Torğul İsmayıl: “Tramp Marşrutu” real layihə deyil, ABŞ-dən geosiyasi siqnaldır - MÜSAHİBƏ

"Vaşinqton nümayəndələrinin Bakı və İrəvana paralel səfərlərinə gəldikdə isə, bu tip diplomatik missiyalar adətən dərhal və fundamental nəticələr vermir"

ABŞ və Türkiyə arasındakı münasibətlərin strateji əhəmiyyəti yenidən aktuallaşıb. “Tramp Marşrutu” layihəsi bu əlaqələri daha da möhkəmləndirə bilər. Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Ukrayna və Özbəkistandakı sabiq səfiri və analitik Con Herbst Ermənistan mediasına açıqlamasında bildirib. Herbstin sözlərinə görə, Türkiyə ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda yaratmaq istədiyi nəqliyyat dəhlizində maraqlıdır və bu, region üçün geniş geosiyasi perspektivlər açır. O qeyd edib ki, Trampın həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz haqqında uzaqgörən baxışları var və Vaşinqton “Tramp Marşrutu”nu Mərkəzi Asiya ilə bağlamaq niyyətindədir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İrəvan və Bakıya səfəri də bu təşəbbüsün inkişafına töhfə verir.

Herbstin fikrincə, bu təşəbbüslər yalnız ABŞ və Türkiyə üçün deyil, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün strateji əhəmiyyət daşıyır, çünki bu bölgələr Rusiya, Çin və digər əsas aktorların sərhədlərində yerləşir.

Ankara Universitetinin professoru, siyasi şərhçi Torğul İsmayıl "Sherg.az"a müsahibəsində bildirib ki, Cənubi Qafqazda son günlər müzakirə olunan “Tramp marşrutu” anlayışı və ABŞ-nin regiona artan marağı yeni geosiyasi mərhələnin başlanğıcı kimi təqdim olunur. Analitik qeyd edib ki, burada emosional şərhlərdən daha çox siyasi siqnallar və strateji hesablamalar ön plandadır.

-Con Herbstin irəli sürdüyü “Tramp Marşrutu” real layihədir, yoxsa siyasi mesaj?

-ABŞ-nin sabiq diplomatı John E.Herbst tərəfindən səsləndirilən “Tramp marşrutu” ideyası hələlik konkret hüquqi, maliyyə və institusional çərçivəyə malik layihə deyil. Bu təşəbbüs daha çox Vaşinqtonun Cənubi Qafqazda fəal rol alma niyyətinin ifadəsi kimi qiymətləndirilə bilər. Layihənin texniki detalları və iqtisadi mexanizmləri açıqlanmadığı üçün onu real infrastruktur proqramından daha çox geosiyasi mesaj kimi dəyərləndirmək daha məqsədəuyğundur. Bununla belə, siyasi mesajların sonradan real təşəbbüslərə çevrildiyi hallar da az deyil.

-Türkiyənin bu layihədə maraqlı olması Ankara-Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

- Ankaranın bu təşəbbüsə maraq göstərməsi ayrıca diqqət tələb edir. Son illərdə Türkiyə ilə ABŞ arasında münasibətlərdalğalı xarakter daşıyıb. Suriya məsələsi, müdafiə sənayesi sahəsində yaranmış gərginliklər və regional prioritet fərqləri tərəflər arasında müəyyən fikir ayrılıqları yaradıb. Bununla belə, Cənubi Qafqaz hər iki ölkənin maraqlarının qismən uzlaşdığı nadir məkanlardan biridir. Türkiyə üçün əsas prioritet regional nəqliyyat dəhlizlərinin açılması və Türk dünyası ilə birbaşa quru əlaqəsinin təmin edilməsidir. ABŞ üçün isə əsas məqsəd Rusiyanın regiondakı təsir imkanlarını balanslaşdırmaqdır. Bu baxımdan, söhbət yeni strateji ittifaqdan deyil, praqmatik və funksional əməkdaşlıq mərhələsindən gedə bilər.

-Donald Trampın Cənubi Qafqaz təşəbbüsü regiondakı qüvvələr balansını necə dəyişə bilər?

-Məsələnin ən həssas tərəfi ABŞ-nin mümkün təşəbbüsünün regiondakı qüvvələr balansına təsiridir. Tramp administrasiyasının və ya ona yaxın siyasi çevrələrin Cənubi Qafqazla bağlı fəallıq nümayiş etdirməsi ilk növbədə Rusiya üçün yeni reallıq yarada bilər. Ukrayna müharibəsindən sonra Moskvanın regiondakı təsir imkanlarının zəiflədiyi müşahidə olunur. ABŞ-nin prosesə açıq şəkildə qoşulması Rusiyanın vasitəçilik monopoliyasını məhdudlaşdıra bilər. Bu isə öz növbəsində Azərbaycan üçün əlavə manevr imkanları yarada və ölkənin enerji və tranzit mərkəzi kimi rolunu daha da gücləndirə bilər.

-Yeni geosiyasi seçim imkanları Ermənistanın təhlükəsizlik arxitekturasında hansı real dəyişikliklər yarada bilər?

-Bəli, Ermənistan üçün də yeni geosiyasi seçim imkanları formalaşa bilər. Hətta Ermənistanın təhlükəsizlik və xarici siyasət istiqamətində Qərbə inteqrasiya xəttini gücləndirməsi ehtimalı arta bilər. Lakin bu proses regionun böyük güclər arasında yeni rəqabət meydanına çevrilməsi riskini də artırır. Əgər təşəbbüs inklüziv və balanslı təhlükəsizlik modelinə əsaslanmazsa, sabitlik əvəzinə yeni geosiyasi xəttlərin formalaşması mümkündür.

-Vensin Bakı və İrəvan səfəri konkret nəticə verəcəkmi?

-Vaşinqton nümayəndələrinin Bakı və İrəvana paralel səfərlərinə gəldikdə isə, bu tip diplomatik missiyalar adətən dərhal və fundamental nəticələr vermir. Onların əsas məqsədi tərəflərin mövqelərini dəqiqləşdirmək, danışıqlar prosesinin dayanmasının qarşısını almaq və vasitəçinin rolunu möhkəmləndirməkdir. Əgər səfərlər konkret yol xəritəsi, zaman cədvəli və ya texniki mexanizmlərlə müşayiət olunarsa, bu artıq praktik nəticə kimi qiymətləndirilə bilər. Əks halda, proses siyasi mesaj və diplomatik təmas səviyyəsində qalacaq.

-“Tramp Marşrutu” Cənubi Qafqazda necə reallaşa bilər?

-Ümumilikdə, “Tramp marşrutu” anlayışı və ABŞ-nin Cənubi Qafqaz fəallığı hazırda daha çox geosiyasi boşluğu doldurma təşəbbüsü təsiri bağışlayır. Onun real və davamlı layihəyə çevrilməsi isə region ölkələrinin siyasi iradəsindən, Türkiyə-ABŞ koordinasiyasının dərinliyindən və Rusiyanın reaksiyasının xarakterindən asılı olacaq. Cənubi Qafqazın qarşıdurma məkanı deyil, əməkdaşlıq platformasına çevrilməsi isə məhz bu amillərin necə uzlaşacağından asılıdır.