“İranda qorxu baryeri dağılıb, artıq şüarlar birbaşa Xameneini hədəfə alır” - Ağrı Qaradağlı

“ABŞ İranda yanlış ata oynayır, Rza Pəhləvi real alternativ deyil”

"Əgər İranda daxili savaş və ya uzunmüddətli xaos baş verərsə, milyonlarla miqrant axınının əsas istiqamətləri Türkiyə, Azərbaycan, Pakistan və qismən ərəb ölkələri olacaq"

"Dediyim kimi, Güney Azərbaycan xalqının hazırkı mövqeyi passivlik deyil, strateji səbr və siyasi hesablanmış mövqedir. Məqam yetişdikdə, onlar bu proseslərə qoşulacaq"

İranda iqtisadi vəziyyətə görə kütləvi aksiyalar davam edir. Aksiyalar ilk növbədə Tehranın Böyük Bazarında tacir və mağaza sahiblərinin mağazalarını bağlayaraq etiraz etməsi ilə başlayıb və tez bir zamanda ölkənin 27-dən çox vilayətinə, Tehran, Əsəfahan, Şiraz, Məşhəd və başqa böyük şəhərlərə yayılıb.

Etirazların əsas səbəbləri arasında İran rialının rekord səviyyədə dəyər itirməsi, kəskin inflyasiya və gündəlik həyat xərclərinin sürətlə artması dayanır. Rialın məzənnəsi 1,45-1,47 milyon rial səviyyəsinə düşüb ki, bu da ərzaq, dərman və əsas xidmətlərin qiymətlərini daha da ağırlaşdırıb. Bu iqtisadi narazılıq geniş ictimai qəzəblə birləşərək ticarətçilər, tələbələr və müxtəlif sosial qrupların küçələrə çıxmasına səbəb olub və artıq “sistemə qarşı çağırışlara” çevrilməkdədir. Rəsmi məlumatlara görə, etirazlarda minlərlə insan saxlanılıb, təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində ölənlərin sayı 30-dan artıqdır, o cümlədən azyaşlılar da var. Hökumət inflyasiyanı yüngülləşdirmək üçün məhdud iqtisadi paketlər elan etsə də (məsələn, hər ailəyə çox kiçik məbləğdə müavinət), bu təkliflər etirazçıların qəzəbini söndürməyə kifayət etmir və vəziyyət hələ də gərgindir. Protestlərin iqtisadi köklü olması ilə yanaşı, onlar artıq daha geniş siyasi tələblərə də çevrilməkdədir və ölkə daxilində həm ciddi sabitlik problemlərinə, həm də beynəlxalq diqqətə səbəb olur.

İranın rəsmi İSNA xəbər agentliyinin məlumatına görə, İranda etiraz aksiyalarınn genişlənməsi səbəbindən Amerika, Britaniya, Kanada, Hindistan və Avstraliya İrana səfər etməmək barəsində vətəndaşlarına xəbərdarlıq ediblər.

Xəbərdarlıq bəyanatında İranda olan vətəndaşların da bu ölkəni təcili şəkildə tərk etmələri istənilib.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvü Ağrı Qaradağlı “Sherg.az”a müsahibəsində İrandakı prosesləri şərh edib. 

- İqtisadi səbəblərlə başlayan aksiyaların siyasi tələblərlə davam etməsi İran üçün hansı riskləri yaradır?

-İranda iqtisadi səbəblərlə başlayan etirazların qısa müddətdə siyasi xarakter alması ölkə üçün olduqca ciddi və çoxşaxəli risklər yaradır. Tarixi təcrübə göstərir ki, sosial-iqtisadi narazılıqlar müəyyən mərhələdən sonra rejimin legitimliyini hədəfə alan siyasi tələblərlə əvəz olunur və hazırkı proses də məhz bu mərhələyə daxil olub.

Tehran bazarında əsnafların etirazı ilə başlayan aksiyaların Həmədan, Abadan, Məlikşahi və digər şəhərlərə yayılması göstərir ki, narazılıq lokal problem olmaqdan çıxaraq ümumölkə miqyaslı sosial partlayışa çevrilir. Əvvəlcə inflyasiya, rialın dəyərdən düşməsi, işsizlik və yoxsulluq etirazların əsas motivi idisə, hazırda küçələrdə səslənən şüarlar birbaşa siyasi sistemi və ali dini rəhbərliyi hədəfə alır.

Bu da İran hakimiyyəti üçün çox ciddi təhlükələr vəd edir. 

Əvvəla, molla rejiminin ideoloji dayaqları sarsılır. Xalqın bir hissəsi artıq problemi yalnız iqtisadi idarəetmədə deyil, bütövlükdə “molla rejimi”nin mövcudluğunda görür. “Xameneiyə ölüm” kimi şüarların səslənməsi narazılığın kritik həddi keçdiyini və qorxu baryerinin qırıldığını göstərir.

İkincisi, etirazların tərkibi diqqətçəkəndir. Aksiyalarda nə fars millətçiliyi, nə də monarxiya çağırışları ön plandadır. Nə fars əhalisi, nə də Güney Azərbaycan türkləri şah rejiminin qayıdışını və ya dini diktaturanı istəyir. İnsanlar sadəcə fundamental hüquqlarını, sosial ədaləti və demokratik idarəetməni tələb edirlər. Bu isə rejimin “alternativ yoxdur” tezisini tamamilə iflasa uğradır.

Uzunmüddətli aksiyalar fonunda polis və təhlükəsizlik qüvvələrinin bir hissəsinin xalqla üz-üzə qalmaq istəməməsi mümkündür ki, bu da hakimiyyət üçün ən təhlükəli ssenarilərdən biridir.

Onu da qeyd edim ki, İran daxilində artan siyasi qeyri-sabitlik ölkənin regional siyasətinə, proksi qüvvələrə ayırdığı resurslara və ümumilikdə rejimin xarici manevr imkanlarına ciddi zərbə vurur. İqtisadi sanksiyalarla zəifləyən sistem daxili təzyiq qarşısında daha kövrək vəziyyətə düşür.

Nəticə etibarilə, iqtisadi etirazların siyasi tələblərə çevrilməsi İran üçün təkcə sosial problem deyil, sistem böhranıdır. Əgər hakimiyyət yalnız güc yolu ilə cavab verməyə davam edərsə, bu, narazılığı yatırtmaq əvəzinə onu daha da radikallaşdıra və idarəolunmaz hala gətirə bilər. Mövcud proseslər göstərir ki, İran cəmiyyəti artıq ya real siyasi dəyişikliklər, ya da daha dərin böhran mərhələsi qarşısında dayanıb.

-Şahın nəvəsi Rza Pəhləvi “Fox News”da söyləyib ki, müvafiq şərait yaradılan kimi İrana qayıtmağa və mövcud hakimiyyətə qarşı mübarizəyə rəhbərlik etməyə hazırdır. İran Xarici İşlər Nazirliyi isə öz növbəsində ABŞ-ni ölkənin daxili işlərinə müdaxilə etməkdə, iğtişaşlar, zorakılıq və terrorizmi qızışdırmaqda günahlandırıb. Bəyanatda qeyd olunur ki, İran xalqı Vaşinqtonun İranın milli suverenliyi və müstəqilliyini sarsıtmasına imkan verməyəcək. Sizcə, ABŞ və digər qərb ölkələrinin Rza Pəhləvi üzərindən İran daxilində proseslərə təsir göstərmək cəhdi mümkündürmü?

-İranda mümkün rejim dəyişikliyi məsələsində daxili amillərlə yanaşı, xarici təsirlərin rolu danılmazdır. Lakin bu təsirin hansı fiqurlar və hansı mexanizmlər üzərindən həyata keçirilməsi son dərəcə həlledici məsələdir. Əvvəlki sualda da qeyd etdiyim kimi xalqın hazırkı əsas tələbi konkret siyasi fiqurun hakimiyyətə gətirilməsi deyil, molla rejiminin devrilməsi və sistem dəyişikliyidir.

Cəmiyyətin müəyyən hissəsində “bu rejim getsin, əvəzində kim gəlirsə-gəlsin” yanaşması mövcuddur. Lakin bu, Rza Pəhləvinin İran daxilində real və geniş ictimai dayağa malik olması anlamına gəlmir. Əksinə, mövcud reallıq göstərir ki, Rza Pəhləvinin ölkə daxilində tərəfdar bazası zəifdir və o, daha çox diaspor dairələrində tanınan simadır. Bu baxımdan ABŞ və Qərb ölkələrinin Pəhləviləri alternativ kimi irəli sürməsi strateji baxımdan yanlış seçimdir.

Əgər Qərb həqiqətən də İranda davamlı və legitim dəyişiklik istəyirsə, bu prosesi tarixi legitimliyi olmayan bir ailə üzərindən deyil, ölkə daxilində real sosial dayaqlara malik olan qruplar vasitəsilə aparmalıdır. İran çoxmillətli dövlətdir və bu ölkədə bəluclar, ərəblər, kürdlər, cənubi azərbaycanlılar kimi ciddi demoqrafik və siyasi potensiala malik xalqlar mövcuddur. Bu sosial təbəqələr illərdir həm iqtisadi, həm siyasi, həm də mədəni ayrı-seçkiliklə üzləşir və dəyişiklik üçün real motivasiyaya sahibdirlər.

Lakin təəssüf ki, ABŞ və Qərb dövlətləri bu reallığı nəzərə almaq əvəzinə, “yanlış ata oynayır”, yəni İran cəmiyyətinin iç dinamikalarından uzaq, xaricdən idarə olunan və legitimliyi şübhəli fiqurlara üstünlük verirlər.

Bu yanaşmanın mənfi nəticələri artıq müşahidə olunub. Məhsa Əmininin ölümü ilə bağlı yaşanan hadisələr zamanı etirazlar ölkə üzrə sürətlə genişlənir, rejim üçün real təhlükəyə çevrilirdi. Lakin ABŞ və digər qərb ölkələrinin Rza Pəhləvini ön plana çıxarması etirazçı kütlədə ciddi ruh düşkünlüyü yaratdı. İnsanlar belə düşündü: “Biz küçələrdə qan tökəcəyik, can verəcəyik, sonda isə xaricdə oturan bir fiqur gəlib hakimiyyəti ələ alacaq?” Məhz bu psixoloji qırılma aksiyaların səngiməsində mühüm rol oynadı.

Əgər ABŞ bu gün də etirazlara dolayı və ya açıq şəkildə müdaxilə edərək prosesi yenidən Rza Pəhləvi üzərindən yönləndirməyə çalışarsa, mövcud aksiyaların da uğursuzluqla nəticələnməsi ehtimalı yüksəkdir. Çünki İran cəmiyyətinin əsas tələbi xaricdən ixrac edilən lider deyil, xalqın ağrısını paylaşan, onunla eyni riskləri bölüşən, daxildən çıxmış real liderdir.

Bununla belə, bir ehtimalı da tam istisna etmək olmaz. Əgər İran cəmiyyəti “pis” və “lap pis” arasında seçim etmək məcburiyyətində qalarsa, yəni molla rejiminin qalması alternativsiz görünərsə, müəyyən kəsimlər çıxış yolu kimi Rza Pəhləvini dəstəkləyə bilər. Bu ehtimal zəifdir, lakin siyasi proseslərdə tamamilə sıfır da deyil.

-Aksiyaların genişlənməsi İranın daxili sabitliyi və region ölkələri üçün hansı nəticələr doğura bilər?

-İranda mövcud proseslərin bu istiqamətdə davam etməsi ölkənin daxili sabitliyinin ciddi şəkildə sarsılması, hətta nəzarətdən çıxması riskini yaradır. İran kimi çoxmillətli və geosiyasi baxımdan həssas bir ölkədə mərkəzi hakimiyyətin zəifləməsi yalnız daxili problem olaraq qalmır, qaçılmaz şəkildə region ölkələrinə də sirayət edir.

İran daxilində sabitliyin dağılması ilk növbədə etnik və regional domino effekti yarada bilər. Ölkənin cənub-şərqində yaşayan bəlucların birbaşa qonşusu Pakistandır. Bəluç bölgəsində gərginliyin artması Pakistanın təhlükəsizlik balansına təsir göstərə, sərhəd boyunca silahlı qarşıdurmalar və qeyri-sabitlik yarada bilər. Eyni zamanda, İranın cənub-qərbində, Əhvaz bölgəsində yaşayan ərəblərin etirazlarının dərinləşməsi ərəb dünyası ilə İran arasında yeni gərginlik ocaqları formalaşdıra bilər.

Bu proseslərin Azərbaycan və Türkiyə üçün də ciddi nəticələri ola bilər. İran ərazisində yaşayan əhalinin təxminən 45–50 faizi türklərdən ibarətdir və bu faktor mümkün böhran ssenarilərində xüsusi əhəmiyyət daşıyır. Mərkəzi hakimiyyətin zəifləməsi və ya daxili qarşıdurmaların silahlı mərhələyə keçməsi halında, etnik təhlükəsizlik məsələsi regional gündəmin əsas mövzularından birinə çevriləcək.

Ən real və qaçılmaz nəticələrdən biri kütləvi miqrasiya dalğasıdır. Əgər İranda daxili savaş və ya uzunmüddətli xaos baş verərsə, milyonlarla insanın ölkəni tərk etməsi ehtimalı yaranacaq. Bu miqrant axınının əsas istiqamətləri Türkiyə, Azərbaycan, Pakistan və qismən ərəb ölkələri olacaq. Bu isə həmin dövlətlər üçün həm humanitar, həm də təhlükəsizlik baxımından ciddi yük deməkdir.

Belə bir ssenaridə qonşu dövlətlərin İranda yaşayan öz etnik və dini yaxınlıqları olan xalqlara münasibətdə tam neytral qalması çətinləşəcək. Regional güclər faktiki olaraq İrandakı proseslərdə dolayı və ya birbaşa mövqe tutmağa məcbur qalacaqlar. Xüsusilə Azərbaycan və Türkiyənin, İranda yaşayan türk əhalisinin təhlükəsizliyi məsələsini gündəmə gətirməsi mümkündür. Hətta daha radikal ssenaridə, genişmiqyaslı humanitar fəlakətin və kütləvi köçün qarşısını almaq məqsədilə təhlükəsizlik və ya tampon zonaların yaradılması kimi variantlar da regional müzakirə mövzusu ola bilər. Bu, beynəlxalq hüquq baxımından mürəkkəb məsələ olsa da, real siyasətdə böhran şəraitində istisna edilən variant deyil.

Bir sözlə, İranda daxili sabitliyin pozulması təkcə Tehranın problemi deyil, bütün Yaxın Şərq və Cənubi Qafqaz üçün ciddi təhlükə mənbəyidir. Hadisələrin nəzarətdən çıxması regionda yeni güc balansları, yeni qarşıdurmalar və uzunmüddətli qeyri-sabitlik dövrünü başlada bilər. Məhz buna görə də İran daxilində baş verən proseslərə həm regional, həm də beynəlxalq səviyyədə diqqət getdikcə daha da artır.

-Kürd bölgələri, mərkəzi vilayətlər və İranın şərq–qərb oxu üzrə ərazilərində etirazlar eyni vaxtda aktiv olduğu halda, azərbaycanlıların bu proseslərə qoşulmaması maraq doğurur. Siz bunu nə ilə izah edərsiniz?

-Hazırda İranda kürd bölgələrində, mərkəzi vilayətlərdə, eləcə də ölkənin şərq–qərb oxu üzrə müxtəlif ərazilərində etirazlar paralel şəkildə aktiv olduğu halda, Güney Azərbaycanın bu proseslərə kütləvi şəkildə qoşulmaması təsadüfi deyil. Bu davranış daha çox tarixi təcrübə, siyasi yaddaş və strateji gözləmə mövqeyi ilə izah olunur.

Güney Azərbaycan xalqı ümumi narazılıqları görür və anlayır, lakin bu etirazlara qoşulmaq məsələsində emosional yox, rasional mövqe tutur. Milli Hərəkata mənsub çevrələrin əsas və dəyişməz tələbi molla rejiminin kosmetik dəyişməsi deyil, öz müqəddəratını təyin etmək və Milli Hökumət qurmaqdır. Bu baxımdan, hazırkı etiraz dalğası onlar üçün hələlik məqsədlərinə tam uyğun platforma hesab edilmir.

Azərbaycanlıların etirazlara qatılmamasının əsas səbəblərindən biri də gözləmə mərhələsində olmalarıdır. Güney Azərbaycan cəmiyyəti yaranmış vəziyyəti diqqətlə izləyir və hesab edir ki, uyğun məqam yetişdikdə, öz şüarları, öz siyasi gündəmi və öz hədəfləri ilə meydanlara çıxmalıdır. Bu şüarlar artıq ideoloji olaraq formalaşıb və açıq şəkildə ifadə olunur:

“Azərbaycan vilayəti, səltənəti atıbdır, Azərbaycan öz yolunu tapıbdır”,

“Nə şahçıyıq, nə şeyxçi – millətçiyik, millətçi.”

Bu çağırışlar göstərir ki, Güney Azərbaycan xalqı nə monarxiyanı, nə də dini rejimi alternativ sayır, yalnız milli iradəyə əsaslanan siyasi idarəetmə modeli istəyir.

Burada çox mühüm bir tarixi faktor da var. Azərbaycanlılar son yüz il ərzində azı dörd dəfə inqilabi proseslərin fəal iştirakçısı olub və ağır bədəllər ödəyiblər. Lakin hər dəfə inqilab başa çatdıqdan və yeni mərkəzi hakimiyyət möhkəmləndikdən sonra, ilk repressiyaya məruz qalan məhz azərbaycanlılar olub. Onlar siyasi, mədəni və fiziki zorakılığa məruz qalıb, kütləvi şəkildə sıxışdırılıblar. Bu tarixi travma bu gün Güney Azərbaycan cəmiyyətinin qərarlarına birbaşa təsir edir.

Məhz buna görə də, hazırda Güney Azərbaycan xalqı ümumi rejim əleyhinə aksiyalarda “ön cəbhə”yə çıxmaq istəmir. Çünki bu halda ən çox itki verən, ən ağır bədəl ödəyən tərəf yenə də azərbaycanlılar olacaq. İran hakimiyyəti üçün ən təhlükəli və ən potensiallı etnik-siyasi qüvvə məhz türklərdir. Bu səbəbdən, əgər sabah Güney Azərbaycanda kütləvi ayaqlanma başlasa, Tehran digər bölgələrdəki təhlükəsizlik qüvvələrini geri çəkib, əsas zərbəni Təbriz, Ərdəbil, Urmiya və digər türk şəhərlərinə yönəldəcək. Bu bölgələrdə zorakılığın Tehrana, Abadana və ya digər şəhərlərə nisbətən qat-qat sərt olacağı şübhəsizdir.

Bu vəziyyət etirazların ümumölkə miqyaslı hərəkat səviyyəsinə yüksəlməsinə müəyyən mənada maneə yaradır, çünki Güney Azərbaycan demoqrafik, iqtisadi və strateji baxımdan İranın ən həlledici bölgələrindən biridir. Azərbaycanlıların proseslərə qoşulması olmadan, etirazların rejimi real şəkildə sarsıdacaq gücə çatması xeyli çətinləşir.

Dediyim kimi, Güney Azərbaycan xalqının hazırkı mövqeyi passivlik deyil, strateji səbr və siyasi hesablanmış mövqedir. Məqam yetişdikdə, onlar bu proseslərə qoşulacaq, lakin bunu başqasının gündəmi ilə deyil, öz milli hədəfləri ilə edəcəklər. Əsas məqsəd isə aydındır: ən az itki ilə, ən yüksək nəticəni əldə etmək və öz siyasi gələcəyini özü müəyyənləşdirmək.