Anar Niftəliyev: “Çünki nəsillərarası əlaqə qırılıb, bir çox peşəkar bu və ya digər səbəbdən mediadan uzaqlaşıb”
“Əvəzində qeyri-peşəkar, yazı üslubu, xəbər siyasəti və medianın missiyasından xəbərsiz gənclərin sayı artıb”
“Daha bir təəssüf isə odur ki, o gənclər medianın məhz elə bu cür olduğunu zənn edirlər və belə də davam edirlər. Səbəb isə odur ki, böyük müəllimlərimizi görməyiblər”
“Əvəzində qeyri-peşəkar, yazı üslubu, xəbər siyasəti və medianın missiyasından xəbərsiz gənclərin sayı artıb”
“Daha bir təəssüf isə odur ki, o gənclər medianın məhz elə bu cür olduğunu zənn edirlər və belə də davam edirlər. Səbəb isə odur ki, böyük müəllimlərimizi görməyiblər”
Axar.az xəbər portalının 10 yaşı tamam olub. Ən çox oxunan xəbər saytları arasında ön sıralarda yer alan Axar.az “Teleqraf.com” MMC-nin tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir. 2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.
Ad günü ilə bağlı “Sherg.az”a müsahibə verən Anar Niftəliyev 10 yaşa 5 versiya və gündəlik ortalama 550 min oxunma ilə girdiklərini bildirib. Baş redaktor həmçinin intellektual oxuculara təşəkkür edib: “Oxucularımıza minnətdaram. Axar.az-ın oxucuları intellektuallardır, hər səhvimizi dərhal görür və bizi səhv etməməyə məcbur edirlər. Əslində, informasiya siyasətimizə də yön verən bu cür intellektli oxuculardır. Yaxşı ki, varsınız və Axar.az-ı izləyirsiniz! Sizə layiq olmaq üçün çalışırıq, çalışacağıq!”.
- Axar.az saytı kifayət qədər oxucu kütləsi olan bir portaldır. Elə bizim redaksiyada da ən çox izlənilən saytlardan biridir. İstərdim 10 illik fəaliyyətinizə qısa bir nəzər salaq. Axar.az bu yolu necə keçdi? Hamar, yoxsa enişli-yoxuşlu idi?
- Əvvəla, bizi izlədiyinizə və həmkar həmrəyliyinə görə minnətdarlığımızı və sevgimizi qəbul etməyinizi xahiş edirik. Sualınıza gəldikdə, siz də gözəl bilirsiniz ki, xüsusilə onlayn medianın yolu heç də hamar deyil, çox gərginliklər, həyəcan, ağır iş rejimi, siz demiş, eniş və yoxuşlar var. Bu gərginliklə də davam edirik.
Keçmişə baxanda, redaksiyada olub keçənləri, iş prosesimizi, çəkişmələri, xoş günlərimizi yada salanda görürük ki, 10 il çox böyük bir zamandır. Ancaq bir anlıq xatirələri yada salmadan düşünəndə insan bunu çox qısa bir zamanmış kimi hesab edir. Bu, müstəqil mediamız üçün az zaman deyil. Axar.az yarandığı ilk gündən oxucuların dəstəyini, qayğı və sevgisini görüb. Gecə-gündüz çalışmışıq ki, o ilk gördüyümüz dəstəyi, hörməti sevgiyə çevirək. Oxucuların görmək, oxumaq istədiyi, söykənmək istədiyi bir informasiya məkanına çevrilək.
- Media sahəsində problemlər, çatışmazlıqlar həddindən artıq çoxdur. Bütün bunlar Axar.az-ın fəaliyyətinə necə sirayət edir?
- Əlbəttə, işimizə, inkişafımıza, kollektivə ciddi təsir edir. Gücümüz çatdıqca oxucuların bunu hiss etməməsinə çalışırıq və bunun üçün redaktorlar 15-16 saat işləyir. Bilmirəm, bu çatışmazlıqları oxucudan gizlədə bilirikmi? Təəssüf ki, bəzən problemlər bizdən asılı olmur. Məsələn, hansısa xəbəri dəqiqləşdirmək üçün verdiyimiz sorğuya günlərlə cavab ala bilmirik. Ümid edirəm, bu çatışmazlıqları oxucu bizə bağışlayar, “səbəbkarları” isə biz bağışlamırıq. Arzulayardım ki, bəzi qurumların mətbuat katiblikləri məsuliyyətlərini və niyə yarandıqlarını nəhayət ki, anlasınlar.
Biz dünya mediasını izləyir, infromasiya savaşını necə apardıqlarını görürük. Səngəri bir an da tərk edə bilmərik. Bizim ərəb əlifbası ilə Azərbaycan dilində versiyamız, fars bölməmiz var. Bunlar təsadüfən yaranmayıb axı. Azərbaycanda fars bölməsi hətta AZƏRTAC-da belə yoxdur. Bu məni çox təəccübləndirir. Biz 10 yaşımızda bununla fəxr edə bilərik, ancaq bu statusu tez bir zamanda itirməyi çox arzulayıram. İstəyirəm ki, bütün, xüsusilə də öndə gedən saytlarımız bu versiyaları yaratsınlar. Bu, milli hədəfimizdir. Bizim nəslin hələ də redaktorluq etdiyi saytlar bu layihələri mütləq həyata keçirməlidir, özləri bilir nəyə görə belə deyirəm. Biz etməsək, yeni nəsil heç vaxt etməyəcək.
- Ümumiyyətlə, saytın indiki durumu sizi qane edirmi? Etmirsə, çatışmazlıqlar nədir?
- Səmimi desəm, etmir: kadr çatışmazlığı, peşəkarlığın səviyyəsi, ana dilinin qaydalarını qorumaqdan tutmuş yüksəksəviyyəli ekspertlərimizin azlığına, hadisələrə çevik reaksiya verən qurum və yaxud mütəxəssislərə məhdudluğuna görə bir çox halda düşmən mediasına uduzmağımızdan narahatam. Media bu problemlərdən birlikdə, əl-ələ verərək çıxmalıdır. Təəssüf ki, həmkar həmrəyliyi də 20 il öncəki kimi deyil, çünki nəsillərarası əlaqə qırılıb, bir çox peşəkar bu və ya digər səbəbdən mediadan uzaqlaşıb, əvəzində qeyri-peşəkar, yazı üslubu, xəbər siyasəti və medianın missiyasından xəbərsiz gənclərin sayı artıb. Daha bir təəssüf isə odur ki, o gənclər medianın məhz elə bu cür olduğunu zənn edirlər və belə də davam edirlər. Səbəb isə odur ki, böyük müəllimlərimizi görməyiblər.
- Kollektiviniz neçə nəfərdir? Daha çox kimlərlə işləyirsiniz? Gənclər, yoxsa nisbətən təcrübəli kadrlar?
- Doğrusu, kollektivin dəqiq sayını bu an deyə bilməyəcəm, ancaq arzuladığımız səviyyə üçün işçilərimizin sayı çox azdır.
Əsasən gənclərlə işləyirik, 1-2 həmyaşıdımı çıxmaq şərtilə, hamısı gəncdir.
- Növbəti illərdə "Axar"la bağlı hansı planlarınız, hədəfləriniz var?
- Çoxdur - planlarımız da, arzularımız da. İnşallah, reallaşdırdıqca müşahidə edəcəksiniz.
Ad günü təbriklərinə gələnlər çox olduğu üçün Anar müəllimin vaxtını çox almadan qısa söhbətimizi burdaca sonlandırır, “Şərq” qəzeti kollektivi olaraq Axar.az-da çalışan həmkarlarımızı təbrik edir, Axar.az-a da xoş, qonaq-qaralı günlər arzulayırıq.