqımızın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, mədəniyyətə, ana dilinə məhəbbət, tarixi köklərə bağlılıq, bəşəri ideallara hörmət milli kimliyin mahiyyətini təşkil edir. Layihənin vəzifəsi bu dəyərlərin dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə və hüquq azadlıqlarının qorunmasına töhfə verməkdir.
Layihənin məqsədinə uyğun olaraq, aşağıdakı vəzifələri icra edirik:
• KİV-lər vasitəsilə xaricdəki azərbaycanlılarda milli kimliyin formalaşdırılması və milli dəyərlərimizlə bağlı maarifləndirilmə
• xaricidəki soydaşlarımız arasında hüquqi maarifləndirmə işinin təşkili, onlara yerli qanunvericilik aktları və beynəlxalq hüquq normaları çərçivəsində öz hüquq və vəzifələrini izah edirik
• xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin keyfiyyətcə təkmilləşdirilməsi üçün soydaşlarımız arasında milli ideologiyamızı, adət-ənənələrimizi və mədəniyyətimizi təbliğ etməklə milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edirik.
• diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların ictimai-siyasi fəallığının gücləndirilməsi və lobbi quruculuğu işini təşkil edirik.
• gənclərin real və virtual dünyada mədəniyyətimizin və adət-ənənəmizin təbliğində aktiv iştirakına yardımçı oluruq.
• Xaricdəki azərbaycanlı uşaqların milli düşüncəsinin inkişafı üçün ana dilinə sevgisini artırmağa çalışırıq.
- Layihə hansı ölkələri əhatə edir?
Layihə çərçivəsində Norveç, Almaniya, Estoniya, İraq, Qırğızıstan, Özbəkistan və Avstraliyanın radiolarında 9 maarifləndirici veriliş yayımlamışıq. Çıxış, müsahibə və müzakirə formatında olan bu verilişlərdə Vətəndən kənarda yaşayan azərbaycanlıların əsas insan və hüquq azadlıqlarının, milli kimliyinin, mədəniyyətinin, adət və ənənələrinin ana dilinin qorunmasının önəmindən danışırıq. Həmçinin, verilişlərdə milli kimliyin dünya azərbaycanlılarının həmrəyliyinin aparıcı amilinə çevrilməsi məsələsinə xüsusi önəm veririk.
- Bəs, niyə ancaq radio verilişləri?
- Təkcə radio deyil ki. Xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında aktivliyi, onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin, milli kimliyin qorunması, xüsusən diaspor gənclərinin bu mövzuda maariflədirilməsi istiqamətində yazılar hazırlamışıq. Ümumi 11 yazı olacaq və demək olar ki, əksəriyyəti yazılıb. Həmin yazılarda azərbaycanlıların xarici ölkələrdə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı məlumatlar toplanılanıb təhlil olunaraq ictimailəşdirilib. Bu yazılar İsveç, Norveç, Kanada, Monteneqro, Niderland, Litva, Latviya, Qırğızıstan, Özbəkistan, Rusiya və Ukraynadakı diaspor təşkilatlarının saytlarında işıqlandırılıb.