Telman Cəfərov: “Əgər yazılı mətndə, nitqdə fasilə yaranırsa, orada vergül işarəsindən istifadə etmək lazımdır”

“Məsələni problem etmək lazım deyil”


“Sözün açığı, dilin sırf normativ qaydalarla idarə olunmasının tərəfdarı deyiləm. Hər şey nitqin intonasiyasından asılıdır. Məntiqi vurğu hara düşürsə, durğu işarəsi də ona uyğun qoyulmalıdır”


  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi 52 saytda monitorinq aparıb.
Nəticələr ümumiləşdirilərək kitab halında nəşr olunub. Saytlarda qeydə alınmış 4500 dil faktından 3564-ü hesabata daxil edilib. 
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva bildirib ki, Azərbaycan dilinin normalarına əməl etmək hər kəsin, o cümlədən hər bir jurnalistin borcu və məsuliyyətidir:  "Bəzən hesabatlarımız narazılıqla qarşılansa da, bütün bunlar dilimizin təmizliyinin qorunması üçündür. Monitorinqlərimizin nəticəsi kimi müəyyən irəliləyişlərin şahidi olsaq da, demək olmaz ki, qənaətbəxşdir. 456 səhifəlik hesabatın səhifə sayının ildən-ilə azalması arzumuzdur".
  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Türkiyə türkcəsinin Azərbaycan dilinə təsiri məsələsi müzakirə edilib.
Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova saytlarda bir çox sözün Azərbaycan dilində deyil, Türkiyə türkcəsində yazılmasından narahatlığını ifadə edib: "Mətnlərdə "köynək" əvəzinə "tişört", "sual" əvəzinə "soru", "məcburiyyət" əvəzinə "zorunda", "pulqabı" əvəzinə "cüzdan" işlənməsi bu kimi hallardandır. 
Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür.

  Milli Məclisin deputatı, akademik Nizami Cəfərov isə durğu işarələrinin azaldılmasına ehtiyac olduğunu deyib: "Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz”.
  
Monitorinq Mərkəzində müzakirə olunan məsələlərlə bağlı “Sherg az”ın suallarını cavablandıran filologiya üzrə elmlər doktoru, professor Telman Cəfərov isə deyib ki,  dil canlı orqanizm olduğu üçün bu cür  mübahisələr, narazılıqlar həmişə olur. Amma mətbuatın,  dərslik müəlliflərinin, yazıçıların əsas vəzifəsi düzgün yazı normalarını qorumaq, nitq mədəniyyəti məsələlərinə önəm verməkdir. Durğu işarələrinin mahiyyəti, vəzifələri, onlardan istifadə məqsədi və işlənmə məqamı, yeri, yazıda mövqeyi barədə doğru-dürüst bilgilər, onları səciyyələndirən normalar hər bir vətəndaşa, savadlı adama yazılı nitq zamanı olduqca vacibdir, zəruridir.
 
- Deputatın dediyi kimi, durğu işarələrindən yerli-yersiz  istifadə olunur?

- Durğu işarələri yazılı nitqin formalaşmasında mühüm bir vasitədir və kommunikativ funksiyaya malikdir.  Həmçinin yazılı dilin məzmun dolğunluğunun yaranmasında, fikrin dəqiq və emosional təsir gücünün üzə çıxmasında və aydın və ifadəli tələffüzündə durğu işarələrinin rolu böyükdür. Durğu işarələri yazılı nitqi mənalı hissələrə bölür. Vergül işarəsi də  durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biridir. Ona görə də vergül işarəsindən düzgün istifadə qaydasının şərtləri həmişə  sual doğurur. 

Sözün açığı, dilin sırf normativ qaydalarla idarə olunmasının tərəfdarı deyiləm. Hər şey nitqin intonasiyasından asılıdır. Məntiqi vurğu hara düşürsə, durğu işarəsi də ona uyğun qoyulmalıdır. Hazırda yazımızda işlənən durğu işarələri Azərbaycan dilinin öz daxili qanunlarına əsaslanılmaqla formalaşıb. Nöqtə işarəsi cümlədə fikrin bitdiyini bildirirsə, vergül də fikrin səlisliyinə, vurğusuna xidmət edir.   
Bizdə elə yazıçılar var ki, normativ durğu işarələrini inkar edirlər. Dəfələrlə redaktə  etdiyim kitablarda ehtiyac olan yerlərdə vergül, nöqtəli vergül, iki nöqtə kimi işarələrə ehtiyac olduğunu görmüşəm və bu barədə müəllifi məlumatlandırmışam. Onlar isə  israrla mətnin vergülsüz getməsini istəyiblər. Halbuki əsərlər sadəcə bədii ədəbiyyat üçün yazılmır. Bu nümunələri dərsliklərə salıb, dilçiliyin tədrisində  romanların, povestlərin dilindən istifadə edirik axı! Müəlliflər bədii əsərlərdə durğu işarələrindən istifadəni inkar edir, yersiz sayırsa, bəs o zaman tələbələr, şagirdlər durğu işarələrinin normativ qaydalarını öyrənmək üçün hansı nümunələrdən istifadə etsinlər? Haradan baxıb öyrənsinlər ki, vergül harada qoyulur, nöqtəli vergül harada qoyulur. Yaxud da  yazıçılardan biri “ki” –bağlayıcısından sonra vergül qoyub, digəri qoymayıbsa,  kimsə nöqtəli vergül, iki nöqtə işarəsi ilə prinsipə düşüb onlardan ümumiyyətlə istifadə etmirsə, uşaqlardan  yazı normalarını, durğu işarəsi normativlərini necə tələb edək? Belə çıxır, imtahan zamanı test tapşırıqlarına, ümumiyyətlə, durğu işarələri bölməsini salmayaq.  Vahid yanaşma olmayanda bu cür fikir ayrılıqları yaşana bilir.

- Niyə vergül işarəsinin yerini  qarışıq salır, istifadə qaydalarına düzgün əməl edə bilmirik? 

- Durğu işarələri dinamik bir sistemdir. Dil inkişaf etdikcə, fikrin ifadə vasitələri mürəkkəbləşir, yeni-yeni formalar yaranır, punktuasiya yeniləşir və ifadə vasitələrinə uyğunlaşır. Ədəbi dilimiz  bədii tərcümələr hesabına zənginləşir. Əvvəllər adətən rus dilindən tərcümələr edirdik, indi  isə əksər kitabları orijinal dillərdən Azərbaycan dilinə tərcümə edirik. Hər  bir dilin də özünün sintaksisi var. Tərcüməçi işi mətnə bağlıdır. Orijinal mətndə durğu işarələr sistemi necədirsə, tərcümə zamanı  bizim dilimiz də həmin  sistemə uyğunlaşdırılır. Uzun illər rus dilinin sintaksisinə öyrəşdiyimiz üçün bu gün ingilis, fransız, Çin, ispan dillərinin qanunauyğunları bizə yad gəlir. Ona görə də durğu işarələrindən istifadə zamanı bu cür qarışılıq, çaşqınlıq yarana bilir. Heç bu məsələni problem eləmək də lazım deyil. Əgər yazılı mətndə, nitqdə  fasilə yaranırsa, orada  vergül işarəsindən  istifadə etmək lazımdır. 

- Monitorinqin nəticələrində narahatlıq doğuran digər məsələ bir çox sözün Azərbaycan dilində deyil, Türkiyə türkcəsində yazılmasıdır. 

- Bəli,  burada  söhbət artıq dilimizə təzyiqdir. Qardaş da olsaq, Türkiyə türkcəsi dilimizin saflığını pozur. Ortaq türk dili formalaşana qədər  Azərbaycan dilinin saflığını qorumalıyıq. Nə olsun, qardaşımızdır? İstənilən halda Azərbaycan dilinin yerinə Türkiyə türkcəsində işlənən sözlər nitqimizdə özgə fiqur kimi görünür, mətnə oturmur. Bu yaxınlarda mənim dərc etdiyim jurnala türk poeziyasına aid bir mətn göndəriblər, guya, tərcümə olunub hələ. Mətnə baxıram ki, cümlələrin yarısı  Azərbaycan, yarısı Türkiyə türkcəsindədir. Dillərin sintaksisi də  bir-birinə qarışıb. Şəxsən mən də dilimizə, onun təmizliyinə qarşı bu cür müdaxiləni həzm edə bilmirəm. Hər dilin özünün şeiriyyət, qafiyələnmə sistemi var. Biz daha çox heca, əruz vəznlərində yazırıq, Türkiyədə isə sərbəst yazırlar. Ona görə də yad dillərin Azərbaycan dilini sıxışdırmasına imkan verməməli, dilimizi yad təsirlərdən qorumalıyıq. Ortaq türk dilini yaratmadan əvvəl  vahid  leksikanı cəmiyyətin şüuraltına yeritmək istəyirlərsə, hissə-hissə bu sözləri lüğətimizə  gətirmək olar. Yoxsa ki hərə gedib bir söz öyrənəcək, onu da gətirib cəmiyyətə sırıyacaqsa, bunun qarşısı mütləq alınmalıdır”.