İranda artıq fikir ayrılığı yox, hakimiyyət uğrunda açıq savaş gedir - Nəsib Nəsibli (MÜSAHİBƏ) 

  • "ABŞ-nin məqsədi İranı daxildən çökdürməkdir, artıq bir-birilərini "yeyirlər'"

İranda hakimiyyət daxilində fikir ayrılıqları və səlahiyyət bölgüsü ilə bağlı müzakirələr yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Ölkənin müharibədən sonrakı təhlükəsizlik vəziyyəti, dərinləşən iqtisadi problemlər, ABŞ ilə nüvə proqramı ətrafında aparılan mürəkkəb danışıqlar və qərarvermə mexanizmlərində hərbi-siyasi strukturların artan təsiri fonunda prezident Məsud Pezeşkianın mövqeyi ilə bağlı diqqətçəkən iddialar ortaya çıxıb. Ali dini liderə yaxınlığı ilə tanınan din xadimi Məhəmməd Baqir Hərəzi Pezeşkianın vəzifəyə gəldiyi gündən bəri 28 dəfə istefa vermək istədiyini və ali rəhbərliyin buna indiyədək imkan vermədiyini iddia edib. Hətta onun sözlərinə görə, ali dini lider tərəfindən hökumətə “bir daha istefa versə, bu dəfə istefasını qəbul edəcəyik” mesajı çatdırılıb. Rəsmi Tehran bu iddiaları təsdiqləməsə də, onların ölkənin ən yüksək hakimiyyət dairələrinə yaxın bir şəxs tərəfindən səsləndirilməsi İran siyasi sistemindəki daxili gərginlik, prezident institutunun real səlahiyyətləri və qərarların harada qəbul edilməsi ilə bağlı müzakirələri daha da gücləndirib. İddiaların fonunda Milli Təhlükəsizlik Ali Şurasında mümkün kadr dəyişiklikləri, İnqilab Keşikçiləri Korpusunun təsirinin daha da artacağı barədə ehtimallar və xarici işlər naziri Abbas Araqçinin ABŞ ilə danışıqlardan kənarlaşdırılacağına dair xəbərlər də diqqət çəkir. Bununla yanaşı, prezident Məsud Pezeşkian dövlət televiziyasına müsahibəsinin anonsunda istefa verməyəcəyini açıq şəkildə bəyan edərək yayılan məlumatlara dolayısı ilə cavab verib. Bu ziddiyyətli açıqlamalar İran hakimiyyətində baş verən proseslərin əsl mahiyyəti, müxtəlif güc mərkəzləri arasındakı münasibətlər və ölkənin gələcək siyasi kursu ətrafında sualları daha da artırır.

Cənub qonşumuzda baş berən hadisələrlə bağlı Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli “Sherg.az”a danışıb.

-Nəsib bəy, salam.

--Salam. xoş gördük.

-İranda hakimiyyət daxilində baş verənləri “fikir ayrılığı” adlandırmaq olarmı?

-Məncə, “fikir ayrılığı” ifadəsi burada çox yumşaq səslənir. Söhbət gələcəklə bağlı fərqli baxışlardan yox, bu gün hakimiyyət uğrunda gedən ciddi qarşıdurmadan gedir. Hakimiyyət daxilində tərəflər bir-birilərini açıq şəkildə hədəfə alır, istefalarını tələb edir, hətta bir-birilərinə ölüm arzulayırlar. Yəni vəziyyət kifayət qədər ciddidir.

-Ali dini liderə yaxınlığı ilə tanınan Məhəmməd Baqir Hərəzi iddia edib ki, Məsud Pezeşkian 28 dəfə istefa ərizəsi yazıb. Bunun səbəbi nədir?

-Bu iddia yeni deyil. Bundan əvvəl də Pezeşkianın istefa vermək istədiyi barədə xəbərlər yayılmışdı. İlk baxışda bu qəribə görünür: təzəcə prezident seçilən şəxs niyə istefa vermək istəsin? Bu, İran Konstitusiyasına görə səlahiyyətlərinin məhdud olması ilə bağlıdır. Bu, əvvəldən bilinən məsələdir. Eyni zamanda, müharibə dövründə həmin səlahiyyətlər daha da məhdudlaşdırıldı. Digər tərəfdən, SEPAH hakimiyyəti tamamilə öz əlinə keçirdi. Həmçinin yaşayıb-yaşamadığı bilinməyə Müctəba Xameneinin adından SEPAH bəyanatlar verir. Çünki Konstitusiyaya görə bütün məsələlər sonda gəlib Vilayət-i Fəqihin təsdiqinə təqdim olunmalıdır. Buna görə də Prezident Pezeşkian faktiki olaraq oyundankənar vəziyyətdə qaldı və hesab edir ki, müharibə dövründə düzgün siyasi xətt yürüdülmür.

-Bəs Pezeşkian hansı məsələlərdə mövcud siyasətlə razılaşmır?

- Əsas fikir ayrılığı ABŞ və Qərblə münasibətlər, eləcə də müharibənin davam etdirilməsi ilə bağlıdır. SEPAH ölkəni fəlakət astanasına gətirib çıxarıb. Amma buna baxmayaraq, yenə də ABŞ ilə qarşıdurmanın davam etdirilməsinin tərəfdarıdır. Pezeşkian isə bu xətti dəstəkləmir. Elə buna görə də onun dəfələrlə istefa ərizəsi yazdığı barədə xəbərlər mətbuata çıxıb. 

-Abbas Araqçi və Məhəmməd Baqir Qalibafın taleyi necə olacaq?

– Bunu indidən demək çox çətindir. Bu, müharibəyə münasibətlə bağlı məsələdir. Onlar hesab edirlər ki, yaranmış ziyanın heç olmasa bir hissəsini geri qaytarmaq da qazancdır. Şəxsiyyət olaraq isə Qalibaf və Araqçının İranda elə də böyük nüfuzu yoxdur. Sadəcə, SEPAH onlardan istifadə edir. Birini danışıqların siyasi məsulu, digərini isə icraçısı kimi təyin edib və deyib ki, gedin danışın, amma sonda qərarı biz verəcəyik. Bu, Əli Xameneinin dövründə də tətbiq olunan siyasət idi. Xamenei deyirdi ki, gedin, nə qədər istəyirsiniz danışın, amma mən Amerika ilə razılığa gəlməyəcəyəm. Bununla həm vaxt qazanırdılar, həm də nüvə silahı proqramını inkişaf etdirmək üçün imkan əldə edirdilər. Vəziyyət budur.

– Bəs bu proseslər ABŞ ilə nüvə danışıqlarının gələcəyinə və İran-ABŞ münasibətlərinə necə təsir göstərə bilər? ABŞ İran daxilindəki bu parçalanmadan istifadə etməyə çalışırmı?

– Amerika İran daxilindəki parçalanmadan istifadə edib ölkəni tamamilə çökdürmək istəyir. İran isə öz oyununu qurmağa çalışır. İran tərəfi bunu yumşaq xətt tərəfdarları ilə sərt mühafizəkarlar arasında fikir ayrılığı kimi təqdim edir. ABŞ isə bu ziddiyyəti görür və onu daha da dərinləşdirməyə çalışır. Hətta bu ziddiyyətlər fonunda müharibə və nüvə proqramı məsələsində əməkdaşlıq edə biləcək nüfuzlu şəxslər, qruplar tapmağa çalışır. ABŞ diplomatiyasının əsas istiqamətlərindən biri də budur. Məlum 16 maddəlik memorandumun imzalanması da buna xidmət edir. Məqsəd ölkə daxilindəki siyasi mübarizəni daha da kəskinləşdirməkdir. Dediyim kimi, onlar artıq bir-birilərini “yeyirlər”. Bu proses o həddə çatmalıdır ki, ölkə idarəolunmaz vəziyyətə gəlsin.

-Xəzərdə baş verən son hadisələr regionu yeni qarşıdurmaya sürükləyə bilərmi?

-Xəzərin böyük müharibə meydanına çevriləcəyi inandırıcı görünmür. Amma epizodik hadisələr baş verə bilər. Hətta İran raketlərinin Ukrayna ərazisinə və ya Odessa kimi sahil şəhərlərinə düşməsi ehtimalını da istisna etmirəm. Bu, İranın təbliğat məqsədlərinə uyğundur. Yəni göstərmək istəyirlər ki, “biz intiqamımızı aldıq”. Vacib deyil raket hədəfə çatsın və ya böyük ziyan vursun. Onların illərdir apardıqları siyasət budur: auditoriyaya göstərmək ki, biz qorxmuruq, raketlərimizi düşmənə doğru atırıq. Hədəfə çatmasa da, əsas odur ki, atılıb. Ukrayna məsələsində də eyni siyasət davam edə bilər.

-Yaxın perspektivdə həm Rusiya-Ukrayna müharibəsi, həm də Yaxın Şərqdəki böhran fonunda hansı geosiyasi ssenarini gözləyirsiniz?

-ABŞ və ümumilikdə Qərbin həm Rusiyaya, həm də İrana münasibətdə əsas strateji xətti bu iki ölkəni tükəndirməkdir. Hələlik İrana qarşı bu strategiya tam tətbiq olunmayıb. Amma Rusiyada artıq benzin böhranı bunun ilk əlamətlərindən biridir. Eyni ssenari İrana qarşı da həyata keçirilə bilər. İranda yeni böhran yaratmaq ABŞ və ya İsrail üçün çətin məsələ deyil. Elektrik şəbəkəsini sıradan çıxarmaq, su problemini daha da dərinləşdirmək mümkündür. Onsuz da İranda ciddi su problemi var. Mülki infrastrukturu vurmaqla ölkəni daxildən çökdürmək o qədər də çətin deyil. Amma hələlik bunu etmək istəmirlər. Məncə, əsas strateji xətt İranı daxildən tükəndirməkdir. Yəni İranın onsuz da mövcud olan problemlərini daha da artırmaq, ölkəni daxildən zəiflətmək istiqamətində ardıcıl siyasət həyata keçirilir. Yaxın aylarda, nələrin baş verəcəyini heç kim dəqiq deyə bilməz. Amma İranı bombalayaraq onu “budamaq” prosesi davam edəcək.