“Kitablarımın puluna maşın almaq kimi arzularım yoxdur”
Kəramət Böyükçöl: “Allahın düz yolunda güclə yeriyirəm. Maşını necə sürüm?!”
“Bütün küçələr, ağacların altı, parkdakı “skamya”lar mənim bəsimdir”
“Yaşlı yazıçıların oxucularının çoxu dünyasını dəyişib. Qalanların da ya gözü zəif görür, ya qulağı zəif eşidir”
“Azərbaycan gəncləri özlərinin düşüncə və təfəkkürünə uyğun yazıçıları oxuyurlar”
“Kitab sərgisində heç bir müəllifə qarşı ayrı-seçkilik görmədim. Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin stendi vardı, həmçinin azad yazarları, hökumətyönlü, müxalifyönlü şairləri gördüm”
Regionun ən böyük kitab sərgisi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku İnternational Book Fair 2023) başa çatıb.
11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilat iştirak edib.
5 gün ərzində Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorların iştirak etdiyi kitab sərgisi maraqlı tədbir və təqdimatlarla yadda qalıb.
Sərginin sonuncu günü Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə mükafatlandırma mərasimi keçirilib.
“Ən kreativ stend tərtibatı” nominasiyası üzrə “Everest” və “Çinar”, “Ən fəal nəşriyyat” nominasiyasında “Qanun” nəşriyyatları qalib elan edilib. “Heydər Əliyev İli”nə həsr olunmuş ən yaxşı kitab” nominasiyası üzrə “Heydər Əliyev – 100” kitabı qalib olub.
“Ən çox oxunan müəllif” nominasiyasında Rövşən Abdullaoğlu, Kəramət Böyükçöl, “Ən fəal oxucu” nominasiyasında Dinara Əliyeva, Şamil Rəhmanzadə, Ayşən Vəliyeva, “Ən yaxşı qiraətçi” nominasiyasında isə Xəzər Süleymanlı qalib adını qazanıb. Qaliblərə diplom və pul mükafatı təqdim edilib.
Müəllifi olduğu “Əlqəmə”, “Çöl”, Elçibəyin sirri” və “Səkkizinci Gün” romanları ilə sərgidə ən çox oxucu marağını qazanan yazar Kəramət Böyükçöl sərgi və layiq görüldüyü mükafatla bağlı təəssüratlarını “Sherg.az”la bölüşüb:
- 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çox möhtəşəm tədbir idi. Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan sərgidə heç bir müəllifə qarşı ayrıseçkilik görmədim. Sərgidə Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin stendi vardı, həmçinin azad yazarları, hökumətyönlü, müxalifyönlü şairləri gördüm. Nəhayət ki, Azərbaycanda kitab adına keçirilən bir tədbir dinindən, irqindən, siyasi fəaliyyətindən asılı olmayaraq hamını öz ətrafında yığan mədəni bir hadisəyə çevrilə bildi. Bir daha kitabın böyük bir mədəniyyət hadisəsi olduğuna şahid olduq. Sərgiyə ictimai maraq həddindən artıq çox idi. İnsanlar axın-axın gəlirdi. Kitab sərgisində çoxlu sayda sıravi vətəndaşlarla yanaşı dövlət məmurları, deputatlar da iştirak edir. Jurnalistlər, şairlər, yazıçılar... Hər təbəqədən, hər peşədən insanlar gəlir, gəzir, baxırdılar.
Hamı kitab almasa belə insanların kitaba marağının artdığını görmək belə sevindirici haldır. Ancaq sərgini ən çox gözəlləşdirən uşaqlar idi.
Elə məni də ən çox sevindirən də məhz uşaqların sərgidə iştirak etməsi, kitablara toxunması, müəlliflərlə tanış olması oldu. Məmurların, deputatların sərgiyə gəlib-gəlməməsi mənim üçün xüsusi bir əhəmiyyət kəsb etmir. Amma o uşaqlar bizim cəmiyyətin, Azərbaycanın gələcəyidir. Onların indidən sərgilərə gəlməsi, kitabla ünsiyyətdə olması, əllərini kitaba toxundurmasından gözəl heç nə ola bilməz. Bu cəmiyyətin gələcəyi onların gələcəyinin, zehniyyətinin üzərində formalaşır. Azərbaycan ədəbiyyatının oxucu potensialı da elə məhz uşaqlardır.
Təəssüf ki, bunu anlamayan alverçi təfəkkürlü adamlar da var. Bu gün bir neçə nəfərdən eşitdiyim söz məni çox məyus elədi. Deyirdilər ki, gələnlərin çoxu uşaqlardır, onlar da kitab almır. Sərgidə yüzlərlə uşağın əlindən, başından öpmüşəm!
- Beynəlxalq kitab sərgisində “Ən çox oxunan müəllif” nominasiyasını almaq elə də asan məsələ deyil. Bu, sadəcə təsadüfdür yoxsa... bu işdə başqa bir sirr var?
- On minlərlə insanın iştirak etdiyi kitab sərgisində ən çox kitabları satılan yazıçı olmaq çox gözəl hissdir. Amma bunun bir təsadüf olduğunu zənn etmirəm. Bu mənim illər ərzində çəkdiyim əziyyətlərin, ardıcıl və sistemli şəkildə gördüyüm işlərin nəticəsidir. Hər zaman kitablarımın satışı ilə şəxsən məşğul olmuşam. Bunun sayəsində bəlli bir oxucu auditoriyam formalaşıb. Hər biri də sağ olsun, yaradıcılığıma diqqət göstərir, kitablarımı oxumaq istəyirlər. Kitablarımın çox satılması da məhz bununla bağlıdır. Amma bizim cəmiyyətdə çox qəribə bir yanaşma var. Əvvəl deyirdilər ki, Azərbaycanda kitab alan yoxdur. İndi də deyirlər, kitabı görüntü üçün alıb, oxumurlar. Lütfi Zadənin bir sözü var: kim əlinə çəkic götürübsə, mütləq hər şeyi mismar görəcək. Onsuz da yaxşı bir işə hər zaman kölgə salanlar olur. Onlara əhəmiyyət verib, enerji xərcləməyə dəyməz. Əsas odur ki, ölkəmizdə kitaba münasibət hiss olunacaq dərəcədə dəyişib. Sərgidə yaxşı kitab satmışam deyə belə ümidli danışmıram. Məndə belə bir əminlik hissi var ki, yaxın 2-3 il, uzağı, 5 il ərzində Azərbaycanda "kitab oxunmur" sözünü artıq heç kim deməyəcək. “Mənim kitabımı oxumurlar” sözünü kimsə deyə bilər. Sevinirəm ki, getdikcə kitab cəmiyyətin, insanların kultuna çevriləcək. Bəlkə də bu bizim qələbə əhval-ruhiyyəmizlə bağlıdır. Azərbaycan cəmiyyətinin bugünkü kultu idman və şoudur. Adamlar bir-birinə yumruq göstərir, hədə ilə danışır. Amma kitab cəmiyyətin kultuna çevriləndə isə insanlar arasında sivil münasibətlər yaranır. Adamlar sözlə danışırlar.
- Yəqin ki, müşahidə imkanınız da oldu. Sizdən başqa hansı yazarların kitablarına tələbat vardı?
- Ramiz Rövşənin, Anar, Çingiz Abdullayev, Rövşən Abdullaoğlu, Elxan Elatlının, Varis və s. kimi tanınmış yazıçıların da kitabları sərgidə satılırdı. Hərənin öz oxucu auditoriyası var deyə bunu o qədər də müzakirə etmək istəmirəm. Lakin o qədər yazıçı arasında məhz mənim kitablarıma tələbatın daha yüksək olmasına çox sevinirəm. Kim də olsa sevinər. Yazıçı üçün onun kitabının alınmasından, oxunmasından böyük nə xoşbəxtlik ola bilər ki!?
Həm də bir şeyi qəbul etmək lazımdır ki, yaşlı yazıçılar dağılmış sovet cəmiyyətindən qalıblar. Müstəqil, müasir Azərbaycana isə yeni ruhlu yazıçılar lazımdır. Mən yaşlı nəsli keçmişin yazıçıları hesab edirəm. Onların düşüncələri də, hadisələrə yanaşmaları da çox köhnəlib. Onların oxucularının çoxu dünyasını dəyişib, qalanların da ya gözü zəif görür, ya qulağı zəif eşidir. Yeni Azərbaycanın gəncləri isə özlərinin düşüncə və təfəkkürünə uyğun yazıçıları oxuyurlar. Mənim kitablarımın oxucularının çoxu da məhz gənclər idi. Düzü, əvvəllər mən də narazılıq edirdim ki, gənclər kitab oxumur. İndi isə görürəm ki, yaxşı kitaba maraq artıb. Bu isə bir yazıçı olaraq mənim üzərimə böyük bir məsuliyyət qoyur ki, çox deyirdin kitab oxuyan yoxdur. İndi get yaz, görək nə yazacaqsan. Yeni əsərlər üzərində işləyirəm, ümid edirəm ki, oxucularımın etimadını doğrulda biləcəm.
- Sərgidə iştirak edənlərin bir qismi qiymətlərin bahalığından narazılıq edirdi. Xüsusən də, 20-25 manatlıq kitablardan. Siz kitablarınızı neçə manata satırdınız?
- Kitablarımı 10 manatdan satırdım. “Elçibəyin sirri” kitabımın çap xərci baha olduğu üçün 15 manatdır. Bizim millət də hər şeyə pul tapır, kitaba gələndə xəsislik edir. Bir kitab nə qədər baha ola bilər ki!? Tutaq siz 5 manata almaq istəyirsiniz, müəllif də 10 manata satır. Mənə elə gəlir ki, bu, imkanı olmayan yox, danışmağa söz tapmayanda görülən işin keyfiyyətinə qara yaxmağa çalışan adamların bəhanəsidir. Oxumaq istəyən adam kitabın qiymətinə baxmır, alıb oxuyur. Bir şeyin ki maksimum qiyməti 15-20 manat olsun, onu dilə gətirməyin yeri yoxdur. Təki insanlarımız kitab oxumaq istəsin, mən öz kitablarımızı onlara pulsuz da verərəm (gülür).
- Maraqlıdır, sərgidə əldə etdiyiniz qazanc sizi qane etdimi?
- Sözün açığı, kitabdan əldə edilən qazancın miqdarı məni az maraqlandırır. Həmişə aza qane olan adamam. Bir qarın çörək və minimum ehtiyaclarımı ödəsə bəsimdir. Mənə böyük qazanc yeni kitablarımın çapı üçün lazım olacaq. Çox güman ki, onu da həll edəcəm. Mən bu dəqiqə kitabların satışından nə qədər gəlir əldə edəcəyim yox, nə yazacağım haqqında düşünürəm. Bir yerdə iki gündən artıq qalanda darıxan adamam. Çox pul qazanın nə edəcəm ki?! Ev-eşik, maşın almaq kimi arzularım yoxdur. Bütün küçələr, ağacların altı, parkdakı “skamya”lar mənim bəsimdir. Maddi arzulardan yox, yazdığım əsərlərdən, oxucuların kitablarıma diqqətindən zövq alıram.
- Amma sərgidə “Kəramət bir maşının pulunu qazandı” kimi söz-söhbətlər gəzirmiş...
- Baxır hansı modelə (gülür). Maşının da ucuzu, bahalısı olur axı. Bilmirəm onlar hansı maşından danışıb (yenə gülür).
- Belə çıxır, sizə paxıllıq edirlər kitablarınızın satışına görə...
- Vallah, maşın, ev almaq kimi bir niyyətim olsa, kitablarımdan əldə etdiyim qazancdan da asan bir şəkildə əldə edərəm. Allahın düz yolunda güclə yeriyirəm. Maşını necə sürüm!?