"Müharibələri silah yox, bilik qazanacaq" - Türk alimin "Şərq"ə MÜSAHİBƏSİ

  • "Bilik artıq dövlətlərin yeni təsir və güc alətidir"
  • Ülkü Sancar: "Bilik XXI əsrin atom bombasıdır"

Müasir dünyada diplomatiya anlayışı artıq yalnız siyasi danışıqlar və dövlətlərarası münasibətlərlə məhdudlaşmır. Elm, texnologiya, təhsil və innovasiya sahələrində əldə olunan nailiyyətlər də ölkələrin beynəlxalq nüfuzunun və təsir imkanlarının formalaşmasında mühüm rol oynayır. Bu baxımdan son illərdə "elm diplomatiyası" və "bilik diplomatiyası" anlayışları qlobal gündəmdə getdikcə daha çox yer almağa başlayıb.

Pandemiyalar, iqlim dəyişikliyi, süni intellekt, enerji təhlükəsizliyi və digər sərhədlərarası çağırışlar ölkələr arasında elmi əməkdaşlığın əhəmiyyətini daha da artırıb.

Dos.Dr.Ülkü Sancar bilik diplomatiyasının müasir beynəlxalq münasibətlərdə rolu, elm və texnologiyanın strateji əhəmiyyəti barədə Sherg.az-ın suallarını cavablayıb:

-Ülkü xanım, bu gün diplomatiya deyəndə insanların ağlına daha çox siyasi və hərbi münasibətlər gəlir. Siz isə "Bilik Diplomatiyası" anlayışını mərkəzə alan bir kitab da qələmə almısınız. İlk növbədə bilik diplomatiyasını necə izah edərdiniz? Nə üçün bilik bu gün dünyanın ən təsirli diplomatiya vasitələrindən birinə çevrilib?

-Ümumi qəbul olunmuş yanaşmaya görə bilik diplomatiyası bilginin, elmin, texnologiyanın, təhsilin və ekspert biliklərinin ölkələr və cəmiyyətlər arasında etimad yaratmaq, ortaq problemlərə həll yolları tapmaq və beynəlxalq münasibətlərdə təsir dairəsi formalaşdırmaq məqsədilə strateji şəkildə istifadə olunmasıdır. 

Bilik diplomatiyasının ən konkret nümunələrindən biri CERN-dir. CERN təkcə Hiqqs bozonunun kəşfi kimi elmi nailiyyətlər demək deyil. Eyni zamanda müxtəlif ölkələrdən olan alimlərin onilliklər boyu ortaq laboratoriyalarda birlikdə çalışması, biliyi birgə istehsal etməsi və elm vasitəsilə davamlı etimad münasibətləri qurması deməkdir. Bu baxımdan CERN göstərir ki, bilik diplomatiyası yalnız nəzəri anlayış deyil, beynəlxalq əməkdaşlığı mümkün edən konkret modeldir. Lakin burada xüsusilə vurğulanmalı olan mühüm bir məqam var. Bilik diplomatiyası siyasi və hərbi diplomatiyanın qarşısında duran alternativ diplomatiya növü deyil. Əksinə, siyasi və hərbi münasibətlərin təməlində də bilik dayanır. Bir dövlətin hansı siyasəti həyata keçirəcəyi, hansı təhlükəsizlik strategiyasını hazırlayacağı, hansı texnologiyadan istifadə edəcəyi və ya hansı ittifaqı quracağı istehsal olunan, işlənən və qiymətləndirilən biliyə əsaslanır.

Əslində insanlıq tarixinə nəzər saldıqda görürük ki, bu tarix bilginin istehsalı, ötürülməsi, paylaşılması və toplanması ilə formalaşan bilik sistemidir. Odun kəşfindən əkinçiliyə, mətbəədən nüvə texnologiyasına, internetdən süni intellektə qədər bütün böyük dönüşlər beynəlxalq güc balansını dəyişdirib.

Bu gün bu vəziyyət daha da aydın görünür. Çünki qarşılaşdığımız problemlərin mühüm hissəsi sərhəd tanımır. Pandemiyalar, süni intellekt, kibertəhlükəsizlik, enerji və ərzaq təhlükəsizliyi kimi məsələləri yalnız siyasi danışıqlar və ya hərbi güclə həll etmək mümkün deyil. Bu sahələrdə ölkələrin malik olduğu elmi potensial, texnologiya istehsal etmək gücü və biliyə çıxışı birbaşa geosiyasi güc deməkdir.

Məhz buna görə bilik diplomatiyası mücərrəd bir arzu deyil. Ona gündəlik geosiyasətin mərkəzində fəaliyyət göstərən konkret bir mexanizm kimi baxmaq lazımdır.

Məsələn, siyasi və hərbi diplomatiya çox vaxt "Sərhədi keçsən, cavab verərəm" və ya "Sənə embarqo tətbiq edərəm" deyərək çəkindiricilik yaradır. Bilik diplomatiyası isə fərqli bir güc ortaya qoyur: "Gələcəyin texnologiyasını, həllini və hətta beynəlxalq standartını mən istehsal edir və müəyyən edirəm",- deyir.

-Bəs bilik diplomatiyasının bu gün tətbiq olunduğu ən konkret mexanizmlər və sahələr hansılardır? 

-Bunun bu gün çox konkret qarşılıqları var. Birincisi, böhran dövrlərində elmi dəhlizlərin yaradılmasıdır. Siyasi münasibətlərin kəsildiyi və ya hərbi gərginliyin artdığı dövrlərdə belə alimlər, universitetlər və tədqiqat müəssisələri arasında bilik mübadiləsi davam edə bilir. Pandemiyalarla mübarizədə peyvənd və genom məlumatlarının paylaşılması, iqlim araşdırmalarında ortaq məlumat bazalarından istifadə edilməsi və ya nüvə təhlükəsizliyi sahəsində elmi əməkdaşlıqlar bunun nümunələridir. Yəni bəzən siyasət danışa bilməyəndə elm danışmağa davam edir.

İkincisi, texnologiya artıq birbaşa geosiyasi güc yaradır. Süni intellekt, yarımkeçiricilər, biotexnologiya, kosmik texnologiyalar və bərpa olunan enerji kimi sahələrdə kim bilik istehsal edir və texnoloji standartları müəyyənləşdirirsə, gələcəyin iqtisadi və siyasi düzənində də həmin ölkə daha çox söz sahibi olur.

Buna görə də bilik diplomatiyasının gücü təkcə "bilik paylaşmaqdan" qaynaqlanmır. Əsas məsələ biliyi istehsal etmək, onu etibarlı hala gətirmək, paylaşmaq və qlobal qərar qəbuletmə proseslərinə təsir göstərə biləcək bir potensiala çevirməkdir. Qısacası, biliyi kim istehsal edir, kim idarə edir, kim paylaşır və kim onu qlobal standarta çevirir.

-Bu anlayış təcrübədə özünü necə göstərir?

-Məsələn, bu gün Marsı hədəfləmək yalnız bir kosmik layihə deyil. Marsa getmək hədəfi əslində gələcək əsrin texnologiyasını, bilik ehtiyatını və bəşəriyyətin gələcək təsəvvürünü formalaşdırmaq iddiasıdır. Çünki Marsa çatmaq qabaqcıl mühəndislikdən süni intellektə, biotexnologiyadan enerji texnologiyalarına, materialşünaslıqdan rabitə sistemlərinə qədər çoxsaylı sahələrdə bilik istehsal etməyi tələb edir.

Buna görə də Mars yarışı təkcə "Kim gedəcək?" sualı ilə bağlı deyil, eyni zamanda "Gələcəyin dünyasını kim layihələndirəcək?" sualı ilə də bağlıdır.

Məhz buna görə bilik və diplomatiya yalnız bu gün istifadə olunan diplomatiya vasitəsi deyil, həm də gələcəyin memarlığında söz sahibi olmaq uğrunda mübarizədir. Bir ölkə hansı biliyi istehsal edir, hansı texnologiyanı inkişaf etdirir və hansı standartları müəyyənləşdirirsə, o, təkcə bu günün deyil, sabahın beynəlxalq sistemini də formalaşdırmaq potensialına malik olur.

-"Bilik Diplomatiyası" kitabını yazarkən əsas məqsədiniz nə idi? Bu kitabı qələmə almaq ideyası necə yarandı?

-Bu kitabı yazmaq mənim üçün seçim deyil, intellektual zərurət idi. Bunun əsas səbəbi doğulduğum coğrafiyanın mənə çox erkən yaşlarda öyrətdiyi bir həqiqətdir: Elm bizim coğrafiyada təkcə xəbər deyil. Bəzən varoluş, bəzən isə həyatda qalmaq məsələsidir. Tarixin, siyasətin və geosiyasətin bir-biri ilə iç-içə keçdiyi bu coğrafiyada bunu yaşayaraq öyrəndim.

Təhsil həyatımda isə gördüm ki, bilginin təkcə istehsal olunması deyil, onun necə ötürüldüyü və necə mənalandırıldığı da ən az istehsalın özü qədər vacibdir.

Hər anlayış daxil etmə və kənarda qoyma aktıdır. Bəşəriyyətə düzgün tərcümə edilməyən, mənalandırıla bilməyən hər bir elmi nəticə, sonda imtiyazlı elmi istehsal həyata keçirən azlığı da öz içinə alan nəhəng və keyfiyyətsiz istehlak cəmiyyətləri yaradır. Bu vəziyyət nəticələri etibarilə bəşəriyyət üçün gözardı edilə bilməyəcək böyüklükdə təhdiddir.

Təqdir edərsiniz ki, əgər hekayənizdə həqiqi elmi izah yoxdursa və ya bu izah birtərəflidirsə, diplomatiya masasında yalnız simvollar, niyyətlər, nişanlar və ya birtərəfli nəticələr qalır.

Mənə görə elm sahələri ixtisas istiqamətlərinə görə ayrıla bilər, amma insan və cəmiyyət həyatında onlar bütöv bir sistem təşkil edir. Elm və diplomatiya soyuq masalardan ibarət deyil, cəmiyyətlərin ən həssas, ən dərin damarlarına toxunan canlı proseslərdir.

Məhz buna görə kitabın üz qabığına o sarsıdıcı sualı yazdım: "Niyə bəzi cəmiyyətlər övladlarını torpağa tapşırarkən, bəziləri yalnız robotlarını təmir edir?"

400 səhifəlik bu əsərin arxasında minlərlə səhifəlik bilik, təcrübə və zehnimdə eyni anda açıq qalan onlarla "səkmə" var idi. Mən o səkmələri də, o sualları da bağlamadan yazdım. İstəyim oxucuya nələrisə anlatmaq yox, onunla birlikdə düşünə bilmək idi.

Çünki bilirəm ki, hər bir bilik hər coğrafiyada fərqli şəkildə qavranılır. Məhz buna görə məqsədim insanlıq tarixi ilə yaşıd olan elm və diplomatiyanın birlikdə bu gün qlobal miqyasda necə nəhəng institusionallaşmaya çevrildiyini göstərmək və bu mürəkkəbliyin ortasında bir maarifləndirmə yaratmaq idi.

-Elmi inkişafın sürətləndiyi müasir dövrdə akademik dairələrin və qərarvericilərin bilik diplomatiyası anlayışına yanaşmasını necə qiymətləndirirsiniz?

-Bu sualın cavabını vahid və ümumi keçərli bir mənzərə ilə xülasə etmək mümkün deyil. Çünki akademik dairələrin və qərarvericilərin baxışı ölkələrə, bölgələrə və inkişaf səviyyələrinə görə ciddi şəkildə fərqlənir.

Bəzi coğrafiyalarda akademiyanın istehsal etdiyi biliklərin qərarvermə proseslərinə birbaşa inteqrasiya edildiyini, bilik diplomatiyasının dövlət strategiyasına çevrildiyini görürük. Bu bölgələrdə akademiya ilə strateji qərar masaları arasında üzvi və güclü əlaqə mövcuddur. Lakin burada əsas risk ondan ibarətdir ki, bilik yalnız müəyyən güc mərkəzlərinin əlində imtiyaza çevrildikcə, qlobal miqyasda dərin uçurum yaratmaq ehtimalı artır.

Bəzi coğrafiyalarda isə vəziyyət tamamilə fərqli bir sınaq qarşısındadır. Burada elmi istehsal ilə diplomatiyanın strateji dili arasındakı inteqrasiya hələ arzu olunan institusional səviyyəyə çatmayıb. Akademiya çox vaxt öz daxili dinamikalarına fokuslanarkən, qərarvericilər də bilginin diplomatiyadakı transformasiyaedici gücündən faydalanmaq əvəzinə, ani və dövri addımlara üstünlük vermək məcburiyyətində qala bilirlər.

Məhz bu iki fərqli mənzərənin yaratdığı uçurumun ortasında dünya inanılmaz sürətlə yeni bir "bilik iyerarxiyası" əsasında formalaşır.

-Bu gün formalaşan "bilik iyerarxiyası" dedikdə konkret olaraq nələri nəzərdə tutursunuz?

-Bunun konkret nəticələrini bu gün qlobal səhnədə hər gün görürük. Yarımkeçirici və çip texnologiyaları artıq yalnız texniki mühəndislik məsələsi deyil. İqtisadi rəqabətdən milli təhlükəsizliyə, təchizat zəncirlərindən xarici siyasətə qədər uzanan strateji güc sahəsidir. Süni intellekt etikası, məlumatların idarə olunması və alqoritmik suverenliklə yanaşı, beynəlxalq hüquq və qlobal idarəetmə müzakirələrinin mühüm mövzularına çevrilib. Biotexnologiya və xüsusilə peyvənd böhranları isə elmi biliyə, texnologiyaya və istehsal potensialına çıxışın qlobal güc münasibətlərinə necə təsir etdiyini açıq şəkildə göstərdi.

Elmi inkişafın sürətləndiyi bir dövrdə bilik diplomatiyasına dair maarifləndirmənin getdikcə artdığını düşünürəm. Lakin anlayışın daşıdığı strateji ağırlıq ilə ona göstərilən institusional maraq arasında hələ də müəyyən məsafə var. Çünki bilik diplomatiyasının nəticələri əksər hallarda qısa müddətdə görünmür. Diplomatik bir addımın nəticəsini bir neçə ay ərzində görə bilərsiniz, lakin bir ölkənin bilik potensialının formalaşması uzun illər tələb edir.

Buna görə də bilik diplomatiyası dövri siyasətlə və ya ayrı-ayrı layihələrlə həyata keçirilə biləcək bir sahə deyil. O, uzunmüddətli dövlət siyasəti, sabit baxış və nəsillərarası planlaşdırma tələb edir.

Burada dövlətlərin yalnız elmi istehsalı dəstəkləməsi də kifayət deyil. Əsas məsələ elm, təhsil, xarici siyasət, iqtisadiyyat, texnologiya və mədəniyyət siyasətlərinin bir-birindən müstəqil sahələr kimi deyil, vahid strategiyanın tərkib hissələri kimi nəzərdən keçirilməsidir.

-Bu kontekstdə akademik bilik ilə strateji qərarvermə mexanizmləri arasında əlaqə necə qurulmalıdır?

-Mən buna görə bilik diplomatiyasına bir qədər də "gələcəyi bu gündən planlaşdırmaq bacarığı" kimi baxıram. Çünki sabahın dünyası yalnız sizin nə qədər hazırlıqlı olduğunuzla maraqlanacaq.

Akademiya bilik istehsal etməklə yanaşı, lazım gəldikdə həmin biliyin cəmiyyətlə, qərarvericilərlə və beynəlxalq ictimaiyyətlə görüşməsini təmin edən aktor olmalıdır. Biz qəbul etsək də, etməsək də, bəyənsək də, bəyənməsək də dünya istehsal olunan biliyin dəyərini onun yaratdığı konkret fayda ilə ölçür. Bu da fənlərarası əməkdaşlığı, kommunikasiya potensialını və akademiyanın cəmiyyətlə qurduğu əlaqəni daha da əhəmiyyətli edir. Akademiyanın bilik ehtiyatı ilə qərarvericilərin baxışı məhz bu uzunmüddətli perspektivdə bir araya gəlməlidir.

Bəzi ölkələrdə universitetlər, tədqiqat mərkəzləri, beyin mərkəzləri və texnologiya şirkətləri birbaşa strateji qərarvermə mexanizmlərinin ayrılmaz hissəsinə çevrilib. Elmi bilik yalnız məqalələrdə qalmır, xarici siyasətdən müdafiəyə, səhiyyədən enerjiyə, süni intellektdən iqtisadi siyasətə qədər qərarvermə proseslərinə daşınır.

-Bu prosesdə akademiyanın və qərarvericilərin məsuliyyət bölgüsü necə olmalıdır?

-Diplomasiya kitabında işarə edilən mühüm bir həqiqət var: Dövlət adamlarının qarşısında tətbiq oluna biləcək hazır resept yoxdur. Akademiya bilik istehsal edir, təhlil aparır və mümkün ssenarilər hazırlayır. Lakin qərarvericilər hər zaman natamam informasiya, zaman təzyiqi və qeyri-müəyyənlik şəraitində qərar vermək məcburiyyətində qalırlar. Elm və diplomatiyanın kəsişməsi də məhz buna görə əhəmiyyətlidir. Çünki məqsədi siyasətin yerini tutmaq deyil, qərarvermə proseslərini elmi bilik, ekspertiza və beynəlxalq əməkdaşlıq vasitəsilə dəstəkləyərək daha düzgün və uzaqgörən qərarların qəbul edilməsinə töhfə verməkdir. Yəni qərarların keyfiyyətini müəyyən etməkdir.

Elm ilə qərarvericilər bir-birindən uzaqlaşdıqda təkcə akademiya itirmir, dövlət də gələcəyi qabaqcadan görmək və strategiya formalaşdırmaq bacarığını itirir. Çünki elmi istehsal yalnız bir layihə deyil, bir ekosistemdir, dövri siyasət deyil, dövlət strategiyasıdır.

Unutmayaq ki, elm və diplomatiya nə akademiyanın dar dəhlizlərindəki bir lüksdür, nə də qərarvericilərin ani addımlarından ibarətdir. O, bir sivilizasiya, gələcək təsəvvürüdür. Bəşəriyyətin yaddaşında söz sahibi ola bilmək məsələsidir.

-Sizcə, bilik diplomatiyası beynəlxalq böhranların həllində və ölkələr arasında etimadın qurulmasında necə rol oynaya bilər? 

-Bilik diplomatiyasının beynəlxalq böhranlarda və ölkələr arasında etimadın qurulmasında oynaya biləcəyi rolu bu gün getdikcə daha strateji çərçivədə qiymətləndirmək lazımdır. Çünki beynəlxalq böhranlarda problemlərdə maraqların və ya siyasi mövqelərin toqquşması ilə bərabər tərəflərin hadisələri hansı biliyə əsaslanaraq qiymətləndirməsi, hansı məlumatlara etibar etməsi və qarşı tərəfin təqdim etdiyi informasiyanın nə dərəcədə təsdiqlənə bilməsi də həlledici əhəmiyyət daşıyır.

Əsas məsələ fərqli siyasi mövqelərə malik ölkələrin üzərində razılaşa biləcəyi etibarlı bilik bazasını formalaşdıra bilməkdir. Bu isə təsdiqləmə, şəffaflıq, müstəqil ekspertiza və ortaq məlumat istehsalı kimi mexanizmləri diplomatiyanın mühüm elementlərinə çevirir.

-Müasir dünyadan bununla bağlı nümunələr göstərə bilərsinizmi?

-Bunun müasir dövrdə ən konkret nümunələrindən biri Zaporojye Atom Elektrik Stansiyasıdır. Ukrayna müharibəsinin tərəfləri nüvə təhlükəsizliyi məsələsində bir-birlərini ittiham edərkən, Beynəlxalq Atom Enerjisi Agentliyinin ərazidə fəaliyyət göstərən mütəxəssisləri müstəqil müşahidələr və texniki qiymətləndirmələr aparırlar.

Əlbəttə, bu mexanizm siyasi fikir ayrılıqlarını aradan qaldırmır. Lakin nüvə təhlükəsizliyi kimi yanlış qiymətləndirmənin və ya yanlış informasiyanın çox ağır nəticələrə səbəb ola biləcəyi bir sahədə tərəflərin və beynəlxalq ictimaiyyətin istinad edə biləcəyi müstəqil texniki əsas yaradır. Beləliklə, burada bilik təkcə ünsiyyəti asanlaşdıran vasitə deyil, həm də qeyri-müəyyənliyi və yanlış hesablamalar riskini azaldan təhlükəsizlik mexanizmi funksiyasını yerinə yetirir.

Qara Dəniz Taxıl Təşəbbüsü də başqa bir aspektdən mühüm əhəmiyyət daşıyır. Türkiyə, BMT, Rusiya və Ukrayna arasında yaradılmış mexanizmdə siyasi razılaşma ilə yanaşı, texniki koordinasiya və yoxlama sistemi də quruldu. Gəmilərin hərəkətinin izlənilməsi, daşımaların yoxlanılması və tərəflərin üzərində razılaşdığı texniki prosedurların tətbiqi siyasi etimadın məhdud olduğu bir şəraitdə mexanizmin işləməsinə töhfə verdi. Burada gördüyümüz məqam siyasi diplomatiyanın texniki bilik infrastrukturu ilə dəstəklənməsinin böhranın idarə olunmasını asanlaşdırmasıdır.

-Səhiyyə və iqlim kimi qlobal təhdidlər qarşısında bilik diplomatiyası etimad mühitini necə şəkilləndirir?

-Qlobal səhiyyə təhlükəsizliyi bilik diplomatiyasının sərhədləri aşan xarakterini göstərir. Yeni patogenin və ya virus variantının ortaya çıxması halında genetik və epidemioloji məlumatların paylaşılması digər ölkələrin təhlükəni öz elmi potensialı əsasında qiymətləndirməsinə imkan yaradır. Bu prosesdə informasiya paylaşımı artıq xoş niyyət nümayişi olmaqdan çıxaraq ortaq təhlükəsizliyin zərurətinə çevrilir. Çünki bir ölkədə məlumat çatışmazlığı digər ölkələrin də riskini artırır.

İqlim diplomatiyasında da oxşar mexanizm mövcuddur. Ölkələr enerji siyasəti, iqtisadi xərclər və məsuliyyətin bölüşdürülməsi məsələlərində bir-birindən kifayət qədər fərqli mövqelərə malikdir. Lakin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel kimi elmi qiymətləndirmə mexanizmləri bu siyasi fərqliliklərin üzərində ortaq bilik bazası yaradır. Beləliklə, ölkələr eyni siyasəti qəbul etmək məcburiyyətində qalmadan, heç olmasa danışıqlarını ortaq elmi reallıq əsasında davam etdirə bilirlər.

Bütün bu nümunələrin ortaq cəhəti budur: Bilik diplomatiyası ölkələri eyni cür düşünməyə məcbur etmir. Onların eyni reallıq üzərindən danışıqlar aparmasına şərait yaradır. Bu fərq çox önəmlidir. Çünki beynəlxalq münasibətlərdə etimad hər zaman qarşılıqlı simpatiya və ya siyasi yaxınlıq üzərində qurulmur. Xüsusilə böhran dövrlərində etimad tərəflərin bir-birinin söylədiklərini müstəqil şəkildə yoxlaya bilməsi və ortaq faktoloji baza formalaşdıra bilməsi üzərində də qurula bilər.

-Dezinformasiyanın və süni intellektin sürətlə yayıldığı bir dövrdə bilik diplomatiyasının əhəmiyyəti daha da artırmı?

-Bu gün süni intellektin yaratdığı məzmunların, dezinformasiyanın və informasiya müharibələrinin getdikcə gücləndiyi bir şəraitdə bu məsələ daha da kritik əhəmiyyət kəsb edir. Artıq strateji rəqabəti yalnız "Kim daha çox məlumata malikdir?" sualı ilə izah etmək mümkün deyil. Bununla yanaşı, "Hansı informasiya etibarlıdır?", "Bu informasiya necə təsdiqlənir?" və "Beynəlxalq ictimaiyyət hansı informasiyaya əsaslanaraq qərar verəcək?" sualları da ön plana çıxır.

Buna görə də gələcəyin diplomatiyasında ölkələrin gücü təkcə hərbi potensial, iqtisadi güc və ya siyasi nüfuzla ölçülməyəcək. Etibarlı bilik istehsal etmək, həmin biliyi müstəqil şəkildə təsdiqləmək və onu beynəlxalq qərarvermə proseslərinə daşımaq bacarığı da strateji gücün mühüm elementlərindən birinə çevriləcək.

Məhz buna görə bilik diplomatiyasına böhranları təkbaşına həll edən vasitə kimi deyil, böhranların idarə oluna bilməsi üçün zəruri olan etimadın, proqnozlaşdırıla bilənliyin və ortaq reallıq zəmininin formalaşmasına töhfə verən strateji diplomatiya potensialı kimi baxmaq lazımdır.

Məncə, qarşıdakı dövrdə ölkələr arasındakı etimadın mühüm hissəsi "Sənə inanıram" cümləsindən daha çox, "Səninlə birlikdə təsdiqləyə bildiyimiz ortaq bir reallıq var" anlayışı üzərində qurulacaq. Bilik diplomatiyasının əsl strateji dəyəri də məhz burada ortaya çıxır.

-Bilik diplomatiyası Türk dövlətləri arasında elmi, akademik və mədəni əməkdaşlığın gücləndirilməsi baxımından hansı imkanları təqdim edir?

-Dünyanın böyük güclərinin uzun müddətdir strateji maraq göstərdiyi Türk dövlətlərinin formalaşdırdığı vahid coğrafiya geosiyasi mövqeyi, enerji və nəqliyyat dəhlizləri, gənc əhalisi və zəngin tarixi-mədəni irsi ilə XXI əsrin ən mühüm strateji məkanlarından biridir. Lakin bu gün əsas məsələ həmin geosiyasi və mədəni potensialın bilik, elm və innovasiya potensialına çevrilə bilməsidir.

Türk dövlətlərinin birlikdə hərəkət edərək gələcəyin dünyasında ayrı-ayrılıqda malik olduqları imkanlardan daha böyük və mənalı güc yarada biləcəkləri beynəlxalq ekspertlərin və qərarvericilərin açıq və ya səssiz şəkildə dilə gətirdiyi, diqqətlə izlədiyi bir həqiqətdir. Bu baxımdan elm diplomatiyası nəticə deyil, bu inteqrasiyanın ən strateji təməl sütunlarından biridir.

Bilik paylaşıldıqca azalan deyil, əksinə, paylaşıldıqca artan strateji resursdur. Elm diplomatiyası da Türk dövlətlərinin məhz bu qatlanaraq artan intellektual potensialını öz daxilində sərbəst buraxmaq təşəbbüsüdür. Çünki Türk dünyasının qarşısında təkcə ortaq keçmişə deyil, həm də ortaq gələcəyin qurulmasına imkan verəcək möhtəşəm potensial mövcuddur.

Ən böyük tarixi fürsət isə bizə yalnız keçmişin irsini qorumaqla yanaşı gələcəyin dünyasında birlikdə dəyişdirici gücə çevrilməyi vəd etməsidir.

-Ortaq tədqiqat layihələri, akademik mübadilə proqramları və gənc alimlərin dəstəklənməsi bilik diplomatiyasının inkişafına hansı töhfələri verir?

-Unutmamaq lazımdır ki, elmi inkişaf heç zaman təkbaşına və təcrid olunmuş strukturlar daxilində baş verməyib. Elm öz mahiyyətinə görə kollektiv bilik toplusunun, fərqli baxış bucaqlarının və sintezin məhsuludur. Buna görə də bilik diplomatiyasının əsas istiqamətlərindən biri yalnız biliyin sərhədlər arasında dövriyyəsini təmin etmək deyil, həm də həmin biliyi birlikdə istehsal edən və bu istehsal əsasında davamlı münasibətlər quran elmi ictimaiyyət formalaşdırmaqdır.

Sizin qeyd etdiyiniz bu üç vasitə məhz həmin kollektiv quruluşu qidalandıran əsas mexanizmlərdir.

İlk növbədə, ortaq tədqiqat layihələri müxtəlif ölkələrin elmi infrastrukturunu, ekspert potensialını və resurslarını vahid platformada birləşdirir. Bu isə ayrı-ayrı ölkələrin öz imkanları hesabına həll edə bilməyəcəyi mürəkkəb və qlobal miqyaslı araşdırmaların həyata keçirilməsinə şərait yaradır. Yəni bilik diplomatiyasına konkret, keyfiyyətli və ortaq intellekt məhsulu qazandırır.

İkinci olaraq, akademik mübadilə proqramları bu institusional əməkdaşlığı birbaşa insan münasibətləri müstəvisinə daşıyır. Müxtəlif akademik və mədəni mühitlərdən gələn tədqiqatçıların eyni elmi mühitdə çalışması stereotipləri aradan qaldırır, qarşılıqlı etimadı möhkəmləndirir və ortaq elmi dil formalaşdırır. Bu təmaslar, rəsmi diplomatik kanallarda tıxanmalar yaşandığı hallarda belə, elm vasitəsilə dialoq mühitini qoruyub saxlayan ən güclü "yumşaq güc" elementlərindən biridir.

Nəhayət, gənc alimlərin dəstəklənməsi bu prosesin davamlılığı baxımından ən strateji investisiyadır. Bu gün beynəlxalq tədqiqat şəbəkələrində bir araya gələn və birlikdə çalışan gənclər sabahın akademik liderləri, elm məsləhətçiləri və qərarvericiləri olacaqlar. Buna görə də bu dəstək yalnız bugünkü tədqiqat potensialını inkişaf etdirmir, həm də gələcəyin beynəlxalq əməkdaşlıq və etimad şəbəkələrinin indidən qurulmasına imkan yaradır.

Bu gün dünyada 10-24 yaş arasında 1,8 milyard insan yaşayır. Bu, bəşər tarixində ən böyük gənc nəsildir. Onların təxminən 90 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır və dünya əhalisinin böyük hissəsini təşkil edir. Hesablamalara görə, 2030-cu ilə qədər təxminən 1,9 milyard gənc 15 yaşına çatacaq.

Beynəlxalq ictimaiyyət qəbul edir ki, hər hansı cəmiyyətin inkişafında həlledici rol həmin cəmiyyətin gələcəyinin bağlı olduğu sağlam, harmonik inkişaf etmiş, enerjili, təşəbbüskar, müasir bilik və bacarıqlara malik çoxşaxəli gənc nəslə məxsusdur. Gənc əhali bir çox ölkə üçün qiymətli "demoqrafik dividend" hesab edilən mühüm demoqrafik dönüş nöqtəsinin astanasındadır.

Gənclik tükənməz yenilik, innovasiya, ideya və həll mənbəyidir. Buna görə də gəncləri qərarvermə proseslərinə əvvəlkindən daha çox cəlb etməliyik ki, onlar öz potensiallarını kəşf etmək, gələcək nəsillər üçün daha uyğun dünya yaratmaq imkanı və məsuliyyətinə sahib olan dəyişimin lokomotivinə çevrilə bilsinlər.

Unudulmamalıdır ki, hər bir yetkin fərd ictimai problemlərə yalnız tənqid obyekti kimi yanaşan "şikayət iradəsi" deyil, eyni zamanda "məsuliyyət iradəsi" daşıyıcısıdır. Bu, passiv mövqedən aktiv vətəndaşlıq şüuruna keçidi ifadə edir. Çünki hər bir yetkin fərd cəmiyyətin kollektiv iradəsinin ayrılmaz bir hissəsidir.

-Sizcə, elm və biliyin ölkələrin "yumşaq güc" elementi kimi istifadə olunmasının qarşısındakı ən böyük maneələr hansılardır? Şərq və Qərb ölkələrinin bu məsələyə yanaşmalarını necə müqayisə edərdiniz?

-Şərq və Qərbi şəkildə bir-birindən ayıraraq cavab verməkdənsə, mən bu suala başqa bir sualla yanaşmaq istərdim: Hansı ölkələr elmi biliklərindən qlobal miqyasda həqiqətən etimad, cazibə və əməkdaşlıq yarada biləcək şəkildə istifadə edə bilir?

Elm və bilik, əlbəttə ki, bəşəriyyətin ortaq dəyəridir. Lakin tarix bizə göstərir ki, zaman-zaman elmi, texnoloji və iqtisadi baxımdan güclü cəmiyyətlər digər cəmiyyətlər üzərində mədəni, ideoloji və siyasi təsirlərini ciddi şəkildə artırıblar. Hətta bəzən bunu o qədər uğurla ediblər ki, başqa cəmiyyətlərdə yaşayan insanlar öz mədəni reallıqlarından uzaqlaşaraq sanki virtual bir dünyanın parçası olduqlarını düşünməyə başlayıblar.

Məsələn, bir insan öz ölkəsində yaşayır, amma musiqisini başqa ölkədən dinləyir, seriallarını başqa ölkədən izləyir, həyat tərzini oradan öyrənir və sosial çevrəsini həmin mədəni kodlar üzərində qurur. Bir müddət sonra fiziki olaraq A ölkəsində yaşasa da, dini, ideoloji və ya şəxsi maraqları kimi səbəblərlə özünü yaxınlıq hiss etdiyi başqa bir ölkənin vətəndaşı kimi görməyə başlayır.

Amma sonra bir səhər... Məsələn, İraqda yaşayan bir insan bomba səsi ilə oyanır və bütün o illüziyanın fövqündə duran reallıqla yenidən üz-üzə qalır: "Mən İraqdayam".

Elm gerçəyin gözünə baxa bilmək cəsarətidir.

İndi isə sualımı yenidən təkrarlayım: Hansı ölkələr elmi biliklərindən qlobal miqyasda həqiqətən etimad, cazibə və əməkdaşlıq yarada biləcək şəkildə istifadə edə bilir?

-Son illərdə Azərbaycan ilə Türkiyə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığı elm diplomatiyası baxımından necə qiymətləndirirsiniz? 

-Düşünürəm ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər çox mühüm bir mərhələni geridə qoyub. İki ölkə arasındakı siyasi, iqtisadi və mədəni yaxınlığın artıq elm, təhsil və texnologiya sahələrinə daha güclü şəkildə əks olunmağa başlaması son dərəcə sevindiricidir. Xüsusilə universitetlər arasındakı əməkdaşlığın, ortaq tədqiqat mexanizmlərinin və texnologiya yönümlü təşəbbüslərin artması göstərir ki, münasibətlər mövcud nailiyyətlərdən başqa gələcəyin ortaq potensialını formalaşdıran bir mərhələyə keçib.

Türkiyə ilə Azərbaycan arasında elm, təhsil və texnologiya sahəsindəki əməkdaşlığı qiymətləndirərkən ilk növbədə anlayışın özünü düzgün formalaşdırmaq lazımdır. Elm diplomatiyası yalnız bir ölkənin malik olduğu biliyi digər ölkəyə ötürməsi demək deyil. Əsl dəyər iki ölkənin öz elmi potensialını, tədqiqat mədəniyyətini və insan resurslarını bir araya gətirərək yeni bilik istehsal etməsindədir.

Türkiyə və Azərbaycan bu baxımdan bir-birini çox güclü şəkildə tamamlayan iki elmi ekosistemə malikdir.

-Bu əməkdaşlıqda hansı elm sahələrini daha strateji hesab edirsiniz?

-Məncə, bunun ən mühüm istiqamətlərindən biri fundamental elmlərdir. Çünki bu gün süni intellektdən kosmik texnologiyalara, enerjidən biotexnologiyaya qədər danışdığımız bütün qabaqcıl texnologiyaların təməlində güclü fundamental elmlər dayanır. Fizika, riyaziyyat, kimya və biologiyaya kifayət qədər sərmayə qoymadan dayanıqlı texnologiya ekosistemi yaratmaq mümkün deyil.

Türkiyə ilə Azərbaycan arasında bunun nümunələri də mövcuddur. TÜBİTAK-ANAS əməkdaşlığı çərçivəsində daha əvvəl riyaziyyat, botanika və biofizika sahələrində ortaq layihələr dəstəklənib. Sonrakı çağırışlarda isə maqnit topoloji izolyatorlar, orqanokatalitik kimya kimi birbaşa fundamental elmlərlə bağlı tədqiqatlar da həyata keçirilib. Bu gün yeni ikitərəfli əməkdaşlıq mexanizmlərində hissəcik və nüvə fizikası, eksperimental fizika, hidrogen enerjisi, neft-kimya və biotexnologiya kimi sahələrin yer alması da mühüm əhəmiyyət daşıyır.

-Sizcə, növbəti mərhələdə Azərbaycan-Türkiyə elmi əməkdaşlığı hansı istiqamətdə inkişaf etməlidir?

-Məncə, növbəti mərhələdə bu işlərin layihə səviyyəsində qalmaması, ortaq tədqiqat qruplarına, ortaq laboratoriyalara və birgə doktorantura proqramlarına çevrilməsi lazımdır. Məsələn, bir türk və bir azərbaycanlı alimin üç il ərzində eyni layihədə işləməsindən daha irəli modeli düşünməliyik: eyni laboratoriyada çalışan, tələbələrini birlikdə yetişdirən, ortaq məlumat və tədqiqat infrastrukturundan istifadə edən və uzun illər birlikdə elm istehsal edən tədqiqat qrupları yaratmalıyıq.

-Azərbaycanın enerji sahəsindəki elmi potensialı bu əməkdaşlıqda hansı rolu oynaya bilər?

-Burada Azərbaycanın enerji sahəsindəki elmi potensialı xüsusilə əhəmiyyətlidir. Azərbaycanı yalnız neft və təbii qaz ehtiyatları ilə xarakterizə etmək böyük çatışmazlıq olardı. Neft-qaz sektoru eyni zamanda geologiya, geofizika, kimya, materialşünaslıq və mühəndislik sahələrində çox ciddi elmi baza formalaşdırıb. Buna görə də enerji sahəsində Azərbaycanın enerji və yer elmləri üzrə təcrübəsi ilə Türkiyənin müxtəlif tədqiqat, mühəndislik və sənaye imkanlarını birləşdirən ortaq araşdırmalar aparıla bilər.

Bərpa olunan enerji sahəsində də yanaşmamız belə olmalıdır. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması onun yeni enerji texnologiyalarına sərmayə qoymasını mənasız etmir. Əksinə, Azərbaycan mövcud enerji gücünü qorumaqla yanaşı, enerji portfelini də şaxələndirməyə çalışır. Bu gün Xəzərin külək potensialı, günəş enerjisi, hidroenerji, enerji saxlanması və regional elektrik bağlantıları Azərbaycanın qarşısında duran mühüm tədqiqat və texnologiya istiqamətləridir. Türkiyə ilə Azərbaycanın bu sahələrdə birlikdə çalışması iki ölkənin mövcud potensialını birləşdirən əsl bilik diplomatiyası nümunəsi ola bilər. Azərbaycanın 2035-ci ilədək 8 QVt bərpa olunan enerji gücü yaratmaq hədəfi və Türkiyəni də əhatə edən yaşıl enerji dəhlizləri bu transformasiyanın artıq regional xarakter aldığını göstərir.

-Təhsil və texnologiya sahəsində hansı istiqamətlər daha böyük imkanlar yaradır?

-Təhsil sahəsində Türkiyə-Azərbaycan Universiteti mühüm addımdır.

Texnologiya sahəsində isə süni intellekt, kibertəhlükəsizlik, kosmik texnologiyalar və biotexnologiya kimi istiqamətlərdə irəliləyiş çox vacibdir.

Süni intellekt və dil texnologiyaları həm də Türkiyə ilə Azərbaycanın mədəni ortaqlığını elmi üstünlüyə çevirə biləcəyi sahələrdən biridir. 2025-ci il TÜBİTAK-ANAS ortaq layihələri arasında Azərbaycan dili üçün SentiAzNet duyğu analizi məlumat bazasının hazırlanmasına yönəlmiş bir layihə də yer alır.

Mən, həmçinin Qarabağın yenidən qurulmasını yalnız tikinti məsələsi kimi görmürəm. Əziz şəhidlərimizin bizə əmanəti olan Qarabağ və Zəngəzur ağıllı şəhərsalma, su idarəçiliyi, kənd təsərrüfatı texnologiyaları, enerji sistemləri, ətraf mühit və dayanıqlılıq sahələrində ortaq elmi tədqiqatların tətbiq oluna biləcəyi mühüm məkan ola bilər. Burada əldə olunan bilik sonradan digər coğrafiyalar üçün də nümunə modelinə çevrilər.

Bu sualın cavabı təəssüf ki, qısa zamana sığmayacaq qədər genişdir.

Nəticə etibarilə, iki ölkənin bir-birinə təqdim edə biləcəyi dəyər yalnız Türkiyənin texnologiya potensialı və ya Azərbaycanın enerji resursları deyil. Hər iki ölkənin özünəməxsus ixtisaslaşma sahələri və elmi ənənələri var.

Məncə, elm diplomatiyasının əsl uğuru da məhz burada yatır: Türkiyənin Azərbaycana, Azərbaycanın Türkiyəyə sadəcə bilik ötürməsində deyil, iki ölkənin birlikdə üçüncü ölkələrin də istifadə edə biləcəyi yeni bilik istehsal etməsində.

-Azərbaycan, xüsusilə Qarabağın yenidən qurulması, rəqəmsal transformasiya və ali təhsil sahəsində həyata keçirdiyi işlərlə bilik diplomatiyası baxımından necə bir potensiala malikdir? Bu sahədə hansı addımlar prioritet olmalıdır?

-Məncə, Azərbaycan bilik diplomatiyası baxımından son dərəcə güclü və getdikcə yüksələn potensiala malikdir. Bunun əsas səbəbi ölkənin Şərqlə Qərb, Şimalla Cənub arasında strateji geosiyasi körpü olması ilə bərabər son illərdə elm, texnologiya, təhsil və rəqəmsal transformasiya sahələrində ortaya qoyduğu uzaqgörən yanaşmadır.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesində həyata keçirilən ağıllı şəhər və ağıllı kənd layihələri, yaşıl enerji layihələri, rəqəmsal infrastruktur və dayanıqlı inkişaf konsepsiyası Azərbaycana münaqişədən sonrakı yenidənqurma sahəsində dünyaya nümunə ola biləcək mühüm praktiki təcrübə qazandırır. Bu proses yalnız yeni şəhərlərin inşası demək deyil, ağıllı nəqliyyat sistemlərindən su idarəçiliyinə, bərpa olunan enerjidən rəqəmsal dövlət xidmətlərinə qədər çoxsaylı yeniliklərin eyni vaxtda tətbiq olunduğu kompleks inkişaf modeli ortaya qoyur.

Digər tərəfdən, ASAN Xidmət, e-Gov və SİMA kimi rəqəmsal dövlət xidmətləri Azərbaycanın rəqəmsal idarəetmə sahəsində regional miqyasda diqqət çəkən institusional potensiala doğru inkişaf etdiyini göstərir.

Ali təhsil sahəsində Qarabağ Universitetinin yaradılması, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması və Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf etdirilən ortaq təhsil təşəbbüsləri də Azərbaycanın Cənubi Qafqaz ilə Türk dünyası arasında elm və təhsil mərkəzinə çevrilmək hədəfini daha da gücləndirir.

Bundan əlavə, COP29-a ev sahibliyi etməsi ilə Azərbaycanın iqlim dəyişikliyi, yaşıl transformasiya və dayanıqlı inkişaf sahələrində beynəlxalq elmi əməkdaşlığı inkişaf etdirə biləcəyi yeni diplomatik platforma da formalaşıb.

Lakin mənim fikrimcə, növbəti mərhələdə bilik diplomatiyası yalnız elmi bilik mübadiləsi ilə məhdudlaşmamalıdır. Ölkələrin formalaşdırdıqları institusional təcrübələri beynəlxalq səviyyədə paylaşmaları da ən az bilik qədər dəyərli olacaq.

Mənə görə, gələcəyin bilik diplomatiyası yalnız bilik transferinə deyil, eyni zamanda yaddaş diplomatiyasına, yəni təcrübə transferinə əsaslanacaq.

Bundan əlavə, Azərbaycan sürətli qərar qəbul edən və informasiyanı operativ emal edən ağıllı dövlət ekosistemi formalaşdırmalıdır. Çünki istehsal olunan biliyi sürətlə dövlət siyasətinə və texnologiyaya çevirə bilmək ölkəyə regional inkişafda və qlobal rəqabətdə davamlı strateji üstünlük qazandıracaq.

-Süni intellekt, rəqəmsallaşma kimi yeni inkişaflar bilik diplomatiyasını necə dəyişdirir? Qarşıdakı illərdə bu sahədə hansı dəyişiklikləri gözləyirsiniz?

-Süni intellekt, rəqəmsallaşma və açıq elm bilik diplomatiyasının alətlərini, fəaliyyət mexanizmlərini köklü şəkildə dəyişdirir. Artıq bilik diplomatiyası yalnız alimlərin hərəkətliliyi ilə deyil, həm də məlumatlar, alqoritmlər, tədqiqat infrastrukturları və rəqəmsal platformalar vasitəsilə formalaşır. Lakin bu transformasiyanın ən mühüm tərəfi texnoloji deyil, düşüncə və etik aspektidir.

Süni intellekt biliyə çıxışı asanlaşdıra, təhlil proseslərini sürətləndirə və elmi araşdırmaları dəstəkləyə bilər. Lakin düşünmək, mühakimə yürütmək, tənqidi qiymətləndirmə aparmaq və elmi intuisiya əvəzolunmaz insani bacarıqlardır. Bilik diplomatiyasının gələcəyində əsas rəqabət süni intellektdən ən çox istifadə edən ölkələr arasında deyil, onu elmi təfəkkür və orijinal düşüncə ilə ən düzgün şəkildə istifadə edən ölkələr arasında baş verəcək.

Digər tərəfdən, süni intellekt dövrünün ən böyük risklərindən biri də bilik hegemonluğunun getdikcə dərinləşməsidir. Elmi məlumatların, böyük dil modellərinin, alqoritmlərin və yüksək hesablama gücünün müəyyən ölkələrin və qlobal texnologiya şirkətlərinin nəzarətində cəmlənməsi gələcəkdə bilik istehsalından daha çox, biliyə nəzarət gücünü həlledici amilə çevirə bilər.

Bu səbəbdən açıq elm yalnız tədqiqat nəticələrinin paylaşılması deyil, eyni zamanda biliyə ədalətli çıxışın, məlumat suverenliyinin, rəqəmsal bərabərliyin və elmi plüralizmin qorunması məsələsidir.

Qarşıdakı illərdə bilik diplomatiyasının əsas gündəliyi yalnız yeni texnologiyalar hazırlamaq deyil, həm də bu texnologiyaların necə idarə olunacağını, hansı etik prinsiplər çərçivəsində istifadə ediləcəyini və biliyə ədalətli çıxışın necə təmin olunacağını müəyyən edən beynəlxalq idarəetmə mexanizmlərinin formalaşdırılması olacaq.

Bu mövzuda American Association for the Advancement of Science(Amerika Elmin İnkişafı Assosiasiyası) və Birləşmiş Krallığın milli elm akademiyası olan Royal Society-nin (Kral Cəmiyyəti) elm diplomatiyasına dair dərc edilmiş hesabatda diqqətçəkən bir fikir yer alır. Onu xüsusilə bölüşmək istərdim:

"Bütün beynəlxalq əməkdaşlıqlar elm diplomatiyası deyil. Lakin elm və texnologiya sektorunun əməkdaşlığa yanaşmasında sadəlövhlük təsəvvürünün olmaması həyati əhəmiyyət daşıyır".

-İcazənizlə, bir qədər şəxsi sual vermək istərdim. Ailənizin böyüyü, Nobel mükafatı laureatı Əziz Sancar beynəlxalq elm dünyasına verdiyi töhfələr və Türk dünyasına göstərdiyi xüsusi önəmlə tanınır. Onun elmə baxışı və həyat fəlsəfəsi "Bilik Diplomatiyası" kitabınızdakı düşüncələrin formalaşmasında necə rol oynadı?

-Bu, mənim üçün ən çətin sualdır. Çünki nə yazsam da, natamam qalacaq. Əziz Sancar mənim üçün bütün titulların və mükafatların fövqündə duran möhtəşəm bir insan və ailə böyüyümdür. Ailəm isə Tanrının mənə bu dünyada bəxş etdiyi ən böyük hədiyyədir.

Ailəmin biliyə, təhsilə və intizama yanaşması ailə mühitimizdə məcburiyyət deyil, Vətən və millət sevgisi ilə yoğrulmuş, fədakarlıqla yaşanan təbii həyat tərzidir. Öyrəndiyim ən mühüm dərs isə sahib olduğun fürsəti ən şanssız göründüyün anlarda belə tapıb üzə çıxarmaq və onu cəmiyyətin xeyrinə istifadə etməkdir.

Qələmi ilk dəfə əlimə aldığım gün masamın üzərində türklərin Ergenekondan Çıxış tablosu var idi. Hətta bu, uşaqlıq dövrümə aid ilk çəkilmiş şəkillərdən birində də əks olunub.

İnsan həyatda qalmaq instinkti ilə həmişə mənfi tərəfləri görməyə meyillidir. Təəssüf ki, zaman keçdikcə bu hal bir çox cəmiyyətlərdə dərinləşərək öyrənilmiş çarəsizliyə çevrilib.

Ailəmin mənə göstərdiyi ən böyük təsir isə məhz bu öyrənilmiş çarəsizliyi kökündən dağıtmaq oldu. Elə Ergenekondan çıxışı təsvir edən o tabloda olduğu kimi, onlar mənə ən çətin şəraitdə belə mümkünsüz deyə bir anlayışın olmadığını, keçilməz görünən dağların yalnız sevgi, sarsılmaz intizam, çalışma əzmi və böyük həvəslə əridilə biləcəyini öyrətdilər.

Bundan başqa, bizə öyrədilən sarsılmaz bir həqiqət də var: Yetişdiyin millətə vəfa. 

Çünki həyat geridə qalanı bağışlamaz, amma geridə qoyanı da heç vaxt bağışlamaz.

Bu fürsətdən istifadə edərək can Azərbaycana, eyni kökdən gəldiyimiz torpaqlara və dünyanın dörd bir yanında yaşayan bütün qardaşlarımıza ən səmimi sevgi və dərin ehtiramımı çatdırıram.